ADP İdarə Heyəti həmsədrləri ermənipərəstlikdə qınadı

24.11.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı kleçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər ətrafında müzakirələr aparılıb.

Toplantıda ilk növbədə hava sərhədlərimizi pozan və xəbərdarlıq edilməsinə baxmayaraq hava məkanımızda təxribatlarını davam etdirən Ermənistana məxzsus vertolyotun hərbiçilərimiz tərəfindən məhv edilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun sərgilədiyi mövqe müzakirə olunub.
Müzakirələrdə qeyd edilib ki, işğal altında olan Azərbaycan ərazilərinin statusu ATƏT-in Minsk qrupu tərəfindən “neytral zona” kimi ifadə edilməsi düzgün deyil. İdarə Heyəti ATƏT-in Minsk qrupunun bu cür mövqeyini ermənipətəst bir mövqe kimi dəyərləndirib və bu davranışı danışıqlar yolu ilə işğal altında olan Azərbaycan torpaqlarının Ermənistana verilməsinə xidmətin əlaməti kimi qəbul etdiyini bildirib. Eyni zamanda qeyd edilib ki, işğal altında olan Azərbaycan torpaqları üzərində Azərbaycan dövləti tərəfindən həyata keçirilən suveren hüquqa heç bir dövlət mane ola bilməz.


Müzakirələrdə separatçı Abxaziya Resublikasının rəhbərinin Moskvada Rusiya ilə imzalayacaq müttəfiqlik sazişi də müzakirə olunub. İdarə Heyəti Abxaziyanın beynəlxalq hüququn subyekti olmadığına görə Rusiya və Abxaziya arasında imzalanacaq müttəfiqlik sazişişinin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib. Eyni zamanda bu halın Rusiya tərəfindən Gürcüstanın azadlığına, suverenliyinə və müstəqilliyinə müdaxilə kimi dəyərləndirən toplantı iştirakçıları dünya ictimaiyyətini Cənubi Qafqazda, o cümlədən dünyada sülhü və təhlükəsizliyi təhdid edən bu presedentə qarşı sərt mövqe ortaya qoymağa çağırıb.

İdarə Heyəti son zamanlar Rusiya mətbuatında Cənubi Qafqaza Rusiyanın intervensiyası ilə bağlı gedən məlumatları qətiyyətlə pisləyib, provokasiya xarakterli bu cür məlumatların Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana qarşı təhdid kimi dəyərləndirib. Qeyd edilib ki, Rusiya ilə Cənubi Qafqaz ölkələri arasında olan münasibətlər beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməli və qurulmalı, hər bir dövlətin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşılmalıdır.

İdarə Heyəti Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Baydenin Türkiyəyə səfərini və bu səfərin nəticəsi olaraq Yaxın Şərqdə baş verən hadisələrin yoluna qoyulması baxımından Türkiyə ilə ortaq mövqedən çıxış etməsini müsbət addım kimi dəyərləndirib. Müzakirələrdə qeyd edilib ki, Türkiyənin regionda bölgəsəl güc kimi təkcə Yaxın Şərqdə deyil, o cümlədən Cənubi Qafqazda mövcud olan problemlərin, xüsusən Dağlıq Qarabağ probleminin həllində iştirakı regionun təhlükəsizliyi baxımdan çox önəmlidir.

İdarə Heyəti ötən həftə ABŞ-ın Helsinki Komissiyasının Vaşinqtonda “ATƏT regionunda korrupsiya ilə mübarizə: yaxşı idarəçilik və təhlükəsizlik arasında əlaqə” adlı dinləmədə Azərbaycandakı mövcud vəziyyətin də gündəmə gətirilməsini təbii qəbul edib, eyni zamanda həmin dinləmədə Azərbaycan tərəfindən dəvət olunan məruzəçinin iştirak etməsinə imkan verilməməsini təəssüfləndiyini bildirib. Müzakirələrdə dünyada sülhün və təhlükəsizliyin qarşısında duran və terrorizmin çiçəklənməsinə rəvac verən ən böyük sosial bəlaya qarşı mübarizədə Azərbaycan hakimiyyətini daha ciddi addımlar atmağa çağırılıb.

İdarə Heyəti həbsdə olan siyasi məhbusların bir çoxunun səhhətində yaranmış ciddi problemlərdən, o cümlədən onların həbs müddətlərinin heç bir hüquqi əsas olmadan uzadılması hallarınından bir daha narahatlığını ifadə edib, beynəlxalq ictimaiyyətin Azərbaycanda siyasi məhbus problemini ciddi şəkildə müzakirə etdiyi bir vaxtda Azərbaycan hakimiyyətinin həmin şəxslərə qarşı aqressiv münasibətini başadüşülən hesab etməyib. İdarə Heyəti bir daha Azərbaycan hakimiyyətindən siyasi məhbusların azadlığa buraxılması istiqamətində addımlar atmağa çağırıb.

Printer »»»