Bu gün Qarabağ Blokunun ADP Qərargahında S.Cəlaloğlunun sədrliyi ilə növbəti toplantısı keçirilib.

18.02.2015

Bu gün Qarabağ Blokunun ADP Qərargahında S.Cəlaloğlunun sədrliyi ilə növbəti toplantısı keçirilib. 

İclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Blok üzvləri ilk növbədə ABŞ Konqresində Azərbaycana dair keçirilən dinləmələrə münasibət bildirib və bu dinləmələrdə gündəmə gətirilən məsələlərin əsasən Azərbaycan reallıqlarını düzgün əks etdirdiyini diqqətə çatdırıb.
Bu dinləmələrdən əndişə duyan hakimiyyət rəsmilərinin anoloji olaraq Azərbaycan parlamentində ABŞ barədə dinləmələr keçirilməsi barədə isterik bəyanatlarının yersiz olduğunu bildirib və hakimiyyəti dünyanın super dövləti olan, ölkəmizlə strateji əməkdaşlıq sferasına daxil olan ABŞ-la münasibətlərdə həssas davranış nümayiş etdirməyə və dinləmələrdə insan haqları, demokratiya, siyasi məhbus, sərbəst ifadə azadlığı, siyasi plüralizm kimi problemlərin mövcudluğunu aradan qaldırmağa, beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

Toplantı iştirakçıları ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Azərbaycana səfərini də müzakirə edib. Müzakirələrdə bu səfərin ABŞ-ın Azərbaycandakı yeni səfirin fəaliyyətə başladığı ilk günlərə təsadüf etməsini Amerikanın Azərbaycanla bağlı müəyyən bir siyasi məqsədlərinin həyata keçirilməsi, Amerika-Azərbaycan münasibətlərinin yeni müstəviyə qaldırılması kimi dəyərləndirilib, eyni zamanda bu münasibətlərin Azərbaycanda ağır sosial-iqtisadi və siyasi vəziyyətin aradan qaldırılmasına töhvə verəcəyinə ümidlər ifadə edilib.

Toplantıda Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarından sonra ölkədə manatın ucuzlaşacağı və ölkədə ağır sosial-iqtisadi böhranın yaranacağı ilə bağlı yaranmış narahatlıqlar müzakirə olunub. Qarabağ Bloku ölkədə yaranmış mövcud sosial-iqtisadi vəziyyəti Azərbaycan iqtidarının son 20 ildə apardığı yanlış iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirib. Eyni zamanda ölkədə yaranmış ağır iqtisadi böhranla bağlı iqtidar-müxalifət dialoqu çərçivəsində “Böhran qrupu”nun yaradılmasını və böhranın ağır nəticələrini qabaqlamaq və böhrandan aztəminatlı ailələrin qorunması üçün tədbirlər planın hazırlanmasnın vacibliyini qeyd edib. Qarabağ Bloku təkcə Azərbaycanda deyil, postsovet məkanında ağır sosial-iqtisadi fəlakətlərin qarşısının alınması üçün Ukrayna konfliktinin ədalətli və tezliklə həll olunmasının vacibliyini bildirib və beynəlxalq ictimaiyyəti bu istiqamətdə təxirəsalınmaz tədbirləri həyata keçirməyə çağırıb.

Qarabağ Bloku Rusiya Dövlət Dumasının üzvü, Rusiya Kommunist Partiyasının sədri G.Züqanovun Bakı səfəri, onun ölkə prezidenti tərəfindən yüksək səviyyədə qəbul edilməsi məsələsinə münasibət bildirib və bu görüşün nəticələrinin xalqdan gizlin tutulması, qeyri-şəffaflıq şəraitində keçirilməsi faktını yolverilməz hesab edib. Eyni zamanda toplantı iştirakçıları Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı şəkildə qorunub saxlanmasının vacibliyi ilə yanaşı Azərbaycan iqtidarına təsir göstərərək onu Azərbaycan xalqının maraqlarına uyğun gəlməyən birliklərə, xüsusən Avrasiya İttifaqına qoşmaq cəhdlərini qətiyyətlə pisləyib.

Qarabağ Bloku son zamanlar Naxçıvanda həyata keçirilən şübhəli həbsləri də müzakirə edib, həmin həbslərin siyasi motivli olmasından narahtlıq ifadə olunub və hüquq-mühafizə orqanlarını həyata keçirilən həbslər barədə ictimaiyyətə obyektiv informasiya verməyə çağırıb.

Qarabağ Bloku Qərbdə və Avropada son zamanlar müsəlmanlara qarşı təbliğatdan, Məhəmməd Peyğəmbəri və İslami dəyərlərin təhqir edilməsindən narahatlığını ifadə edib, eyni zamanda terroru qətiyyətlə pisləyərək, bütün müsəlmanları da beynəlxalq hüquq müstəvisində davranmağa çağırıb və terrorun çıxış yolu olmadığını bir daha diqqətə çatdırıb.

Qarabağ Bloku Beynəlxalq Ana Dili günü ərəfəsində bir daha Güney Azərbaycanda öz milli haqlarından məhrum edilən soydaşlarımızın durumunu müzakirə edərək İran hakimıyyətini öz əsas qanununa və 35 milyonluq bir toplumun təməl haqlarına riayət etməyə çağırıb.

Printer »»»