“Səməd Vurğunun əvəzinə Qacarın heykəlini qoymaq lazımdır“

09.11.2013
"Beş qardaşıq, dördümüz internat uşağı olmuşuq"
"Brifinq" adlı yeni layihəyə start veririk. Layihədə tanınmış siyasətçilər, yazıçılar, musiqi adamları "Gündəlik Teleqraf" qəzetinin əməkdaşları üçün xüsusi brifinq keçirərək onların suallarını cavablandıracaq. İlk qonağımız Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğludur. 
Vədələşdiyimiz vaxtda, düz 12:00-da redaksiyamıza təşrif buyuran qonağımızı çaya dəvət edib, suallar ünvanlamağa başladıq. Fəlsəfə ilə məşğul olan S. Cəlaloğlunun sualları dolğun cavablandırmaq adəti olduğunu çox jurnalist bilir.
Redaksiyamızın müxtəlif sahələrdən yazan müxbirləri sahələrinə uyğun sualları özləri üçün yəqinləşdirmişdilər. Amma Sərdar bəyin sözünü kəsib ona sual ünvanlamaq müşkül məsələyə çevrildi. Xülasə, ADP sədrinin siyasət, ədəbiyyat, mədəniyyət sahələrindən yazan "Teleqrafçı" müxbirlərin suallarına cavablarını təqdim edirik. İlk sualı isə "Brifinq"in bu dəfəki buraxılışının müəllifi - mən Nərgiz Ehlamqızı verir.
N. Ehlamqızı: Sərdar bəy, ixtisasca həkim olduğunuz məlumdur. Hətta ADP-də olanların əksəriyyəti həkimdir. Amma nədənsə tibbi yox, siyasəti seçmisiniz, buna səbəb? 
S. Cəlaloğlu: Tariximizdə həkim dövlət başçıları olub. Sovet hökuməti vaxtında 5 dövlət başçısından 2-si həkim olub: Vəli Axundov, Nəriman Nərimanov. Dünyada da bir çox prezidentlər var ki, ixtisasca həkimdir. Həkimlər demokratiya uğrunda mübarizədə aktiv iştirak edirlər. Çünki həkimlik sənəti ilə demokratiya ortaq dəyərləri bölüşdürür. Platon öz əsərlərində yazırdı ki, 4 adamdan yaxşı dövlət başçısı çıxar. Birincisi, şairdən, çünki gözəlliyi sevir, istəyir ki, ölkə gözəl olsun. İkincisi, sərkərdədən, ona görə ki, sərkərdənin gücü var, dövləti güclə nizamda saxlaya bilər. Üçüncüsü, həkimdən, çünki həkim xəstəlikləri sağaldır, sosial xəstəlikləri harada görsə, dərhal sağaltmağa başlayar. Bu, metafizik yanaşmadı. Bir də filosofdan gözəl başçı çıxar, çünki ağılla dövləti idarə edər. Sonda deyir ki, məsləhətdir ki, dövlət başçıları ya filosof olsun, ya da filosofların köməyi ilə dövləti idarə etsinlər. Təvazökarlıqdan uzaq olsa da, məndə iki xarakter var. Bir ixtisasca həkiməm, ikincisi fəlsəfə ilə məşğul oluram. Bizim sənətin əsası insansevərlikdir ki, o, həqiqi həkimlərə ictimai problemlərdən kənarda qalmağa imkan vermir. Məsələn, Cənubi Afrika Respublikasında aparteidə qarşı mübarizənin başında ilk dəfə ürək köçürməsi ilə məşğul olan alim-cərrah dayanıb. Həkim insanın sosial problemləri ilə də məşğul olmalıdır. Bir çox xəstəliklər var ki, elmdə onlara sosial xəstəlik deyilir. Müasir tibbdə xəstəliklərin böyük əksəriyyəti cəmiyyətdən gəlir. ABŞ-da ifrat kökəlmə var. "Varlıların xəstəliyi" adlı xəstəlik var, yəni çox yaxşı qidalanan insanlarda öddaşı xəstəliyi üstünlük təşkil edir. Kasıbda bu xəstəlik heç vaxt olmaz. Ən yaxşı həkim gərək ictimai-siyasi həyatda iştirak etsin. Ona görə ki, xəstəliklərin 90 faizinin səbəbi cəmiyyətdən gəlir. Vətəndaşlarımızın böyük əksəriyyətinin xəstəliklərinin kökləri cəmiyyətin quruluşunda, sosial rifahda, ədalətdə və s.dədir. Ekoloji faktorlar pisləşəndə insanda problemlər yarandığı kimi sosial ekologiyada müəyyən problem yarananda insan sağlamlığında da müxtəlif xəstəliklər yaranır. Məsələn, nevroz özü sağlamlıqla xəstəlik arasındakı sərhəddir. İnsan nə xəstədir, nə sağlamdırsa deməli, o nevrozdur. Nevrozun yaranmasının səbəbi insanın yaşam ehtiyacları ilə bağlıdır. Bu gün yoxlasam, indi burada oturanların hamısında kompleks var. Kompleksin mənası yaşanmamış həyatdır. Məsələn, siz boyunuzun hündür olmasını çox arzulayırsınızsa, boyunuz da balacadırsa, sizdə boy kompleksi olacaq. Ona görə ki, hündür boyu yaşaya bilmirsiniz...
Zahid Nurəliyev (Teleqraf.com saytının redaktoru): Bəs Sizin hansı kompleksləriniz var?
S. Cəlaloğlu: Mən 6 yaşımdan ailəmizdən uzaq düşmüşəm, internatda böyümüşəm. Ailə və valideyn münasibətləri yaşamamışam. İldə bir neçə ay valideynlərimin yanında olmuşam, qalan vaxtı internat evində uşaqlarla birgə qalmışam. O, məndə müəyyən komplekslər yaradıb. Ata-ana qayğısı, bacı-qardaş münasibətləri məndə fasilələrlə olub. Əvəzində çox şey verib. Sosial tipimi yaradıb. 35 uşaqla birgə olub onlarla hər şeyi birgə həll etmişəm. Siyasətə gəlməyimin digər səbəbi də bu olub. İnternat sözünün mənası birgə yaşayışdı. Bu da sosial həyata təsir edib.
N. Ehlamqızı: Qardaşlarınız da Sizinlə bərabər internat evində olub?
S. Cəlaloğlu: Mənim atam müəllim olub. Qonşuluqda üç qız, bir oğlu olan ailə vardı. Biz iki qardaş, iki bacı idik. Qonşuluqdakı oğlanla mən eyni gündə anadan olmuşduq. O uşağı o qədər çox istəyirdilər ki, evlərimizin arasına qapı qoymuşdular, ya mən onlarda, ya da o bizdə yatırdıq. 6 yaşa qədər belə yaşamışıq, demək olar ki, bir evdə böyümüşük. Bizim evdə yemək bişəndə o uşağın payını saxlayardıq, onlarda da mənim payım saxlanardı. 6 yaşında küçədə oynayırdıq, o vaxtlar maşınlar təzə-təzə gələrdi. Mən sakit təbiətli idim, o isə nadinc uşaq idi. Yoldan yük maşını gedəndə mən arxaya çəkildim, o qaçdı ki, təkərə əlini vursun, düşdü təkərin altına. O uşaq öldü, öləndən sonra onun anası depressiyaya düşdü. O mənim valideynimə dedi ki, Sərdarı görəndə yaşaya bilmirəm, mümkünsə mənim gözümdən uzaqlaşdırın. Onda fikirləşdilər ki, məni dağ kəndində yaşayan qohumlarımızın yanına göndərsinlər, orada böyüyüm. Sonra fikirləşdilər ki, oxumağıma problem yaranar, ona görə internata qoydular. Kəndə də gələndə anam qoymazdı küçəyə çıxım, çünki o qadın görüb narahat olur. O qadının sonra 3 oğlu da oldu. İndi 85 yaşı var, indinin özündə məni görəndə necə narahat olduğunu hiss edirəm. O uşağı ilk oğlu olduğuna görə unuda bilmir. İnternatda tək qalmamağım üçün sonra Qurbanı da mənim yanıma göndərdilər. Mən məktəbi qurtardım, dedilər Qurban tək olmasın o biri qardaşımı onun yanına göndərdilər. Beləliklə, 5 qardaşdan dördümüz internat uşağı olduq. Balaca qardaşım isə mən Tibb Universitetində oxuyanda gətirib rus dilində musiqi məktəbinə qoyduq. İstəyirdim ki, musiqiçi olsun. Konservatoriyanı qərb zərb alətləri üzrə bitirdi. 
Konservatoriyadan söz düşmüşkən Nərmin Muradova (mədəniyyət müxbiri) Sərdar Cəlaloğlunun musiqi zövqünü soruşur.

"Röyanı çox istəyirəm. Flora Kərimovanı xoşlayıram"

N. Muradova: Kimləri dinləyirsiniz?
S. Cəlaloğlu: Vallah yaxşı musiqini dinləyirəm. Ən çox Enriko xoşuma gəlir.

N. Ehlamqızı: Söhbət Xulio İqlesiasın oğlundan gedir?
S. Cəlaloğlu: Bəli, dədəsi Xulio da xoşuma gəlir. Hyustonu həddən artıq bəyənirəm.

N. Muradova: Bəs bizdə?
S. Cəlaloğlu: Röyanı çox istəyirəm. Flora Kərimovanı xoşlayıram. 
N. Muradova: Röyanın səsini, yoxsa özünü bəyənirsiniz?
S. Cəlaloğlu: Elə özü də, səsi də, tipi də. O, sənət adamları içərisində daha səmimidir. Hamı maskadadır. İnsanlar maskanı öz kimliyini gizlətmək üçün kəşf edib. Bilirsən ki, bu adam danışır, necə olduğunu ortaya qoymur. Necə görünmək istəyirsə, o cür danışıb hərəkət edir. Amma bunu Röyada görmürəm. Ruminin sözü var, ya olduğunuz kimi görünün, ya da göründüyünüz kimi olun. Bəlkə, Röya da maskadadır, rol oynayır, amma məncə, necə var elədir. Onun açıq-saçıqlığı da, hadisələrdə iştirakı da, səsi də xoşuma gəlir. 

N. Muradova: Hansı mahnısını bəyənirsiniz?
S. Cəlaloğlu: "Sənə görə"ni.
Dilqəm Əhməd (siyasət şöbəsinin redaktoru): Seçkilərdə Siz də olduğunuz kimi göründünüz, amma axırıncı yerə çıxdınız...
S. Cəlaloğlu: Seçkilərdə hər dairə, məntəqə üzrə nəticələr elan olunmadı. Naxçıvanda dairələr üzrə nəticələr açıqlandı, orada 3-cü yerdə idim. Əlimdə 100-ə yaxın möhürlü protokol var, elə məntəqə var, 1 ya 2-ci yerdəyəm. İnanmıram ki, Hafiz Hacıyevdən az səs toplamışam.. 

"Heç kəs elmi şəkildə bunu yazmağı ağlından keçirməmişdi"

Zahid Nurəliyev: Yeri gəlmişkən, sizin namizədliyinizi verməyinizi konyuktura hesab edənlər də vardı...
S. Cəlaloğlu: Məni kim ki yaxşı tanıyır, atdığım addımları dərhal başa düşür. Ruslarda bir söz var, hər kəs məsələyə öz pozğunluq dərəcəsindən yanaşır. İnsanların digərini başa düşmək üçün taktikası belədir ki, sən özünü başqasının yerinə qoyasan. Bir də var başqasını öz yerinə qoyasan. Azərbaycanda 90 faiz hallarda insanlara qiymət verərkən başqasını öz yerlərinə qoyub deyirlər bu belədir. Müxalifətçilər haqqında "Müxalifət necə olmalıdır" deyə məqalə yazmışdım. Bu gün hansı müxalifətçiliyi aparıramsa 1994-cü ildə "Azadlığa məhkum" kitabımda yazdığım fikirlərdən başqa bir şey deyil. Bəlkə də, heç kəs elmi şəkildə bunu yazmağı ağlından keçirməmişdi. Partiya liderlər bilirlər niyə bu addımları atıram, onlarla bu barədə dəfələrlə danışmışam. 20 ildir eyni yolu tuturuq da, seçkiyə gedib sonra etiraz aksiyası keçiririk, deyirik dünya belə edəcək, elə edəcək. Görürük ki, heç bir dəyişilmə baş vermir. Gərək taktikanı dəyişək. 
Z.Nurəliyev: Seçkiyə qatılanda proqnozunuz necə idi? Doğrudanmı, tam qələbə məsədiniz vardı? 
S. Cəlaloğlu: Seçkiyə iki pirinsiplə qatılırlar. Əvvəla nəyin bahasına olursa olsun, prinsip budur. İkincisi, seçkidə iştirak naminə iştirak. Birinci prinsipi qarşısına qoyan qüvvə düşünür ki, mən hakimiyyətə gələcəm, bu zaman seçkidə saxtalaşdırma olacaqsa, qoşunumu qabağa çəkib silahdan istifadə edəcəyəm. Bunun üçün zəruri resurslar olmalıdır. Mən seçkidə iştirak naminə iştirak etmişəm. Azərbaycanda fərqli müxalifətçilik obrazını ortaya qoymaq istəyirdim. Yoldaşlara da dedim ki, debatlarda çıxış edənlərin hər biri elə bil cəmiyyətin müəyyən hissəsinin prezidenti olacaq. Məsələn, Cəmil Həsənlinin çıxışlarını çox yanlış hesab edirəm. O, həm polisin, həm də cinayətkarın prezidenti olmaq istəyirdi. Ancaq cinayətkarların üstünə getsə, onların səsini qazana bilməz. Polisin üstünə getsə, onlarınkını da almaz. Bəs prezidentliyə namizəd kimi necə mövqe sərgilənməlidir? Cinayətkarlarla bağlı amnistiya vəd edirsən, cəzalarının yüngülləşdirilməsini təklif edirsən və s. Polislərin maraqlarını ifadə etmək üçün onların əmək haqlarının artırılması, təhlükəsizliyi və b. məsələləri qabardırsan. Burada həm həbsxanadakı cinayətkar sənə səs verir, həm də cinayətkarlara qarşı mübarizə aparan polisi gücləndirməklə bağlı çıxış edirsən, həm də onlar sənə səs verir. Mən öz çıxışımı necə qurmuşdum? Vətəndaşın bir müraciətini götürüb dərhal onu ümumiləşdirirdim. Fəlsəfədə xüsusidən ümumiyə doğru anlayışı var. Bir adamın haqqında danışanda 4 milyon seçicinin hər biri elə başa düşür ki, sən onun fərdi problemlərini qaldıra biləcək prezidentsən. Cəmil müəllim deyirdi ki, korrupsiya var, heç Fatmanisə bilmir korrupsiya nədir. Tutaq ki, sən onun mülkiyyət hüququnun pozulmasını qaldıra bilərsən. Azərbaycanda çox adam bilmir ki, hətta dövlət ehtiyacları naminə belə, onun xüsusi mülkiyyətinə toxuna bilməzsən. Konstitusiyada belədir ki, bütün mülkiyyətlər bərabərhüquqludur. Məsələn, Qış parkı salınırsa gəlib deyirlər ki, evinizin hər kvadrat metrini filan qimətə satın, çıxın. Mən izah edirdim ki, xüsusi mülkiyyət üzərində sərəncam vermək hüququ vətəndaşa aiddir. 

Hər kvadrat metrə 4500 dollar pul verdilər

Z. Nurəliyev: Söküntü zamanı sizin mülkiyyət də plana düşmüşdü. Siz istifadə etdiniz bu hüquqdan?
S. Cəlaloğlu: Biz evimiz üçün nə qədər qiymət dedik, onu da verdilər. Hər kvadrat metrə 4500 dollar pul verdilər. Qonşularım 7 min dollar istəyirdilər, onlarınkı qaldı, sonra məhkəməyə düşdülər. 

Z. Nurəliyev: Mülkiyyətin toxunulmazlığı hüququndan istifadə edib çıxmaya bilərdiniz?
S. Cəlaloğlu: Əlbəttə, çıxmaya bilərdim, heç kəs məni çıxara bilməzdi. İstanbulda böyük rezidenslər tikiblər, ortalıqda uçuq-sökük bir mərtəbəli ev qalıb. Çünki həmin şəxs ola bilsin evin qiymətini 10 milyon dollar qoyub, deyir alırsan al, almırsan satmıram.

Z. Nurəliyev: Qonşularınız mülkiyyət hüquqlarının qorunması ilə bağlı sizə müraciət etdi?
S. Cəlaloğlu: Müraciət etdilər, onlara dedim ki, siz düz mövqedə deyilsiniz. Birinin evi 18 kvadrat metr idi. Deyirdi ki, elə qiymətə satacam ki, 3 oğluma ev ala bilim. Axı, əlində bir ev var, bütün nəslinin problemini bu evlə həll edə bilməzsən. 
Siyasi və ictimai məsələlərə ara verib ədəbiyyata yer verməyə çalışırıq və brifinqlərdəki kimi sual-cavab stilinə uyğunlaşmaq üçün sözü ədəbiyyat müxbirimizə veririk.

"Bədii əsəri oxuyan yoxdursa, yazan da olmayacaq"

Rövşən Danyeri: Prezident seçiləcəyiniz təqdirdə ədəbiyyat sahəsində də görəcəyiniz işlərdən danışmışdınız, seçkilər bitib indi bir partiya sədri kimi hansı xidmət göstərə bilərsiniz?
S. Cəlaloğlu: Dövlət elə proyekt həyata keçirə bilməz ki, insanda talant əmələ gəlsin, bizdə də Pamuk, Markes yetişsin. Prezidentin vəzifəsi mədəni-maarif islahatları aparmaqdır ki, istedad özünü realizə edə bilsin. Heç bir prezident heç kəsi yaxşı yazıçı edə bilməz. Sadəcə olaraq şəxsiyyətin azadlığı elə təmin olunmalıdır ki, istedadlı şəxs təbii talantlarını cəmiyyətin xeyrinə çıxara bilsin. C. Həsənli kitabların çapına dövlət dəstəyinin göstəriləcəyini deyirdi. Bunların hamısı ədəbiyyatın inkişafına qayğı deyil. Mən tərcümə ədəbiyyatının genişləndirilməsini təklif etmişəm. Şəxsən özüm ədəbiyyatçılar barədə qərar verməzdim. Elə situasiya yaradardım ki, istedadı olanlar istedadlarını ortaya çıxara bilsinlər. Bizim xalqımız mədəniyyət istehsalçısı və istehlakçısı deyil. Vətəndaş bədii əsərin dəyərini bilmirsə, o adam ya Azərbaycandan çıxıb gedəcək, ya da yaradıcılığı olmayacaq. Çünki istehlakçı yoxdur. Bədii əsəri oxuyan yoxdursa, yazan da olmayacaq. 

R. Danyeri: Amma oxuyan olmasa da, bizdə yazanlar var.
S. Cəlaloğlu: Ona görə də həmin yazanın özünü və əsərlərini heç kəs tanımır. Oxucusu olan yazıçıların yazacağı əsərinin növbəsinə duranlar olur. Prezident olsaydım, yazıçıdan daha çox oxucuların yetişməsinə yönəlik islahatlar həyata keçirərdim. Avropa ölkələrinə, Rusiyaya gedib metroda görərsiniz ki, hamının əlində kitab, qəzet var. Bizim professorun da, alverçinin də evinə gedib baxsanız, görərsiniz ki, hamının evində mebel, qab-qaşıq var. Azərbaycan xalqının ən böyük problemlərindən biri əşyabazlıq və meşşanlıqdır. İnsan nə qədər əşyaya bağlıdırsa o qədər də kölədir. Oxucu auditoriyası formalaşanda zəif əsər də yazılsa oxunur. Sonra istedadlar qabağa gedir, qalanlarının izi qalmır. İndi kitab oxunmamağının bir səbəbi də internet kitabxananın olması, insanların brendə həvəs göstərməsidir. Bu gün Azərbaycan ədəbiyyatında brend yoxdur. O adamlar ki, böyük yazıçı, şair adı alırlar, onlar bəşəri mövzulardan yazır. Gərək ədəbiyyat düzgün mövzular seçə. Xalq, tayfa, millət səviyyəsində mövzu ilə dünya ədəbiyyatına çıxmaq olmaz.

"Cəmiyyət başa düşmədi ki, mən nə istəyirəm?" 

Sevinc Fədai (sosial sahədən yazan müxbir) : Oxucu kimi formalaşmamış roman yazırlar. Əhməd Şahidovun romanı çıxmışdı, fəxrlə deyirdi ki, indiyədək 1 roman oxumamışam. Onun yazdığı nə olacaq? 
S. Cəlaloğlu: Bir türk Süleyman Rəhimovun qonağı olur, onun kitablarına baxıb deyir ki, bu insanın ömründə kitab oxumağa vaxtı qalmayıb. "Şamo"nu yazan adam nə vaxt oxuyub? Sovet hökumətindən çıxmışıq, amma biz sovet adamıyıq, xalqımızın zəifliyi bununla bağlıdır. Mən Koroğlu, Həcər, Qaçaq Nəbi ilə bağlı bu məsələləri qaldırmışdım. Yenə də cəmiyyət başa düşmədi ki, mən nə istəyirəm? 

Dilqəm Əhməd: Səməd Vurğundan nə istəyirsiniz?
S. Cəlaloğlu: Görürsünüz, deyirsiniz Səməd Vurğundan nə istəyirsiniz? Ermənilər bu yaxınlarda Moskvada yığışıb tədbir keçirdi, axı bu separatizmi ermənilər başlatmayıb. Separatizmi azərbaycanlılar başladıb, Qarabağ və İrəvan xanlığı, Pənahəli və Məhəmmədəli xan. "Vaqif" əsəri həmin azərbaycanlıların separatizminə haqq qazandıran, Şimali Azərbaycanın Rusiyanın tərkibinə keçməsinə azadlıq donu geydirən əsərdir. Qacarı sən necə fars şahı kimi verə bilərsən? O deyirdi ki, anası türk olmayan şahzadə heç vaxt vəliəhd elan oluna bilməz, Fətəli xan Qacardan sonra hakimiyyətə gəlir, 3 böyük oğlu qalır, Abbas Mirzəni vəliəhd elan edir. Çünki onun anası türk idi. O biri oğlanların anası başqa xalqlardan olan qadınlar idi. Deyir ki, Qacar qaniçəndir. Necə qaniçəndir ki, Vaqifi tutub sonra buraxır. Şamaxıdan keçəndə deyiblər ki, qoşunun azuqəsi qurtarıb. Qacar söyləyib ki, Şamaxıda camaat kasıbdır, onlara dəyməyin, qoşunun nə qədər xərci varsa, öz şəxsi fondumdan götürüb qoşunu təchiz edin. Öz xalqını sevən insana necə belə don geydirə bilərsiniz? Azərbaycan tarixində Qacar qaniçən kimi tanınır. Özbəklər Əmir Teymura görün necə baxırlar. Özbəyin atası Teymurləng hesab olunur. Biz azərbaycanlılar kimlə fəxr etməliyik?  

"Bu Qaçaq Nəbi necə igiddir ki, arvadı özündən qoçaqdır"

Ruslan Xəlil (teleqraf.com saytının əməkdaşı) : Səttarxanla...
S. Cəlaloğlu: Səttarxan hökmdar olmayıb. Amma Nadir Hindistandan Stravropola qədər ərazini tutub. Nadirin adı gələndə rus çarı bilmirdi neyləsin. Təkcə sərkərdə olmayıb, dini islahatlar aparıb, sünni-şiə məsələsini aradan qaldırmaq istəyib. Onun da güdazına gedib. İran tarixində Qacar dövrü Qacariyyə dövləti adlanır. Siz Səməd Vurğunun heykəlini atıb, belə insana heykəl qoymaq əvəzinə onu özünüzə düşmən elan edirsiniz. Koroğlu kimə qarşı vuruşub? Koroğlu dastanının müqəddiməsini oxuyan varmı? Orada müəllif qeyd edir ki, mövzu erməni Arakel Təbrizyanın tarix kitabından götürülüb. İndi sual vermək istəyirəm, Azərbaycan xalq dastanıdırsa, niyə erməni mənbələrindən götürülüb? Dastanın başqa 11 versiyası da var. Bütün versiyalarda Koroğlu Səfəvilərə qarşı mübarizə aparan mifik obraz kimi göstərilib. Sual verirəm, Səfəvilər Azərbaycan dövlətidirsə, ona qarşı mübarizə aparana necə xalq qəhrəmanı deyə bilərsən? Xalq bizdən yaxşı bilib ki, Koroğlu bizim deyil. İndi isə Bakının bir tərəfindən dövlət banisi Xətainin, o biri tərəfindən həmin dövlətə qarşı çıxan Koroğlunun heykəlini qoymuşuq? 

D. Əhməd: Həm Babəki sevirik, həm Məhəmmədi...
S. Cəlaloğlu: Babəkin əqidəsini bir yana qoyuram. Xəlifəyə məktub yazıb ki, məni əfv elə. Xəlifə deyib ki, sən elə nacins insansan ki, səni əfv etməyəcəm. Bunun üç arvadı olub. Onlardan biri erməni olub və üç uşağı dünyaya gəlib. O biri arvadlarını qoyub gecə ilə erməni arvadını götürüb qaçıb Səhl ibn Sumbatgilə. O da erməni knyazı, arvadının dayısı olub. Səhl ibn Sumbat görüb ki, Babək yaxşı pula gedər, götürüb 2 milyon dirhəmə xəlifəyə satıb. Samirədə edam ediblər. Bizdə deyirlər ki, saralmasın deyə qanını üzünə sürtüb. Həmin dövrün tarixçisi yazır ki, xəlifə deyib ki, Babəkin qollarını kəsib, kəsilmiş qolu ilə üzünü döyəcləyin ki, bilsin ki, çox axmaq işlər görüb. Bizimkilər saxtalaşdırıb yazır ki, rənginin saralmaması üçün qanını üzünə sürtüb. Erməni çarına yazıb ki, mən də erməni südü əmmişəm, kömək edin İslamın qabağını alaq. Xürrəmi hərəkatından qabaq 4 üsyan olub. Babək dördüncü üsyanın başçısı idi. Ondan əvvəl albayraqlar hərəkatı olub, heç birinin başçısını tanımırıq. Dörd üsyan eyni xalq və etnosun üsyanıdırsa, niyə biz o üçü haqqında heç nə bilmirik? Sonradan rus alimləri SSRİ-nin sirrlərini açırlar. Müharibə ərəfəsində SSRİ xalqı formalaşdırmaq üçün sosial kodlaşdırma başlayıb, öz tarixlərindən bu xalqın özünə zidd olan insanlar tapıb o xalqa qəhrəman kimi yedirtmək istəyiblər. Azərbaycan qadınına dörd örnək göstərirlər: Əsli, Nigar, Şirin, Həcər. Əsli erməni qızıdır, onun heç bir əxlaqı dəyəri yoxdur ki, biz onu mənimsəyə bilək. Nigarın milliyyəti məlum deyil. Şirin fars qızıdır, Həcər də kürd qadınıdır, Nəbinin qırxı çıxmamış erməniyə ərə gedib. İndi biz istəyirik ki, qadınlarımıza bu dörd qadın simvolunu misal çəkərək tərbiyə edək. Nə sevgi, nə məhəbbət, nə sadaqət var bu qadınlarda. Amma indi gəlin, Azərbaycan tarixindəki gerçək obrazlara baxaq. Cavad xan öləndə onun meyitini istəyirlər. Onun yoldaşı Bəyim xanım son anına qədər döyüşür, o öləndən sonra Cavad xanın meyitini aparırlar. Fətəli xanın bacısı Bikə xanım rusların hücumu zamanı əyninə kişi paltarı geyinib, vuruşur. Başa düşəndə ki, məğlub olacaq, özünü dənizə atır. Sizcə, ərinin meyiti üçün vuruşan bir qadın Azərbaycan qadınları üçün simvol olmalıdır, yoxsa ərinin qırxı çıxmamış erməniyə ərə gedən? Bizim ictimai tərbiyə sistemimiz yanlışdır. Koroğlu deyib ki, igidlik ondur, doqquzu qaçmaqdır. Bu ruhda tərbiyə olunan bir xalq Qarabağı ala bilər? Eyvazı Koroğlu oğulluğa deyil, oğlanlığa götürür. Yaxın Şərqdə də oğlanlıq, qadın kimi saxlamaq mənasındadır. Nigar Eyvazı Koroğluya qısqanır, acıq edib, çıxır gedir. Belə murdar məsələləri xalqa ideal kimi təqdim etmək nə dərəcədə düzgündür? "Babək" rolunu oynayan Rasim Balayev mənə deyir ki, Babək haqda mənfi fikirlər söyləyən siyasətçinin başı xarab olub. Rasim Balayev, sən deyirsən ki, Babək qəhrəmandır, onun rolunda çıxış etmisən, səndən çox Babəkə yaxın adam yoxdur. Ayə, sənə bir dənə "pıkk" eləyən kimi Rüstəm İbrahimbəyovu qoyub qaçdın. Bu Babək sənə təsir eləyə bilməyibsə, Məmmədquluya necə təsir edəcək? Əgər Babəkin tərbiyəvi rolu varsa, o birinci sənə təsir etməli idi. Mən isə deyirəm ki, nə Babək, nə Koroğlu, nə də Nəbi bizi tərbiyə edə bilər. Deyir ki, "Həcəri özündən ay qoçaq Nəbi". Sizcə, kişini bundan böyük təhqir etmək olar? Bizim tərəfdə arvadı pis yola gedən kişi haqda deyirlər ki, arvadı özündən qoçaqdır. Bu Qaçaq Nəbi necə igiddir ki, arvadı özündən qoçaqdır. Bu kodlar hamısı xalqı belə vəziyyətə salmaqdan ötrüdür.

Printer »»»