İdarə Heyəti Bakı şəhərində binaların fasadlarına tezalışan vüzlüklərdən narahatdır

13.04.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Bakıda keçirilən ABŞ-Azərbaycan hərbçiləri arasında keçirilən konfransın nəticələrinə münasibət bildirib və müdafiə sahəsində bu cür əməkdaşlığın qurulmasını ölkəmizin Avroatlantik məkana inteqrasiyası, hərbi sistemimizin NATO standartlarına uyğunlaşdırılması baxımından xüsusi əhəməyyət kəsb etdiyini qeyd edib. 
Eyni zamanda konfransdan dərhal sonra Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə Komitəsinin sədri Aleksey Puşkovun Azərbaycanla ABŞ arasında əməkdaşlığın guya digər ölkələrdə olduğu kimi Azərbaycanda da narıncı inqilabla nəticələnə biləcəyi, qərblə münasibətlərin qurulmasında Rusiya faktorunun nəzərdən qaçırılmaması barədə Azərbaycanın ABŞ-la münasibətlərdən çəkinməyə yönəlmiş təhrikedici bəyanatına münasibət bildirən partiya yetkililəri bu tip bəyanatların Azərbaycanın daxili işlərinə qarışma halı kimi dəyərləndirib və iki ölkə arasında qarşılıqlı münasibətlərə xələl gətirən bu cür yanaşmaların arzu olunmaz olduğunu diqqətə çatdırıb.


İdarə Heyəti dövlət başçısı İ.Əliyevin Azərbaycan Cümhuriyyətinin qurucusu M.Rəsulzadənin anadan olmasının 130 illiyi ilə əlaqədar onun xatirəsinin əbədiləşdirilməsi barədə verdiyi fərmana baxmayaraq M.Rəsulzadənin BAKMİL metrosu yaxınlığında qoyulan büstünün dağıdılaraq yerində H.Əliyevin heykəlinin qoyulması faktına münasibət bildirib və bu addımı Azərbaycan Demokratik Respublikasının ilk qurucusuna sayqısızlıqla yanaşı ölkə başçısının fərmanına qarşı addım kimi dəyərləndirib və hakimiyyəti demokratik tariximizin izini itirmək istəyən məmurlara qarşı sərt tədbirlər görməyə çağırıb.

İdarə Heyəti Roma Papası birinci Franksisin Vatikanda keçirilən mərasim zamanı uydurma “erməni soyqırımı”nı iyirminci əsrin ilk soyqırımı olması barədə verdiyi bəyanata münasibət bildirib və tarixi reallıqları əks etdirməyən, yalnız erməni təəssübkeşliyinə əsaslananan bu cür bəyanatların Papanın barışdırıcı missiyası ilə bir araya sığmadığını və regionda sülhün və təhlükəsizliyin pozulmasına xidmət etdiyini diqqətə çatdırıb və Vatikan başçısını bu bəyanatla bağlı təkzib verməyə çağırıb.

İdarə Heyəti Milli Şuranın təşkil etdiyi etiraz aksiyasından sonra bir neçə dinc aksiya iştirakçısının həbs edilməsini qətiyyətlə pisləyib və insan hüquq və azadlıqlarının, sərbəst toplaşma tələblərin pozulmasına, ölkənin beynəlxəlq nüfuzunun aşağı düşməsinə xidmət edən bu cür addımların yolverilməz olduğunu diqqətə çatdırıb və hakimiyyəti həbs edilən şəxslərin azadlığa buraxılması ilə bağlı addımlar atmağa çağırıb.

İdarə Heyəti manatın devalvasiyaya uğraması faktından sonra ölkədə bir sıra istehlak mallarının, xüsusilə də tibbi dərman vasitələrinin qiymətinin kəskin şəkildə bahalaşması, qiymətlərin artması müqabilində minimum əməkhaqqı bazasının əvvəlki şəkildə qalması, monopolist qüvvələrin orta və kiçik biznesi sıradan çıxarması, əhalinin sosial vəziyyətinin getdikcə ağırlaşması, indeksasiya siyasətinin aparılmaması faktından ciddi narahat olduğunu bildirib və hakimiyyəti süni bahalaşmaya qarşı mübarizə aparmağa çağırıb.

İdarə Heyəti son vaxtlar Bakı şəhərində tikilmiş binaların zahiri görünüşünü gözəlləşdirmək məqsədi ilə binaların fasadlarına tezalışan və təhlükəsizlik baxımından yararlı olmayan üzlüklərin çəkilməsindən dolayı həmin binalarda vaxtaşırı olaraq yanğınların baş verməsindən narahat olduğunu bildirib və hakimiyyəti istismar müddəti başa çatmış binalara yararsız üzlükləri çəkməkdənsə, həmin binaların yeniləri ilə əvəzlənməsi və ya üzlüklərin daş plitələrlə əvəzlənməsi qayğısınna qalmağa çağırıb.

Printer »»»