"Qarabağ" bloku ölkə və dünya gündəmini müzakirə etdi

27.08.2014

Bu gün ADP-nin Mərkəzi Qərargahında Sərdar Cəlaloğlunun sədrliyi ilə “Qarabağ” siyasi blokunun növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İclasın gündəliyində birinci məsələ kimi son zamanlar ölkədə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə qarşı həyata keçirilən repressiv siyasət müzakirə olunub. Müzakirələrdə hüquq müdafiəçisi və jurnalist, Demokratiya və QHT-lərin İnkişaf Resursu Mərkəzinin təmsilçisi İlqar Nəsibovun Naxçıvanda vəhşicəsinə və xüsusi amansızlıqla döyülməsi faktından ciddi narahatlıq ifadə olunub və insan hüquq və azadlıqlarına qarşı yönəlmiş bu zorakılıq faktı qətiyyətlə pislənilib.

“Qarabağ” bloku bu basqıların məhz Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etdiyi dövrə təsadüf etməsindən dolayı daha dözülməz olduğunu diqqətə çatdırıb. Eyni zamanda qeyd edilib ki, baş vermiş olayla bağlı DİN tərəfindən verilən rəsmi məlumat baş vermiş cinayət hadisəsinin ört-basdır edilməsinə xidmət etdiyindən qəbuledilməzdir. “Qarabağ” bloku dövlət başçısını baş vermiş cinayət hadisəsinə münasibət bildirməyə, eyni zamanda İ.Nəsibovun həyatına sui-qəsdin əsil sifarişçilərinin və icraçılarının qanun qarşısında cavab verməsi üçün hadisəsinin obyektiv araşdırılmasını xüsusi nəzarətə götürməyə çağırıb. “Qarabağ” bloku eyni zamanda son zamanlar vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinə qarşı həyata keçirilən həbslərin və sui-qəsdlərin gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan birinci yay Avropa Olimpiya Oyunlarının ərəfəsində baş verməsini bu beynəlxalq tədbirin demokratik dünya dövlətləri tərəfindən boykot olunmasına zəmin yarada biləcəyini bəyan edib.

“Qarabağ” bloku ötən həftə Abxaziyada keçirilən prezident seçkilərinin Rusiyanın təzyiqi və siyasi təsiri ilə keçirildiyini, Gürcüstanın müstəqilliyi və bütövlükdə beynəlxalq hüququn tələblərinin pozulması hesabına baş tutduğunu qeyd edib və dünya ictimaiyyətinin Abxaziyada keçirilən seçkilərin nəticələrinin tanımaması faktına hörmətlə yanaşdığını bildirməklə adı çəkilən ölkədə keçirilən seçkilərin nəticəsini tanımadığını bəyan edib.

“Qarabağ” bloku Minskədə Ukrayna, Avropa Birliyi və Avrasiya İttifaqı üçlüyünün (Rusiya, Belorusiya və Qazaxıstan) birgə genişləndirilmiş görüşünün keçirilməsini də müzakirə edib. Müzakirələrdə Ukrayna hadisələrinin tezliklə danışıqlar yolu ilə həll olunması istiqamətində Qərbin və Avropanın səyləri təqdir edilib, Rusiyanın isə bu məsələlərdə tutduğu mövqe qətiyyətlə pislənilib. Müzakirələrdə “Qarabağ” bloku Ukrayna hadisələrinin hərbi yolla davam etdirilməsinin yolverilməz olduğunu bildirib, eyni zamanda Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması üçün beynəlxalq təşkilatları və dünyanın siyasi güclərini Rusiyaya beynəlxalq hüququn tələblərinə əməl etmək üçün daha ciddi təsir göstərməyə çağırıb.

Toplantının sonunda cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Printer »»»