"Qarabağ" bloku ölkə və dünya gündəmini müzakirə etdi

18.12.2014

ADP-nin Mərkəzi Qərargahında Sərdar Cəlaloğlunun sədrliyi ilə “Qarabağ” siyasi blokunun növbəti toplantısı keçirilib.

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İclasın gündəliyində birinci məsələ kimi Milli Məclisdə KİV haqqında qanuna əlavə və dəyişiklilərin qəbul edilməsinə münasibət bildirilib və mətbuat orqanlarına bir ildə iki dəfə məhkəmə sanksiyasının tətbiqindən sonra həmin orqanın dərhal bağlanması şərtlərini özündə ehtiva edən belə bir mürtəce dəyişiklikdən ciddi naraharlıq ifadə edilib.
Blok yetkililəri bu hadisəni antidemokratik addım kimi dəyərləndirib və Venesiya Komissiyasını qəbul edilən dəyişikliklərə rəy bildirməyə, azad mətbatın məhdudlaşdırılmasına yönələn bu hərəkətlərin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırıb. Eyni zamanda KİV haqqında Qanuna edilən dəyişikliklərin ölkə Konstitusiyasına uyğunluğunun araşdırılması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət ünvanlamağı “Qarabağ” blokunun həmsədri, millət vəkili İqbal Ağazadəyə həvalə olunub.


Blok iştirakçıları son günlər ölkə televiziyalarında antiqərb təbliğatının aparılması, insan haqları ilə bağlı əlaqəli Avropa strukturlarına qarşı qara piar təşkil edilməsi faktından narahat olduğunu bildirib və bu qaralama kompaniyasının qərblə iqtisadi əməkdaşlıq perspektivlərinə zərbə vuracağını qeyd edib və hakimiyyəti gələn ilin yayında Azərbaycanda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində Qərblə qarşıdurma siyasətindən daha çox uzlaşma siyasətinə önəm verməyə çağırıb.

Blok iştirakçıları 16 dekabr tarixində Pakistanın Peşavar vilayətində tədris ocağına edilən terror hücumu nəticəsində əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın tələfatına səbəb olan terror hadisəsini də müzakirə edib. Bu tipli terror hadisələrinin qarşısının alınması üçün təsirli vasitə kimi cəmiyyətlərin azad və demokratik olmasının vacibliyini bir daha qeyd edib. “Qarabağ” Bloku bir daha terroru şiddətlə qınadığını, dünyanın harasında olursa-olsun dinc insanların zərər görməsini, həyatlarını itirməsini lənətlədiyini bildirərək Blokun üzv və tərəfdarları adından Pakistanın Azərbaycandakı səfirliyinə başsağlığı məktubunun göndərilməsini qərara alıb.


Printer »»»