Azərbaycanda “5-ci kalon”

25.04.2014

Proqnozlaşdırıldığı kimi Qlobal iqtisadi böhran Yaxın Şərqdən sonra keçmiş SSRİ məkanında artıq siyasi böhran yaratmağa başlamışdır. Bütün böhranlar üçün xarakterik olan gizli güclərin leqallaşması, maskaların cırılması,maraqların açıq-aşkar ifadə edilməsi  Azərbaycanda “5-ci kalon” problemini tam çılpaqlığı ilə ortaya çıxarmışdır.
20 illik müstəqilik dövründə Azərbaycanda “5-ci kalon” necə qorunub-saxlanmış və bu gün təhdidedici gücə çevrilmişdir? Kimlər “5-ci kalonu” təşkil edir? Bu məqalədə qısa da olsa, bu məsələyə aydınlıq gətirmək istərdik.
“5-ci kalon” adı altında Rusiya dövlətinin (rus xalqının yox) Azərbaycanda siyasi maraqlarının (iqtisadi, mədəni  maraqlarının yox) təmin edilməsində maraqli olan qüvvələr nəzərdə tutulur. Bu kalona birbaşa millyyətcə rus olanlar, eləcə də rus olmayan, amma rus dövləti ilə bu və ya başqa şəkildə əlaqələri olan azərbaycanlılar daxildir.
“5-ci kalon”un nümayəndələri həm hakimiyyətdə, həm müxalifətdə, həm də sosial qruplar arasında özlərinə yer tapıb.
Hakimiyyətdəki “5-ci kalon”cular həm parlamentdə aşkar (Eldar İbrahimov, Mixail Zabelin, Sabir Haciyev və s. kimi açıq mövqe nümayiş etdirənlər) və gizli (əlverişli vəziyyətdə mövqe ortalığa qoyacaq deputatlar) təmsil olunur, həm icra hakimiyyətində - nazirliklərdə və Prezident Aparatında təmsil olunanlar sırasında, həm də hüquq-mühafizə orqanlarında, orduda özlərinə yer tutublar. Uzun illər Azərbaycanda baş nazirin müavini postunu tutmuş Abbas Abbasov hakimiyyətdə təmsil olunan “5-ci kalon”un klassik nümayəndələrindən biri idi. Bu gün o, Rusiyanın Krımı işğalına haqq qazandıranların cərgəsindədir. Qarabağın işğalında Azərbaycanın Müdafiə Nazirliyinin bəzi yüksək rütbəli məmurlarının mənfi rolu hamıya məlumdur.
Azərbaycanın Qərbə inteqrasiyasi və demokratikləşməsində də ən böyük mane məhz Rusiya və onun Azərbaycanda təşkil etdiyi “5-ci kalon”dur. Przeident seçkiləri ərəfəsində ideyası və ssenarisi Rusiyada hazırlanan və rəsmi rus hakimiyyətinin nümayəndələri tərəfindən açıq şəkildə dəstəklənən “Milli Şura” yaradanların fəaliyyəti göstərdi ki, vəziyyətdən asılı olaraq  müxalifətdə də “5-ci kalon”a qoşulacaq insanlar az deyil…
Bu gün Rusiya-Ukrayna münaqişəsini işıqlandıran yerli KİV-lərə nəzər salsaq çox aydın görünər ki, Azərbaycanda “5-ci kalon”un çoxsaylı təmsilçiləri televiziyada, qəzetlərdə və saytlarda da aktiv fəaliyyət göstərir. Bu cəbhənin KİV nümayəndələri Ukraynada baş verən hadisələri Rusiyanın maraqlarına uyğun şəhr edir, Ukraynanın yeni rəhbərliyi haqqında qara piyar kampaniyası aparır, Rusiyanın hərəkətlərinə haqq qazandırır və nəhayət Azərbaycan oxucusuna dezinformasiya verirlər. Buna paralel Ukraynanı təkləmək istiqamətində Azərbaycan dövləti və xalqının qorxu altında saxlanmasına cəhd edirlər.
Bir çox qeyri-dövlət təşkilatları da “5-ci kalon”un mövqeyində durmaqdadır.
“5-ci kalon”un sıralarında həm də apologiyaya məruz qalmış azsaylı xalqların nümayəndələri yer tutur.
“5-ci kalon”un başlıca təhlükəsini bu kalonu təşkil edənlərin sayında və imkanlarında yox, çoxunluq təşkil edən vətəndaşlarımızın istiqlalçılıq məfkurəsinin zəifliyində, siyasi passivliyində, savadsızlığında və stereotiplərində axtarmaq lazımdır.
İstər-istəməz sual dogur: 200 ildən artıq müstəmləkəçi rejimdə yaşayan, istər Çar, istər Sovet Rusiyasının  Azərbaycanla bağlı apardığı deportasiya, genosid, aparteid, istismar, işğal, ilhaq və seperatizm siyasətinə məruz qalmış, ərazilərini itirmiş, milyonlarla nümayəndəsini qurban vermiş, tarixi inkişafı ləngidilmiş, mədəniyyəti, dini, dili, bir sözlə milli kimliyi unutdurulmağa cəhd edilmiş, parçalanmış bir xalqın içərisindən necə olur ki, yenə də öz keçmiş ağalarının müdafiəsinə çevrilənlər tapılır?
“5-ci kalon”un mövcudluğunun obyektiv və subyektiv səbəbləri vardır.
Obyektiv səbəblərin başında stereotip problem gəlir. Musa Peyğəmbər uzun illər Misir fironlarının əsarətində olmuş yəhudiləri qırx il çöldə gəzdirdikdən sonra onların arasından bəzilərini yenidən fironların əsarətində yaşamağa meyl etdikləri göstərir ki, stereotiplər həm də genetik əsasa malikdir. Bəzi kölə valideynlərin övladları da kölə kimi doğulur. Nəsil və siyasi vəziyyət dəyişsə də adamlarda özünüdərk dəyişmir.
Digər obyektiv səbəb mədəni mənsubluqdur. Təcrübə göstərir ki, insanlar təhsil aldıqları ölkəyə, formalaşdıqları mədəni mühitə daha çox yaxındırlar, nəinki milli kimliklərinə. Əsrin əvvələrində rus təhsili ziyalılarımızın Rusiyanın, Qərb və türk təhsilli ziyalılarımızın isə bunun əksinə müstəqillik tərəfdarı olması bunu bir daha sübut edir.
Obyektiv səbəblərə həm də sosial kodlaşdırma aiddir. Hər bir siyasi rejim tabeçiliyində olan insanlardan gözlədiyi hərəkətlərə uyğun sosial kodlaşdırma siyasəti aparır. Müstəqil Azərbaycanda milli sosial kodlaşdırma siyasəti həyata keçirilmədiyindən, rus sovet kodları insanları düşüncədə “5 ci kalon”un sıralarına itələyir.
Obyektiv səbəblərə həm də iqtisadi maraqlar aiddir. Vaxtilə Lenin deyirdi ki, kapitalizmə xas olan lənətə gəlmiş maddi maraq prinsipi sosializm üçün də keçərlidir. Əlavə edək ki, lənətlənmiş prinsip həm də milli dövlətçilik üçün  də xarakterikdir. Politologiyadan məlumdur ki, kasıb ölkələrin vətəndaşları xarici ölkələrin mənafeyinə muzdlu xidmət etməkdə maraqlı olurlar. Bu gün öz dövlətinin əleyhinə işləyənlər arasında riyazi analiz aparsaq görərik ki, xarici dövlətlərə xidmət edən kasıb ölkələrin vətəndaşları varlı ölkələrin vətəndaşlarından sayca yüz dəfələrlə çoxdur. İqtisadi maraq prinsipi yalnız kasıb təbəqələrdən yox, həm də Rusiya ilə işbaz əlaqəsi olan, və Rusiyaya görə varlanan varlıların sırasından da çoxlu sayda insanı “5 ci kalon”a qoşulmağa vadar edir. “Milyarderlər İttifaqı”na qoşulan azərbaycanlılar Azərbaycanın yox, Rusiyanın maraqlarını müdafə edirlər.
“5-ci kalon”a güc qatan obyektiv səbəblərdən biri də qarışıq ailə problemidir. Ermənistanla münaqişə təcrübəsi göstərdi ki, qarışıq ailələrin nümayəndələri münaqişəli vəziyyətdə milli maraqlara ya neytral qalır, ya da bir çox hallarda milli maraqlara zidd mövqe tuturlar.
“5-ci kalon”un formalaşmasının subyektiv səbəblərinin ən başlıcası hakimiyyətin və müxalifətin apardığı ideoloji -siyasi təbliğatla bağlıdır.
Məlumdur ki, uzun illərdir rəsmi hakimiyyət təbliğatında Qərbin kəskin tənqidi fövqündə Rusiya ilə bağlı ya tərif, ya susqunluq hakimdir. Hakimiyyət rusların Azərbaycan xalqına və dövlətçiliyinə “Gülüstan” müqaviləsindən bu günə kimi vurduğu zərbələrlə bağlı heç bir ciddi təbliğat aparmayıb. Xalqa izahat işi aparılmayıb. Tarixi yaddaş oyandırılmayıb. Xalqda tarixi düşüncə, tarix hissi formalaşdırılmayıb.
Bu gün “5-ci kalon”a qoşulması risk təşkil edən Azərbaycanın azsaylı xalqlarının düzgün vətəndaş mövqeyi tutmaları üçün də bu təbliğat xüsusi önəm daşıyır. Bu gün Azərbaycan xalqının böyük əksəriyyəti, o cümlədən etnik azlıq təşkil edən vətəndaşlarımız bilmir ki,  istər Çar, istər Sovet Rusiyası dövründə Azərbaycanda rus əsarətinə qarşı onlarla xalq üsyanı olub və diqqətəlayiq olan budur ki, bu üsyanların ən böyüklərini məhz Azərbaycanın etnik azlıqları – talışlar, avarlar, ləzgilər  qaldırıb. Lənkaran, Car-Balakən və Quba xalq üsyanları buna tipik nümunədir. Azərbaycanda türklərlə yalnız dil fərqliliyi təşkil edən etnik azlıqlar ruslarla dil, mədəniyyət  və həm də din fərqi təşkil etdiklərini nəzərə alaraq, həmişə ruslara (kafirlərə) qarşı Azərbaycan uğrunda Azərbaycan türkləri ilə çiyin-çiyinə mübarizə aparıblar. Əsrin əvvələrində Rusiyanın dəstəyi ilə erməni genosidi ilə müşayət olunan müharibənin erməni-müsəlman davası  kimi tarixə düşməsi də məhz bununla bağlı olmuşdur və həmin genosid qurbanları sırasında Azərbaycan türkləri ilə  yanaşı kürdlər, talışlar, ləzgilər, avarlar çoxluq təşkil etmişdir.
Rusların Azərbaycanı işağal etməsi, Azərbaycan xalqını parçalaması, Şimali Azərbaycan ərazisində erməni dövləti yaratması, Qarabağda seperatizmə təkan verməsi, ərazilərimizi Gürcüstana verməsi və öz torpaqlarına qatması xalqa xatırlanmır. 1946-ci il sovet avantürası nəticəsində Cənubda yüzminlərlə həmvətənlimizin qırılmasının da günahı ingilis və fransızlarla işbirliyinə girmiş rus dövləti olmuşdur. 20 yanvar qırğını gözlərimizin qarşısında baş versə də bu gün yaddaşlardan silinməkdədir. Azərbaycan xalqı hər ilə Şəhidlər Xiyabanını ziyarət etsə də sanki bizim balalarımızı şəhid edənlərin kimliyinin fərqinə vara bilmir.
Azərbaycanda, eləcə də bu gün Qusar rayonunu Rusiyaya birləşdirməyə çağrış edən Dağıstanda yaşayan ləzgilər bilmir ki, Dağıstanın özü tarixən həmişə Azərbaycanın  ərazisi kimi onun tərkibində olub,1962-ci ilə kimi Dağıstanda rəsmi ümumi danışıq dili Azərbaycan türkcəsi, təhsil Azərbaycan dilində olub və Dağıstana rəhbərlər Moskvadan yox, Bakıdan təyin olunublar(məs.Əziz Əliyev). Hətta Dağıstanın paytaxtının adının, Mahacqalanın türk dilində olması, Dağıstan dindarlarının bu gün də Azərbaycanın dini qurumuna tabe olması Dağıstanın hansı dövlətə aid olduğunu daha dəqiq göstərir…
Azərbaycan müstəqilik əldə etdikdən sonra hakimiyyətin  çar və sovet Rusiyasının varisi kimi Rusiya Federasiyasının xalqımıza qarşı apardığı genosid, aperteid və deportasiya siyasətinə görə beynəlxalq məhkəməyə verilməməsi də çox ciddi yanlışlıq hesab edilməlidir.
Azərbaycanın bəzi müxalifət nümayəndələrinin də Rusiya ilə bağlı siyasəti hakimiyyətin siyasətindən kəskin fərqlənmir. “İndiki hakimiyyət Azərbaycan üçün Rusiya təhlükəsindən daha böyük təhlükədir” kimi bəyanatla çıxış edən müxalifət özü istəməsə də, əslində “5-ci kalon”un ön cərgəsində yer tutur. Unutmaq olmaz ki, Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyətə gəlməyi düşünmək belə vətənə və millətə xəyanətdən başqa bir şey deyil. Çünkü tariximizdə Rusiyanın dəstəyi ilə hakimiyyətə gələnlərin  (Qarabağ və İrəvan xanının, Azərbaycan kommunistlərinin və s.) acı şəxsi taleyini bir yana qoysaq, həmin hakimiyyətlərin Azərbaycana nə qədər böyük zərbələr vurduğu aydın bir faktdır.
Rusiya ilə bağlı siyasətə “Rusiya güclüdür“, “Rusiyada iki milyon həmvətənimiz yaşayır, onları nəzərə almaq lazımdır” və s. kimi bəhanələrlə haqq qazandırmaq olmaz. Unutmaq olmaz ki, bütün tarix boyu insanlar vətənləri üçün qurban gedb, vətəni insanlara heç kəs qurban verməyib ki,  biz də Rusiyada yaşayan həmvətənlərimizə görə vətənimizi qurban verək. Ruslar güclüdür, amma çeçenlər sübut etdi ki ,Rusiyanın gücü azsaylı millətin inadlı və əqidəli müqaviməti qarşısında heç nədir.
Biz bu qısa məqaləni yazmaqla rus xalqının, Rusiya-Azərbaycan dövlətləri arasında qarşılıqlı faydalı əməkdaşlığın əleyhinə deyilik. Əsrin əvvvəllərində də rus məsələsi bu cür aktuallaşanda Məmmədəmin Rəsulzadə  demişdir: “Biz rus xalqının yox, təkcə bizi yox, həm də böyük rus xalqını əsarətdə saxlayan rus hakimiyyətinin əleyhinəyik.” O hakimiyyət ki, nəinki uzun illər işğal və istismar altında saxladığı xalqlara zülm edib, eyni zamanda rus xalqına da böyük zərbələr vurub. Bunu nəzərə alaraq biz, işğalçılıq siyasəti aparanlarla yox, Rusiyanın qabaqcıl, demokratik məfkurəli vətəndaşları ilə həmrəy olmalıyıq. Necə ki, bu gün Rusiyanın özündə ziyalılar, jurnalistlər, siyasətçilər, deputatlar rəsmi Moskvanın işğalçılıq siyasəti ilə barışmır və bu siyasəti lənətləyir. Məhz bu cür mövqe nümayiş etdirməklə “5-ci kalon”un sıralarından ayrıla bilərik.
Printer »»»