Kürdəmirdə özbaşınalıq davam edir

07,08,2013

ADP Mətbuat Xidmətinə partiyanın Kürdəmir Rayon Təşkilatının fəallarından biri, 2-ci qrup Qarabağ müharibəsi əlili Cəbrayıl Dünyamalıyev tərəfindən müraciət daxil olub. Müraciətdə rayondakı sosial- iqtisadi vəziyyətin dözülməz olması, məmurların heç bir həddə sığmayan özbaşınalığı və əhalinin aztəminatlı hissəsinin hüquqlarının kobud şəkildə tapdalanması haqqında məlumat verilir. Müraciətdə daha sonra deyilir: “Mən 2-ci qrup Qarabağ müharibəsi əliliyəm. Vətən uğrundakı döyüşlərdən sinəmdə hələ də “yadigar” olan qəlpələri gəzdirirəm. Uzun illərdir ki, ölkədə demokratik dəyişikliklər və vətəndaşların sosial-siyasi azadlıqları uğrunda gedən mübarizənin ön sıralarında yer almışam.
Konstitusiya və qanunlara əsaslanaraq özümün və ailəmin, habelə millətimin hüquqlarının müdafiəsi üçün əlimdən gələni etməyə çalışıram. Amma Kürdəmir rayonunda hüquqsuzluq və özbaşınalıq o həddədir ki, artıq buna ayrı-ayrı adamların, hətta ayr-ayrı siyasi təşkilatların təpkisi kifayət deyildir. Kürdəmirdə ən başıpozuq dövlət idarəsi  isə Əhalinin sosial müdafiəsi nazirliyinin  yerli şöbəsidir. Rayondakı idarələr içərisində qanunsuzluq və talançılıq üzrə yarış keçirilsə bu yarışın qalibinin Əhalinin sosial müdafiaəsi nazirliyinin yerli şöbəsi və onun müdiri Samir Nuriyevin tutacağına heç bir şübhə ola bilməz. Mənim sosial yardım üçün etdiyim müraciətlər, tam əsaslı və qanuni olmasına baxmayaraq adıçəkilən idarədən heç cür haqqımı ala bilmirəm. Ailəm beş nəfərdən ibarətdir, heç bir yerdə işləmirəm. Uşaqlarım azyaşlıdır, onların ikisi  səkkiz aylıq əkizlərdir. Evim yoxdur, rayonda kirayədə yaşayıram. Dövlətdən indiyədək heç bir maddi yardım almamışam. Kənd təsərrüfatı ilə məşğul olmağa, fiziki iş görməyə məlum səbəbdən imkanım yoxdur. Ailəmi indiyədək aldığım təqaüdlə birtəhər  dolandırmağa çalışmışam. Hazırda bu da mümkün deyil, çünki artıq həyat yoldaşım da xəstələnib və mənim təqaüdüm dərmanlarımıza ancaq çatır. Bununla əlaqədar yuxarıda adıçəkilən idarəyə etdiyim sosial yardım almaqla bağlı müraciətimə isə rədd cavabı verilir. Bu idarədə ümumiyyətlə rüşvətxorluq tüğyan edir. Rayonda hamı bilir ki, bu idarə açıq bazardır. Kim alacağı sosial yardımın 8 ayının bu idarənin işçilərinə verməyə razı olmursa, nə qədər əsaslı olsa da sosial yardım ala bilməz. Əvvəllər rüşvət kimi yardımın 50 %-i tələb olunurdusa, artıq bu da mümkün deyil. Hazırda hər kənddə adıçəkilən idarənin “fəalları” fəaliyyət göstərir və onlar ilin 4 ayının yardımını yuxarıya, 4-ayın məbləğini isə özlərinə götürürlər. Vətəndaşa da qalan 4 ayın maddi yardımı çatır. Vəziyyət bu dərəcədə acınacaqlıdır. Əgər kimsə bu faktların yalan olmadığını dəqiq gözləri ilə görmək istəyirsə, həmin o “fəalların” qəflətən evlərini, ciblərini yoxlasın. Onların hər birinin cibindən vətəndaşlara məxsus yüzlərlə bank kartı çıxacaq. Kürdəmirdə insanların vəziyyəti bu cür acınacaqlıdır. Amma vəziyyət çıxılmaz deyil, vəziyyətdən çıxış yolu var . Çıxış yolu xalqın oyanışından, hüquqların müdafiəsi uğrundakı mübarizədən keçir. Artıq xalq ayağa qalxmalı bu murdar, yetim yesirin haqqını yeyən, talançı məmur dəstəsinin layiq olduğu qanuni cəzanı almasına nail olmalıdır.    

Printer »»»