Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

09.02.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Ölkə başçısı İ.Əliyevin Münhen Konfransında iştirakı və bu konfransda istər Qarbağ problemi ilə bağlı, istərsə də Avropada təhlükəsizliyin qorunması istiqamətində Azərbaycanın mövqeyini əks etdirən bəyanatlarına münasibət bildirib və bu səfəri Azərbaycanın səsinin dünyaya çatdırılması baxımından müsbət dəyərləndirib.

İdarə Heyəti Ukrayna və Rusiya arasında yaranmış münaqişənin sülh yolu ilə həll edilməsi üçün Almaniya kansleri A.Merkelin və Fransa prezidenti F.Ollandın əvvəlcə Ukraynaya sonradan isə Rusiyaya səfərinin nəticələrinə münasibət bildirib və Avropanın aprıcı dövlətlərinin məsələnin həlli istiqamətində etdiyi təşəbbbüslərin müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib. Eyni zamanda Rusiyanın Krımın işğalından sonra Ukraynanın şərqində törətdiyi pozucu hərəkətləri, separatçılara dəstək verməsini, canlı və hərbi yardımlar etməklə münaqişənin daha da dərinləşməsində rolunu qətiyyətlə pisləyib və beynəlxalq gücləri Rusiyanın işğal və ilhaq siyasətinə qarşı səylərini birləşdirməyə, onun imperialist və təcavüzkar planlarının qarşısını almaq üçün daha ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti bir sıra dövlət orqanlarında ixtisarların aparılması, paralel nazirlik və komitələrin vahid strukturlarda birləşdirilməsi, dövlət aparatının sadələşdirilməsi ilə bağlı hakimiyyətin keçirdiyi islahatları müsbət dəyərləndirib və bu ixtisarların eyni ehtiyacın duyulduğu başqa dövlət orqanlarında da aparılmasının vacibliyini diqqətə çatdırıb. Eyni zamanda partiya yetkililəri bu ixtisarların aparılması zamanı çox sayda insanların öz iş yerlərini itirməsi, uzun illər ərzində yetişdirilən kadrların faydalı iş əmsalının sıfıra enməsi faktlarını nəzərə alaraq onların yeni işlə təmin olunması, sosial hüquqlarının qorunması istiqamətində lazımı tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti son vaxtlar Gürcüstanda yaşayan soydaşlarımızın doğma vətəni Azərbaycana gəlişi, Gürcüstandan ucuz qiymətə aldıqları malları ölkəmizə gətirərək iqtisadi güzəranını təmin etməsi üçün sərhədlərdə üzləşdiyi süründürməçilik, onlardan qeyri-qanuni olaraq haqq tələb edilməsi hallarının artdığını pisləyib və hakimiyyəti gömrük orqanları və digər sərhəd strukturlarında çalışan əməkdaşlar haqqında soydaşlarımıza qarşı yaratdıqları əngəlləri aradan qaldırmaq üçün ciddi tədbirlər görməyə çağırıb.

İdarə Heyəti ölkəmizdə keçiriləcək birinci Avropa Yay Oyunlarının ölkəmiz üçün əhəmiyyətini, bu cür beynəlxalq tədbirlərin ölkəmizin dünyada tanınmasına verə biləcəyi töhfəni nəzərə alaraq hakimiyyəti bu tədbirin keçirilməsində qarşıya çıxa biləcək maneələri aradan qaldırmağa, ciddi təhlükəsizlik addımları atmağa, ölkədə daxili sabitliyin və vətəndaş həmrəyliyinin təmin edilməsi üçün demoktatik islahatlar keçirməyə, insan haqlarının qorunması, vətəndaş azadlıqlarının təmin edilməsi, söz, mətbuat, sərbəst tolaşma azadlıqlarının təmin edilməsi istiqamətində üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə səsləyib.

Printer »»»