Qarabağ Bloku Gürcüstanın tarixi qəbiristanlığın dağıdılmasını şiddətlə qınayıb.

08.04.2015

Bu gün ADP Mərkəzi qərargahında Qarabağ Blokunun növbəti toplantısı keçirilib.

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Tolantı iştirakçıları ilk öncə İran ilə "altılıq" ölkələrinin Lozanna razılaşması ətrafında geniş müzakirələr aparıb. Müzakirələrdə bu razılaşma dünyada, o cümlədən Azərbaycanın da yerləşdiyi regionda sülhün və əmin-amanlığın yaranacağına ümidlər yaratdığı ifadə edilib, bununla bağlı bölgədə gözlənilən yeni siyasi və iqtisadi gəlişmələrdən ölkəmizin faydalanması, yaranmış situasiyadan xalqımızın mənafe və maraqlarına uyğun adekvat addımların atılması zərurəti vurğulanıb.
Toplantıda manatın məzənnəsinin ikinci dəfə devalvasiyaya məruz qalacağı ilə bağlı cəmiyyətdə mövcud olan haqlı narahatlıqlar ətrafında da fikir mübadiləsi aparılıb. Müzakirələrdə qeyd edilib ki, indiki iqtisadi və siyasi şərtlər daxilində milli valyutanın ikinci dəfə devalvasiyaya məruz qalacağı qaçılmazdır. Blok üzvləri indiki kütləvi işsizliyin, iqtisadi çətinliklərin, sosial gərginliklərin yaşandığı bir zamanda manatın məzənnəsinin ikinci dəfə aşağı salınacağı faktından ölkə iqtisadiyyatına, əhalinin həyat tərzinə vurula biləcək zərbələrin qarşısını almaq üçün növbəti mərhələdə, əmək haqqının minimum bazasının artırılması, indeksasiya siyasətinin həyata keçirilməsi, aztəminatlı ailələrin, təqaüdçülərin vəziyyətinin yaxşılaşdırılması, orta və kiçik bizneslə məşğul olan şəxslərə dotasiyaların verilməsi, bazar iqtisadiyyatının əleyhinə yönələn monopolizmin, korrupsiya və rüşvətxorluğun qarşısının alınması, yaranmış kritik vəziyyətdən çıxması üçün dövlətin yeni iqtisadi doktrina hazırlaması ilə bağlı hakimiyyətə çağrışlar edib.

Toplantıda bir sıra nüfuzlu beynəlxalq təşkilatların yaratdığı İdman və Hüquqları Müdafiə Alyansının Avropa Yay Oyunları başlayana qədər Avropanın milli olimpiya komitələrinin Azərbaycan hakimiyyətindən bütün siyasi məhbusların azad edilməsinin tələb etməsi təşəbbüsü də müzakirə predmeti olub. Toplantıda ölkədə vətəndaş sülhünə nail olmaq, qarşılıqlı etimad mühitini yaratmaq və ölkənin beynəlxalq nüfüzunun qayğısına qalmaq naminə siyasi motivlərlə həbsdə olan bütün şəxslərin azadlığa buraxılması üçün amnistiya aktının qəbul edilməsinin vacibliyini qeyd edilib və hakimiyyət orqanları bu istiqamətdə gərəkən addımlar atmağa çağırılıb.
Qarabağ Bloku Gürcüstanın Qardabani rayonunda Candar kəndinin yaxınlığında azərbaycanlılara məxsus tarixi qəbiristanlığın dağıdılmasını faktına diqqət çəkərək, baş vermiş bu hadisəni şiddətlə qınayıb. Zaman-zaman Gürcüstanda azərbaycanlı kəndlərinin adının dəyişdirilməsi, Azərbaycan dilində olan məktəblərin bağlanması və s. kimi həyata keçirilən antiazərbaycan siyasətinin tərkib hissəsi kimi dəyərləndirilən bu hadisə həmçinin BMT-nin Milli mühitin qorunmasına dair qətnaməsinin kobud şəkildə pozulmasının faktı kimi qiymətləndirilib, eyni zamanda Azərbaycanın dövlət orqanlarından bu hadisəyə müdaxilə etmək tələb edilib.

Printer »»»