ADP bəyanat yaydı

01.09.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları son vaxtlar hakimiyyətin ayrı-ayrı bəhanələrlə vətəndaş cəmiyyəti institutları rəhbərlərinə, mətbuat əməkdaşlarına, gənc bloqqerlərə, siyasi fəallara qarşı başlatdığı repressiya və həbs kampaniyasından ciddi narahat olduğunu bildirib və ölkədə sabitliyin, vətəndaş həmrəyliyinin pozulmasına yönələn, Respublikamızın beynəlxalq imicinə xələl gətirən bu antidemokratik addımları qətiyyətlə pisləyib.

“Azadlıq” qəzetinin əməkdaşı, “Azərbaycan saatı” proqramının aparıcısı S.Həziyevin xuliqanlıq adı altında həbs edilməsi, Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü E.Quliyevin DİN rəhbəri R.Usubov tərəfindən məhkəməyə verilməsi, bundan əvvəl hüquq müdafiəçisi İ.Nəsibovun vəhşicəsinə döyülməsi faktlarına diqqət çəkən partiya yetkililəri bütün bu hərəkətlərin antidemokratik xarakter daşıdığı, ölkə qanunları və beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etdiyini bəyan edib və hakimiyyəti insan hüquq və azadlıqlarına, qanunun aliliyi prinsipinə, vətəndaşların azad siyasi fəaliyyət göstərmək hüquqlarına hörmətlə yanaşmağa çağırıb, siyasi motivlərlə həbs edilmiş şəxsləri azad etməyə, vətəndaş cəmiyyəti institutlarına qarşı repressiyalara son qoymağa çağırıb.

Eyni zamanda bu həbs və repressiyaların məhz Azərbaycanının növbət dönəmdə - Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etdiyi bir dövrdə baş verməsi faktının daha dözülməz olduğunu bildirən partiya rəsmiləri beynəlxalq təşkilatları bu faktlara seyrçi qalmamağa, həbs və repressiyaları durdurmağa və insan hüquq və azadlıqları istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə hakimiyyətə yönəlik təsirli tədbirlər görməyə çağırıb.

İdarə Heyəti Rusiya Dövlət Dumasının müavini V.Jirinovskinin Rusiya rəhbərliyini qonşu ölkələrin ərazilərini işğal etməyə, MDB məkanına daxil olan müsəlman ölkələrin ərazilərinə hücum etməyə səsləyən sərsəm bəyanatlarından narahat olduğunu bildirib və işğalçılığa, təcavüzə yol aşan, müharibəyə səsləyən bu cür bəyanatların beynəlxalq hüquq normaları ilə bir araya sığmdağını qeyd edib və beynəlxalq təşkilatları Rusiya rəsmiləri tərəfindən irəli sürülən zorakı bəyanatlara münasibət bildirməyə və bu tip şəxsləri beynəlxalq məhkəmə qarşısına çıxartmağa çağırıb.

İdarə Heyəti son vaxtlar ölkədə yaranan qiymət artımı ilə bağlı məsələyə münasibət bildirib və bu kəskin bahalaşmanın arxasında beynəlxalq təşkilatların Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar şəraitində Azərbaycan mallarının maneəsiz olaraq adı çəkilən ölkəyə daşınması faktının durduğunu qeyd edib, hakimiyyəti ölkə istehlakçılarının hüquqlarının pozulması hesabına yaranan qiymət artmının qarşısını almağa, daxili bazarın tənzimlənməsi üçün təcili addımlar atmağa çağırıb.

İdarə Heyəti Kaliforniya Ştatında qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı ştatın qəbul etdiyi qətnamədən narahat olduğunu, bunun beynəlxalq hüquq normalarının əleyhinə yönəldiyini və ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrliyi ilə bir araya sığmadığını bəyan edib və adı çəkilən ölkə səfirliyinə etiraz məktubunun ünvanlaması ilə bağlı qərar qəbul edib.

Azərbaycan Demokrat Partiyası ölkə başçısı İlham Əliyevin müxalifəti xarici dairələrdən maliyyə yardımı almasında ittiham etməsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

***AZƏRBAYCAN DEMOKRAT PARTİYASININ BƏYANATI

Mövcud olduğu gündən bu vaxta qədər heç bir dövlətdən və ya beynəlxalq təşkilatdan hər hansı bir ad altında maliyyə yardımı almadığından dövlət başçısı İlham Əliyevin müxalifət partiyalarının xarici dairələrdən maliyyə yardımı alması ilə bağlı ittihamının Azərbaycan Demokrat Partiyasına heç bir aidiyyatı yoxdur.

ADP belə hesab edir ki, ölkə başçısının ümumi qaydada müxalifət partiyalarına yönələn bu ittihamı bütün müxalifət partiyalarının fəaliyyətini şübhə altına saldığından bu cür ittihamları irəli sürərkən konkret adların çəkilməsi daha doğru olardı.

ADP müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı bir təşkilatı qrant və ya yardım almaqda ittiham etməyi yolverilməz hesab edir.

ADP bəyan edir ki, əksər dövlət orqanlarının xarici təşkilatlardan və dövlətlərdən müvafiq layihələrin həyata keçirilməsi üçün qrant aldığı bir halda, vətəndaş cəmiyyəti institutlarının leqal şəkildə qrant alması onlara qarşı heç bir halda siyasi ittihama çevrilməməlidir.

Printer »»»