YAP kommunist partiyasının strukturundan faydalanır

08.11.2013

 “Dialoq üçün bütöv bir komissiyanın yaradılması vacib deyil”
YAP-ın İdarə Heyətinin dünən keçirilən toplantısında yeni komissiyalar yaradılıb ki, bunlardan da biri Partiyalararası əlaqələr və dialoq komissiyasıdır. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbər təyin edildiyi komissiyanın başlıca missiyası adından da göründüyü kimi, partiyalarası əlaqə və dialoqu təmin etmək olacaq. Lakin əksər müxalif siyasilər hesab edir ki, YAP-ın digər partiyalarla dialoq qurması üçün heç də komissiya yaratmasına ehtiyac yox idi və əgər hakim partiyanın belə bir istəyi olsaydı, həmin istək bu günə qədər özünü hiss etdirərdi.
Bununla bağlı Moderator.az saytına açıqlama verən ADP sədri Sərdar Cəlaloğu da belə bir komissiyanın yaradılmasına lüzum görmədiyini qeyd etdi: “Əslində hər bir partiyada, o cümlədən ADP-də partiyalararası əlaqə və dialoqu təmin etmək üçün müavin postu mövcuddur. Bu məsələ ilə məşğul olmaq üçün bir şəxs ayırmaq kifayətdir. Bu, vəzifə bölgüsü aparmaq və bir məsələ ilə bir çox şəxsin məşğul olmasının qarşısını almaq baxımından da əhəmiyyətlidir. Lakin YAP bu məsələ üçün bütöv bir komisiya ayırmağı lazım bilib. Görünür, YAP hələ də kommunist partiyasının strukturundan faydalanır”.

Printer »»»