Xaliq Bahadırın tarix keşikçiliyi

12.10.2014

Onun son vaxtlar Sərdar Cəlaloğlunu hədəfə almasının arxasında hansı niyyətlər dayanır?
Milli Azadlıq Hərəkatının lideri, eks-prezident, AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyə vaxtilə yaxınları tərəfindən belə bir sual verilir: «Bəy, filan jurnalistlər (etika xatirinə adlarını çəkmirik - müəl.) sizin əleyhinizə yazırlar. Onlara nə üçün cavab vermək istəmirsiniz?». Bildiyimizə görə, Ə.Elçibəyin sual müəllifinə cavabı aşağıdakı kimi olub: «Bir halda ki, onlar məni söyməklə pul qazanırlar, nə üçün onların çörəyinə mane olum?!»

Yəqin ki, bu fakt dəyərli cəbhəçi dostlarımızın bir çoxuna məlumdur. Yeri gəlmişkən, qeyd edim ki, əslində Əbülfəz bəyin əleyhinə yazan iqtidar mətbuatı, yaxud da fərqli ideologiyanın daşıyıcısı olan qələm sahibləri deyildi. Təəssüf ki, Ə.Elçibəy Kələkidən qayıtdıqdan sonra onun haqqında təhqiramiz yazılar elə öz ətrafındakı şəxslər tərəfindən sifariş olunurdu. Çünki Elçibəyin Kələkidən qayıtması həmin şəxsləri narahat edirdi və onların dönəmin iqtidarı ilə Prezident Aparatında şampan partladaraq bağladığı «saziş»in həyata keçməsinə mane olurdu.
Mövzudan kənar olsa da, dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, rəhmətlik Əbülfəz bəyin özü də hələ Kələkidə olduğu vaxtlarda məlum anlaşmadan xəbərdar idi. Hətta o, “saziş”ə imza atan şəxsi Kələkiyə çağıraraq, onunla bu haqda açıq söhbət də etmişdi. Həmin dönəmdə cəbhəçilərin dilindən düşməyən «Kələkinin göz yaşları» ifadəsi də bu zaman meydana çıxmışdı.
Əlbəttə, biz AXCP-nin yaxın tarixini təkrar araşdırmaq fikrindən uzağıq. Hər halda, Ə.Elçibəyin Kələkidən qayıtdığı il elə də uzaq deyil. Ondan sonra Bəyin əleyhinə yazılan məqalələr də hələ bir çoxlarımızın evimizdə saxladığımız arxivdə qalmaqdadır. Odur ki, biz Əbülfəz bəyin əleyhinə yazılan yazıları deyil, onun bir cümlə ilə sözügedən yazılara verdiyi reaksiyanı oxucularımızın diqqətinə çatdırmağı lazım bildik...
Bəlkə də bu xatırlatmaya heç ehtiyac da yox idi. Lakin bu yaxınlarda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə bu sətirlərin müəllifi arasında olan bir söhbətdən sonra bu xatırlatmanı qələmə almağı vacib bildim. Bəri başdan deyim ki, məqsədim heç də Əbülfəz Elçibəylə Sərdar Cəlaloğlu arasında müqayisə aparmaq deyil. Ancaq vaxtilə Ə.Elçibəyi az-çox tanıyan birisi olaraq onu da deyə bilərəm ki, son dövrlər özlərini onun ideologiyasının davamçısı hesab edən bir çox siyasilərdən fərqli olaraq S.Cəlaloğlunun bu istiqamətdə fəaliyyəti daha prinsipial görünür. Üstəlik, istər bütün mövzularda mətbuata açıq olması, istər də milli maraqlar naminə bütün tənqidləri öz üzərinə götürməkdən çəkinməməsi onun Əbülfəz Elçibəy siyasi-ideoloji xəttinə daha yaxın olduğunu deməyə əsas verir. O cümlədən, aşağıda açıqlayacağım bir fakt S.Cəlaloğlunun xaraktercə də Ə.Elçibəyə yaxın bir siyasətçi olduğunun bariz nümunəsi hesab oluna bilər...
Dəyərli oxucuların diqqətinə çatdırım ki, sentyabrın 13-də «Azadlıq» qəzetində Xaliq Bahadırın «Sərdar Cəlaloğlunun yeni tarix yaradıcılığı» sərlövhəli yazısı dərc olunmuşdu. Həmin yazı qərəz və qeyri-obyektiv “faktlar” üzərində qurulduğundan müəllifə tutarlı cavab verməyin vacibliyini Sərdar bəyin diqqətinə çatdırdım. Lakin o, Xaliq Bahadırla münasibətlərinin yaxşı olduğunu, bu səbəbdən də ona hər hansı cavab verməyə ehtiyac duymadığını bildirdi. Üstəlik, əlavə etdi ki, görünür, müəllif həmin yazını qonorar xətrinə və kiminsə (əslində həmin şəxsin adını da açıqladı - müəl.) sifarişi ilə yazıb.
Elə bu səbəbdən də biz «Hürriyyət» olaraq qələminə hörmət etdiyimiz X.Bahadırın öz iç dünyasını əks etdirməyən qərəzli və sifarişli yazısına cavab verməyə ehtiyac duymadıq.
Təxminən 10 gün sonra - 25 sentyabrda müəllifin yenə həmin qəzetdə Sərdar Cəlaloğluna yönəlik «Adını «demokrat» qoyan partiyanın antidemokratik şantaj taktikası» sərlövhəli yazısı dərc olundu. Bu yazı da əvvəlkindən fərqli olmayaraq aşkar qərəz üzərində qurulmuşdu. Həm də ADP funksionerlərindən birinin Xaliq Bahadırın öncəki məqaləsinə verilmiş bir cümləlik cavaba əks-reaksiya kimi başa düşülə bilərdi. Hansı ki, X.Bahadır «Sərdar Cəlaloğlunun yeni tarix yaradıcılığı» sərlövhəli yazısında «Mən Özgür-Demokratik Azərbaycan yolçusu olaraq S.Cəlaloğlu ilə 2013-cü il prezident seçkisində qurtarmışam... Debat dönəmində yalançı adaylar, milli-mənəvi, demokratik-siyasi sınırları aşaraq hamılıqla müxalifətin gerçək adayı professor Cəmil Həsənlini təkləyib çıxdaş etməyə çalışırkən, susqunluq sərgiləyən Sərdar Cəlaloğlu özünü topluma - ölkəyə artıqlamasıyla tanıtmış oldu. O, onda nə milli-mənəvi dəyərlərə arxa durdu, nə də demokratiya dəyərlərinə. Bitdi, qurtardı!» deyə bildirmişdi. ADP sədrinin müavini Taliyət Əliyev isə, həmin yazı sosial şəbəkələrdə paylaşılarkən, «... Yadımdadır, 2003-cü il prezident seçkilərindən sonra Xaliq Bahadır ADP-nin qərargahına gəlmişdi. O zaman da onun üçün Əli Kərimli bitmişdi, onun haqqında nələr danışırdı. Könlünüz xoş olarsa, deyin, yazaram burada...» - deyə status paylaşmışdı. Üstəlik, ADP yetkilisi, S.Cəlaloğlunun məlum debatlar zamanı istər AXCP sədri Əli Kərimlinin ailə üzvləri haqqında səslənən təhqiramiz ifadələrə verdiyi cavabı, istər də Cəmil Həsənlini müdafiə etmək, onu qorumaq naminə debatı Milli Şuranın namizədi ilə birgə yarımçıq tərk etdiyini özündə əks etdirən video-görüntüləri paylaşmışdı. T.Əliyev bununla Xaliq Bahadırın heç də öz yazısında həqiqəti qələmə almadığını, əslində, «tarix keşikçisi» cildinə girərək, bağlı olduğu siyasi partiyanın mövqeyindən çıxış etdiyini nümayiş etdirmişdi.
Şübhə yoxdur ki, Xaliq Bahadırın özünün də etiraf etdiyi kimi, «Adını «demokrat» qoyan partiyanın antidemokratik şantaj taktikaları» sərlövhəli ikinci yazısı məhz özünümüdafiə, hətta belə demək mümkünsə, ifşa olunmasının qarşısını almaq məqsədi daşıyırdı. Elə bu səbəbdən də həmin yazıda S.Cəlaloğludan daha çox T.Əliyev hədəfə alınmış, aşkar qərəz və qıcıq doğuran ifadələrdən daha çox istifadə edilmişdi. Hətta müəllif ADP-ni, yazı başlığından da göründüyü kimi, onu şantaj etməkdə ittiham etmişdi. Halbuki, ADP yetkilisi X.Bahadırın sosial şəbəkələrdə paylaşılan yazısının altından bir cümləlik status yazmış və prezidentliyə namizədlərin debatı zamanı hər kəsə bəlli olan bir faktı video-rolik şəklində təkrar gündəmə daşımışdı. Odur ki, burada hər hansı şantajdan söhbət gedə bilməzdi. Digər tərəfdən, bir halda ki, X.Bahadırın ittiham hədəfi olan Sərdar Cəlaloğlu ona cavab verməyə ehtiyac duymayıbsa, partiya onu necə şantaj edə bilərdi?!
Maraqlıdır ki, Xaliq Bahadır bütün bunlarla yetinməyərək «Azadlıq» qəzetinin 8 oktyabr tarixli sayında Sərdar Cəlaloğlunu yenidən hədəfə alıb. Müəllif bu dəfə də ADP sədrini tarixi şəxsiyyətlərimizi təhqir etməkdə suçlayıb və onun bu məsələdə kimlərdənsə sifariş aldığını bildirib: «... Keçmişimiz-tariximiz içdən-dışdan təpiklənib-dışlanmaqdadır. Elə bil haralardansa göstəriş verilib: içdən də, dışdan da keçmişimizi-tariximizi əlləşdirib gözdənsalma kampaniyası aparılır. İçdə bu kampaniyanın önündə gedənlərdən biri Demokrat partiyasının sədri Sərdar Cəlaloğludur... Bu adam elə bil keçmişimizə - tariximizə yalnız keçmişimizi - tariximizi gözdən salmaqla özünün aktiv fiqurantlarından olduğu bugünkü intriqaları keçmişlərə daşımağa, bu yolla xalqı bir daha bölüb-parçalamağa çalışır. Sonuncu belə fakt onun M.Füzuli, Babək, Koroğlu ilə bağlı dedikləridir». Bu yazıda müəllif öncəki yazılardakı fikirlərini təkrar qələmə almaqla yanaşı, S.Cəlaloğlunun mətbuatda onunla bağlı cəmi bir faktı açıqlamasından narahatçılığını büruzə verir. Əslində, elə növbəti - üçüncü yazının da ADP sədrinin mətbuata verdiyi «Səməd Vurğunun iki əsəri haqqında tənqidi fikirlərimi ifadə etdikdən sonra Xaliq Bahadır mənə zəng vurdu. Dedi ki, məndə Səməd Vurğun haqqında ifşaedici material var, göndərim, öz adından çap elə. Mən də dedim ki, Səməd Vurğunla mübarizə aparmıram, vuruşmuram, ayıb olsun sənə» açıqlamasına cavab olduğu istisna deyil. Belə anlaşılır ki, X.Bahadır yenə də ifşa olunduğunu görərək, vəziyyətdən çıxmaq üçün yenidən ADP sədrini hədəfə alıb. Əslində, bu faktın özü göstərir ki, bundan öncəki iki yazısında Sərdar Cəlaloğlunu Səməd Vurğun haqda işlətdiyi ifadələrə görə hədəfə alan müəllif heç də səmimi olmayıb. Bununla həm də sözügedən yazıların sifarişli olduğu, müəllifin iç dünyasını əks etdirmədiyi aydın olur. Əks halda, onun hansısa dostundan əldə etdiyi S.Vurğun haqda faktları ADP sədrinə çatdırmaq istəyini necə başa düşmək olar?!
Məlumat üçün bildirək ki, Xaliq Bahadır sonuncu yazısında S.Cəlaloğlunun mətbuata açıqladığı faktı dolayısıyla təsdiq edib: «... Elmlər Akademiyasında işləyən dostum Yadigar Türkel mənimlə görüşüb, bir vərəq kağız verdi: «Dostumuz Sərdar bəy yanlışa yol verib, Səməd Vurğunla bağlı ağzına gələni danışıb, indi yer-yerdən üstünə tökülüşüb sıxışdırırlar, al bu şeiri ver ona çap elətdirib canını qurtarsın». Bundan sonra mən Cəlaloğluna zəng vurub, Yadigar bəyin dediklərini ona yetirmişəm. O, mənə yalnız «sağ ol» deyib, «ayıb olsun» yox».
Göründüyü kimi, X.Bahadır Səməd Vurğun haqqında hansısa faktı Sərdar Cəlaloğluna ötürməkdə maraqlı olub. Deməli, dolayısıyla onun özü də S.Cəlaloğlu ilə bu məsələdə həmfikir olduğunu nümayiş etdirib. Əks halda, S.Vurğunun əleyhinə olan hansısa faktın mətbuatda işıq üzü görməsi onun nəyinə gərəkdir?
Yuxarıda sadalanan faktlar bir daha təsdiq edir ki, Xaliq Bahadırın Sərdar Cəlaloğlunu ittiham hədəfi seçməsi heç də onun Səməd Vurğun, eləcə də M.Füzuli, Babək və Koroğlu haqda gerçəkləri dilə gətirməsi ilə bağlı deyil. Sadəcə, ona verilən sifariş əsasında S.Cəlaloğlunu gözdən salmaq, aşağılamaq, təhqir etmək lazımmış. Görünür, indiyə kimi xaliq bahadırların Sərdar Cəlaloğlunu “hakimiyyətin adamı” kimi təqdim etmələri cəmiyyətdə ciddi qəbul olunmadığından, indi fərqli taktikaya üstünlük veriblər. Baş verənlər onu deməyə əsas verir ki, Xaliq Bahadırın birbaşa və ya dolayısı ilə bağlı olduğu düşərgə S.Cəlaloğlunun Rusiya əleyhinə bəyanatlarından və Kremlin Azərbaycan müxalifətinin bəlli qanadı ilə işbirliyini de-şifrə etməsindən olduqca narahatdır...    
... Oxucuların diqqətinə çatdırım ki, Xaliq Bahadırın üçüncü yazısı işıq üzü gördükdən sonra təkrarən Sərdar bəylə görüşüb, ona məlum ittihamlara cavab verməyin zəruri olduğunu bildirdim. Düşünürdüm ki, “Hürriyyət”in təsisçisi olaraq indiyə qədər qəzetin yaradıcılıq işinə heç bir zaman qarışmasa da, bu dəfə haqqında yazılan şər-böhtana cavab verməyimizə mane olmayacaq. Lakin S.Cəlaloğlunun mənə verdiyi cavab gözlədiyimin tam əksi oldu: «Bir halda ki, Xaliq Bahadır məni tənqid etməklə pul qazanır, ailəsini dolandırır, ona o qədər də fikir vermək lazım deyil. Onsuz da xalq gec-tez kimin haqlı, kimin haqsız olduğunu biləcək».
Sərdar bəyin bu fikrindən sonra istər-istəməz Elçibəyin yuxarıda deyilən sözləri yadıma düşdü. Etiraf edim ki, bundan sonra Xaliq Bahadır haqda qələmə almaq istədiyim yazının mövzusunu tamamilə dəyişmək məcburiyyəti qarşısında qaldım. Yəni, onun hər üç yazısında sadaladığı ittihamların qərəzli olduğunu bir-bir aydınlaşdırmaq əvəzinə, X.Bahadırın nədən S.Cəlaloğlunu hədəfə götürdüyünü aşkara çıxarmaq istədim. Deməli, ortada yenə də Əbülfəz Elçibəyin dediyi, daha sonra Sərdar Cəlaloğlunun təkrarladığı bir həqiqət var - haqlını söyərək çörəkpulu qazanmaq həqiqəti!

Rəşad

P.S. Bu yazı heç də Xaliq Bahadırın Sərdar Cəlaloğluna yönəlik ittihamlarına cavab deyil...

Printer »»»