Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

22.12.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə son vaxtlar ölkədə insan haqlarının, demokratiyanın pozulması, vətəndaş cəmiyyəti institutlarına qarşı repressiyaların gücləndirilməsi, siyasi motivli həbsllərin davam etməsi fonundan Qərb diplomatları tərəfindən Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi barədə çağırışlara münasibət bildirib və bu çağırışların ölkəmiz üçün arzuolunmaz nəticələr verə biləcəyindən narahat olduğunu diqqətə çatdırıb.
Gələn ilin əvvəlində ABŞ Konqresində keçirilməsi nəzərdə tutulan dinləmələrdə Azərbaycana qarşı daha sərt sanksiyaların tətbiq ediləcəyi, Yay Olimpiya Oyunlarında Avropa liderlərinin iştirakının məqbul hesab edilməməsi kimi çağırışların arxasında məhz Azərbaycan hakimiyyətinin antidemokratik mövqe sərgiləməsi, insan hüquq və azadlıqlarına məhəl qoymaması, siyasi məhbus probleminin gündəmdə qalması, inanc sahiblərinin, siyasi müxalifətin, gənc aktivlərin, qeyri-hökumət təşkilatları rəhbərlərinin həbs edilməsi faktlarının durduğuna işarə edən partiya yetkililəri hakimiyyəti Qərbin çağırışlarına adekvat reaksiyalar verməyə, ölkəmizi beynəlxalq qınaqlar qarşısında qoyan qaba siyasətə son qoymağa, beynəlxalq öhdəlikləri yerinə yetirməyə və vətəndaş həmrəyliyinə, siyasi sabitliyə xidmət edən demokratik islahatlar keçirməyə çağırıb.

İdarə Heyəti Avropa Parlamentinin Gürcüstanla assosiasiya sazişini dəstəkləməsini yüksək qiymətləndirib, bu addımın adı çəkilən ölkənin Avroatlantik məkana inteqrasiya olunmasında əhəmiyyətini qeyd edib və hakimiyyəti Qərbə yönəlik siyasət izləməyə çağırıb.

İdarə Heyəti Avropa İttifaqının, eləcə də ABŞ-ın Rusiyanın Ukraynaya qarşı ilhaq və işğal siyasətinə qarşı iqtisadi, siyasi təzyiqlərini artırmasını, ayrıca olaraq separatçı Krım rejiminə sanksiyaların tətbiq edilməsini təqdir edib, eyni zamanda Qərbin separatçı rejimlərə ikili standartlardan yanaşmasını, bu cür sanksiyaların qondarma Qarabağ rejiminə tətbiq etməməsini pisləyib və beynəlxalq təşkilatları regionda sülhün və təhlükəsizliyin pozulmasında aktiv rol oynayan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini durdurmağa çağırıb.

İdarə Heyəti imperialist iddialarından geri durmayan, işğalçı və təcavüzkar siyasətini davam etdirən, atom silahına malik dövlət kimi dünyanı hərbi güclə təhdid edən Rusiyaya qarşı Qərbin iqtisadi, siyasi sanksiyalarının artdığı, bütün vasitələrlə şər imperiyasını susdurmağa çalışdığı bir vaxtda Azərbaycan hakmiyyətinin Rusiya ilə hər cür iqtisadi əməkdaşlıq etməsini, onun dünyaya meydan oxumasına susqunluq nümayiş etdirməsini məqbul hesab etməyib və iqtidarı rusmeyilli siyasətə son qoymağa, Rusiyanın iqtisadi cəhətdən güclənməsinə xidmət edən addımlar atmamağa çağırıb.

İdarə Heyəti bir neçə gün öncə ilahiyyatçı Elşən Mustafaoğlunun həbs olunaraq barəsində həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq dövlət orqanlarının bu günədək onun həbsi barədə ictimaiyyətə məlumat verməməsini ölkə qanunlarının və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirib, eyni zamanda adı çəkilən ilahiyyatçının da həbsində siyasi motivlərin dayandığından narahatlığını ifadə edib.

İdarə Heyəti qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə ölkə başçısını bu həmrəyliyin təcəssümü olaraq siyasi motivlərlə həbs edilən şəxslərin azad olunması üçün əvf fərmanı imzalamağa çağırıb və belə bir addımın humanizm prinsipləri və ölkədə vətəndaş sülhünün əldə olunması baxımından dəyərli olduğunu diqqətə çatdırıb.

Printer »»»