ADP İŞĞALLA ƏLAQƏDAR BƏYANAT VERDİ

28.04.2014

Bu gün ADP Idarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti 28 aprel 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının Rusiya tərəfindən işğal olunmasının ildönümü ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda deyilir:
***“1920-ci il aprelin 28-də şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal edildi.
Rusiya İmperiyası ölkəmizi işğal altında saxladığı 70 il ərzində Azərbaycan Respublikasını beynəlxalq aləmdən təcrid etdi və bu illər ərzində xalqımız çox ciddi maddi və mənəvi itkilərə məruz qoyuldu. Müstəqillik daşıyıcıları, ADR-in rəhbər şəxsləri kütləvi şəkildə məhv edildi. Kolxozlaşma dövründə on minlərlə həmvətənimiz qolçomaq adı ilə güllələndi və ailələri ilə birlikdə sürgün edildi, insanların var-dövləti zorla əlindən alındı, aclığa məhkum olundular. Stalin repressiyaları zamanı 100 minədək azərbaycanlı - arasında ölkənin ən qüdrətli, istedadlı, vətənpərvər ziyalıları olmaqla günahsız olaraq həbs edildi, öldürüldü və sürgünlərə məruz qoyuldular. 1933-cü ildən başlayaraq yüzminlərlə azərbaycanlı tarixi torpaqlarından, qərbi Azərbaycandan deportasiya edildi. Xalqımızın dini inancları təhqir edildi, məscidlər dağıdıldı, dini kitablar yandırıldı, din xadimləri kütləvi şəkildə qətl edildi. Minillərlə gələn milli adət-ənənələrimizin unutdurulması siyasəti həyata keçirildi. 2-ci dünya müharibəsi zamanı yüz mindən artıq həmvətənimiz bilavasitə Moskva hakimiyyətinin imperiya ambisiyalarına qurban verildi. 1946-cı ildə Sovet hökuməti bəzi ölkələrlə birləşib Cənubi Azərbaycanda həmvətənlərimizin kütləvi qırğınına səbəb oldu. 70 il ərzində Azərbaycanın bütün yeraltı və yerüstü sərvətləri əvəzsiz olaraq talandı, əvəzində Rusiya və digər qonşu ölkələrlə müqayisədə xalqımız yoxsulluq şəraitində yaşamağa məhkum edildi. Sovet hakimiyyəti pərdəsi altında rəsmi Moskva Azərbaycana və Azərbaycan xalqına qarşı müstəmləkə siyasətini həmişə davam etdirdi, ölkəmizdə ermənilərin və rusların üstün mövqeyə gəlməsinə xüsusi diqqət ayırdı, yüzminlərlə həmvətənimizin Vətənlərindən didərgin salmağa nail oldu. 

Nəhayət dağılmaqda olan Sovet Rus imperiyası ötən əsrin sonlarında Bakıda 20 yanvar qırğınını törətməklə, günahsız dinc insanları hərbi basqın nəticəsində vəhşicəsinə öldürməklə özünün qəddar imperiya olduğunu açıq şəkildə biruzə verdi. Daimi müttəfiqi olan Ermənistana hərbi və digər sahələrdə dəstək verməklə, Qafqazda çaxnaşma və qeyri stabillik yaratmağa nail olan Rusiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərini hələ də işğal altında saxlamaqdadır.
ADP İdarə Heyəti Azərbaycan xalqını özünün müstəmləkəçilik tarixindən dərs götürməyə, Rusiya hakimiyyətinin müxtəlif vaxtlarda ona qarşı törətdiyi tarixi cinayətləri unutmamağa, istiqlalmızın qorunması uğrunda hər cür fədakar mübarizəyə hazır olmağa çağırır.” 

***Toplantı iştirakçıları daha sonra, Ukrayna hadisələrinə münasibət bildirib və Rusiyanın Ukrayna ilə bağlı işğalçı və təcavüzkar siyasətinin daha kobud şəkildə davam etdirməsindən, Cenevrə danışıqlarının nəticələrinə məhəl qoymadan adı çəkilən ölkənin Ukraynanın müstəqilliyi və suverenliyinə qarşı imperialist iddialarda bulunmasından ciddi narahat olduğunu qeyd edib və bu hərəkətlərin nəinki Ukrayna və MDB məkanına daxil olan dövlətlər üçün, eləcə də bütün dünyada sülhün və təhlükəsizliiin pozulmasına yönələn bir hərəkət olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti Rusiya seperatçı qüvvələri tərəfindən əsir alınmış Ukrayana hərbiçilərinə qarşı işgəncə verilməsi faktını hərbi cinayəıt kimi dəyərləndirib və bunun beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etdiyini qeyd etməklə dünya dövlətlərini Rusiyanın işğalçılıq hərəkətlərinə görə onun BMT-də işğalçı dövlət kimi tanımasına çağırıb.
İdarə Heyəti Azərbaycanın Avropa ilə Şərq tərəfdaşlığı çərçivəsində Praqada keçirilən sammitində yüksək səviyyədə təmsil olunmasını təqdir edib və hakimiyyəti  ölkəmizin hərtərəfli inkişafına təminat  verən AB və NATO-ya inteqrasiya istiqamətində səylərini daha da artırmağa çağırıb.
İdarə Heyəti hesablama palatasının ayrı-ayrı nazirliklərdə apardığı yoxlamalar nəticəsində korrupsiya faktlarının aşkarlanması faktınını cəmiyyətə çatdırılmasını təqdir edib, eyni zamanda bu yoxlamaların təkcə kiçik korrupsiya faktlarının deyil dövlət vəsaitinin küllü miqdarda dağıdılmasına və dövlətin iqtisadi rıçaqlarını sarsırtmağa yönələn daha böyük korrupsiya faktlarının açılmasına xidmət etməsinin zəruriliyini diqqətə çatdırıb və hüquq mühafizə orqanlarını korrupsiya faktlarında adı keçən şəxs və təşkilatlar baradə ciddi tədbirlər görməyə çağırıb.
İdarə Heyəti qeyri qanuni həbs edilən Nida-çı gənclərin aclığa başlmasından narahat olduğunu bildirib və hakimiyyəti həbs olunan gənclərin azadlğıa buraxılması üçün təcili addımlar atmağa, gəncləri isə aclığı dayandıraraq mübarizənin başqa formalarından istifadə etməyə çağırıb.

Printer »»»