ADP Almaniyada hicaba qarşı qoyulan...

16.03.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ilahiyyatçı C.Cəfərovun həbsi ilə bağlı məsələyə münasibət bildirib və bu həbsin son vaxtlar davam edən siyasi motivli həbslər sırasına daxil olması ehtimalından çıxış edərək hakimiyyəti həbs barədə cəmiyyətə düzgün məlumat verməyə çağırııb.

İdarə Heyəti Almaniyada hicaba qarşı qoyulan qadağaların aradan götürülməsi ilə bağlı Almaniya Ali Məhkəməsinin çıxardığı qərarı təqdir edib və bu addımı insan hüquq və azadlıqlarına verilən dəyər kimi qiymətləndirməklə dini azadlıqların pozulduğu, islamafobiyanın hökm sürdüyü digər Avropa ölkələrini də bu cür tolerant qərarlar çıxarmağa çağırıb.

İdarə Heyəti son vaxtlar Rusiyada vüsət alan terror hadisələrindən, bu cür hadisələrin region və eləcə də dünya üçün təhlükə yarada biləcəyindən narahat olduğunu bildirib və dünya ictimaiyyətini Rusiyada yaşanan hadisələrə həssas yanaşmağa, bu ölkədə antidemokratik proseslərin qarşısını almağa, Putin Rusiyasının postsovet məkanına daxil ölan müstəqil ölkələrə qarşı başlatdığı təcavüzkarlıq və işğalçı planlarının durdurulması üçün səylərini birləşdirməyə çağırıb.

İdarə Heyəti manatın məzənnəsinin aşağı düşməsi ilə bağlı ölkədə yaranan sosial-iqtisadi gərginliklərin artmasından, vətəndaşların hakimiyyətin yeritdiyi yanlış iqtisadi siyasətlə üz-üzə qalmasından, artan qiymətlərlə minimum əməkhaqqı arasında kəskin təzadların yaranmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti xalqımızın düşdüyü iqtisadi çətinliklərdən çıxarılması üçün təcili tədbirlər görməyə, minimum əmək haqqını manatın devalvasiyasına uyğun şəkildə artırmağa, süni bahalaşmanın qarşısını almağa, ölkədə kiçik və orta biznesin sıxışdırılmasına münbit şərait yaradan korrupsiya və monopoliyanın qarşısını almağa çağırıb.

İdarə Heyəti Milli Şuranın çağrışı ilə bağlı keçirilən mitinqə münasibət bildirib və mitinqin tərkibinin hansı səviyyədə olmasından, hakimiyyətin bu mintinqə hansı bucaq açısından yanaşmasından, mitinqdən əvvəl aksiyanın baş tutmaması üçün məqsədyönlü iş aparmasından asılı olmayaraq mitinqi baş tutmuş hesab edib və iqtidarı mitinqdə səslənən sosial-iqtisadi, siyasi şüarları diqqətə almağa, nəinki müxalifət kəsimin, eləcə də beynəlxalq hesabatların gündəminə daxil olan neqativləri aradan qaldırmağa, ölkədə insan hüquq və azadlıqlarına, siyasi plüralizmə, sərbəst bazar iqtisadiyyatına qarşı qoyulan məhdudiyyətləri qaldırmağa və demokratik islahatlar keçirməyə çağırıb.

Printer »»»