QARABAĞ BLOKUNUN HƏFTƏ ƏRZİNDƏKİ HADİSƏLƏRƏ MÜNASİBƏTİ AYDINLAŞDI

30.04.2014

Bu gün ADP Mərkəzi Qərargahında Qarabağ Blokunun iclası keçirilib. Blok iştirakçıları Sülh və demokratiya institunun rəhbəri, tanınmış insan haqları müdafiəçisi Leyla Yunusun saxlanılaraq istintaqa cəlb edilməsi ilə bağlı məsələyə münasibət bildirib və polis əməkdaşlarının ona qarşı tətbiq edilən qeyri-qanuni hərəkətlərini, Cinayət Prosesual Məcəlləsinə və Konstitusiyanın insan haqları ilə bağlı tələblərinə zidd davranışlarını qətiyyətlə pisləyib, bu cür hərəkətlərin ölkə qanunları və beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.

Blok iştirakçıları L.Yunusun istintaqa cəlb edilməsi faktının arxasında onun ölkədə siyasi məhbus problemi ilə bağlı hakimiyyətdən fərqli və prinsipial mövqe sərgiləməsinin, Qarabağ münaqişəsinin həllində xalq diplomatiyasının aktiv tərəfdarı olmasının durduğunu bildirib və hakimiyyətin ona qarşı təzyiqlərini vətəndaş cəmiyyəti institutlarına qarşı olan repressiya, insan hüquq və azadlıqlarına aqressiv münasibət kimi dəyərləndirib.
Blok iştirakçıları  Rusiya dövlət Dumasında keçmiş SSRİ vətəndaşı olmuş hər bir kəsə vətəndaşlıq hüququnun verilməsi ilə bağlı qəbul edilən qərardan sonra Quba və Xaçmaz rayonlarında bir sıra vətəndaşların Rusiya pasportu almaq cəhdləri ilə əlaqədar mətbuatda gedən informasiyadan ciddi narahat olduğunu bildirib və bu faktın arxasında xarici ölkələrdə yaşayan Rusiya vətəndaşlarının hüquqlarının pozulması adı altında Rusiyanın həmin ölkələrə intervensiya siyasətinin durduğunu bir daha diqqətə çatdırıb və hakimiyyəti, hər hansı Azərbaycan vətəndaşının Rusiya vətəndaşlığını qəbul edəcəyi təqdirdə onları vətəndaşlıqdan məhrum etməyə  çağırıb.
Blok iştirakçıları Naxçıvan MR-nın Sədərək rayonunda məktəblərin birinə direktor təyinatına etiraz edən müəllimlərin həbs edilməsi və bir neçə müəllimin işdən azad edilməsi faktından ciddi narahat olduğunu bildirib və bu faktı vətəndaşların dövlətin və cəmiyyətin idarə olunmasında Konstitusiya ilə onlara şamil edilən hüquqlarının pozulması, müqəddəs müəllim peşəsinin daşıyıcıları olan insanların mənlik hisslərinin aşağılanması kimi dəyərləndirib və təhsil nazirini baş verən hadisəyə dərhal adekvat reaksiya verməyə, müəllimlərin hüquqlarının müdafiəsinə qalxmağa çağırıb.
Blok iştirakçıları Azərbaycanın Avropa ilə Şərq tərəfdaşlığı çərçivəsində Praqada keçirilən sammitində yüksək səviyyədə təmsil olunmasını təqdir edib və hakimiyyəti  ölkəmizin hərtərəfli inkişafına təminat  verən AB və NATO-ya inteqrasiya istiqamətində səylərini daha da artırmağa çağırıb.
Blok iştirakçıları beş il bundan əvvəl ADNA-da baş verən və çoxsaylı insan tələfatına yol açan dəhşətli terroru xatırlayaraq, bu hadisənin xalqımızın qəlbində dərin yaralar açdığını, bu və buna bənzər digər terror hadisələrinin insanlarımızda mənəvi-psixoloji narahatlıqlar  yaratdığını diqqətə çəkib, hakimiyyyəti bu cür terror hadisələrindən nəticə çıxarmağa, terrorla mübarizənin daha effektli yollarını aramağa çağırıb, eyni zamanda bu terror hadisəsində həlak olanların valideynlərinə bir daha dərin hüznlə baş sağlığı ünvanlayıb.
Blokun iclasında bəzi blokdaxili məsələlər ətrafında da müzakirələr aparılıb və müvafiq qərarlar verilib.

Printer »»»