Mən hesab edirəm ki, Müsavat partiyası başqanlığına ən layiqli namizəd elə İsa bəydir.

04.11.2013

Son günlər cəmiyyətdə Müsavat başqanı İsa Qəmbərin partiya sədrliyindən gedəcəyinə dair informasiyalar dolaşmaqdadır. Maraqlıdır, İsa Qəmbər başqanlıqdan gedəcəyi halda onu partiyada layiqli əvəz edə biləcək şəxs varmı? ADP sədri Sərdar Cəlaloğlu Müsavat partiyasının nizamnaməsində dəyişiklik edərək İsa Qəmbəri yenidən başqan seçməyi məqsədəuyğun addım adlandırdı: “Demokratiyanın beşiyi sayılan ABŞ-da Ruzvelt 4 dəfə prezident seçilib. ABŞ ictimaiyyəti ölkələrini müharibə zamanı idarə edən bu şəxsə həmin dövrdə etibar etmişdi. Nəzərə alaq ki, Azərbaycanın  konstitusiyası da dəyişdirildi və İlham Əliyev 3-cü dəfə prezident oldu.
Biz formal demokratik prinsiplərə əməl edərək həqiqi demokratik prinsiplərə zərbə vurmamalıyıq. Mən hesab edirəm ki, Müsavat partiyası başqanlığına ən layiqli namizəd elə İsa bəydir. Düzdür partiyada yetərincə idarəçilik qabiliyyəti olan insanlar olsa da, İsa Qənbəri əvəz edəcək şəxs görünmür. Hesab edirəm ki, partiyanın nizamnaməsindəki bu maddənin tətbiqi dayandırılmalı və İsa Qəmbər Növbəti 5 il də bu partiyaya rəhbərlik etməlidir.  Bəzilər deyir ki, müxalifətdə niyə dəyişiklik olmur? Dəyişikliklərin olması üçün gərək iqtidarda da dəyişikliklər olsun. İqtidar dəyişmirsə müxalifətdə baş verəcək dəyişiklik cəmiyyətə heç bir xeyir verməyəcək”.

Printer »»»