ADP İDARƏ HEYƏTİNİN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLİB

21.09.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Azərbaycanda 01 noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədə mövcud olan vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələrdə seçkidə iştirak edən müxalif düşərgə təmsilçilərinə qarşı baş verən qanun pozuntuları - namizədlərin özlərinə və səlahiyyətli nümayəndələrinə qarşı hakimiyyət orqanları tərəfindən həyata keçirilən basqılar, imzatoplama kampaniyasına yaradılan süni maneələr və s. kimi hallar ciddi tənqid olunub. İdarə Heyəti hakimiyyəti dünyada və regionda mövcud siyasi konyuktura şəraitində ölkədə yersiz qarşıdurma yaratmamağa, dövlət məmurlarının seçkiyə müdaxiləsinin qarşısının alınması, konstitusion qaydada azad və ədalətli seçkilərin keçirilməsi üçün ciddi tədbirlər görməyə çağırıb.
İdarə Heyəti Sentyabrın 20-də Meydan TV ilə əməkdaşlıq edən Aytən Fərhadova, Sevinc Vaqifqızı və İzolda Ağayevanın DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması hadisəsinə diqqət çəkib. İdarə Heyəti ölkədə azad mətbuata və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı aparılan repressiya siyasətinin ölkədə onsuz da ağır olan ictimai-siyasi vəziyyətin daha da gərginləşdirilməsinə və ölkənin beynəlxalq aləmdəki nufuzunun daha da aşağı salınmasına xidmət etdiyini qeyd edərək hakimiyyəti dövlətimizin milli maraqlarına zidd olan bu siyasətini dayandırmağa çağırıb.

İdarə Heyəti son vaxtlar Dağlıq Qarabağın bəzi rayonlarının azad edilməsi müqabilində rus qoşunlarının “sülhməramlılar” adı altında Azərbaycanın işğal altında olan ərazilərinə yeridiləcəyi ilə bağlı ölkə və beynəlxalq mətbuatda gedən informasiyaları müzakirə edib. İdarə Heyəti belə bir hadisənin Azərbaycanın suverenliyinin məhdudlaşdırılmasına gətirib çıxara biləcəyini nəzərə alaraq, hətta Azərbaycan ərazilərinin işğaldan azad olunması müqabilində rus qoşunlarının Dağlıq Qarabağa yerləşdirilməsinin yolverilməz olduğu bildirilib.
ADP İdarə Heyəti qarşıdan gələn Müqəddəs Qurban Bayramı ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edərək islami dəyərlərə hörmət əlaməti, islami həmrəyliyə və ölkədə milli barışa xidmət edəcək bir addım kimi siyasi məhbusların azad edilməsi üçün geniş əfv fərmanı imzalamağa çağırıb.
ADP İdarə Heyəti sonda Azərbaycan xalqını qarşıdan gələn Müqəddəs Qurban Bayramı münasibəti ilə də təbrik edib. Təbrikdə deyilir:
Əziz həmvətənlər, müsəlman bacı və qardaşlar!
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirik.
Qurban bayramı insanlıq tarixinin möhtəşəm səhifəsini təşkil edən İslamın yer üzünə göndərilməsini özündə etiva edir. Bu əlamətdar gündə müsəlmanlar islam ayinlərini icra etməklə, xeyirxah əməllərlə hər cür fədakarlığa hazır olmanın və Tanrıya yaxınlığın sevincini yaşayırlar.
Bu mübarək bayram günlərində müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyərək, xalqımızın, dövlətimizin əmin-amanlığı, ölkədə vətəndaş sülhünün, azadlığın, ədalətin bərqərar olunması, işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzü bərpa etməklə Azərbaycanımızın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaq naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını diləyirik.
Dövlətimizə əmin-amanlıq, xalqımıza və millətimizə firavan həyat arzulayırıq.
Tanrı Azərbaycanımızı qorusun!
Printer »»»