ADP İdarə Heyətinin növbəti toplantısında Ukrayna hadisələrinə bir daha diqqət ayrılıb

10.02.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda dünyada və ölkədə baş verən bir sıra ictimai-siyasi proseslər müzakirə obyekti olub.
Toplantı zamanı Ukrayna hadisələrinə bir daha diqqət ayrılıb. Müzakirələrdə Ukraynada baş verən hadisələrin uzanmasından narahatlıq ifadə edən toplantı iştirakçıları, bunun səbəbi kimi Qərbin və Avropanın Ukrayna hadisələrinə münasibətdə vahid mövqedən çıxış edə və siyasətlərini uzlaşdıra bilmədiklərini göstərib eyni zamanda Qərbin və Avropanın istər Yaxın Şərq hadisələri, istərsə də Ukrayna hadisələrinə münasibətdə siyasətlərinin uzlaşdırılmasının məqsədə müvafiq olduğunu qeyd edib.
Müzakirələrdə Avropa Parlamentinin Ukraynadakı siyasi durumla bağlı - aksiya iştirakçılarına qarşı zor tətbiq edən məmurlara, deputatlara, oliqarxlara qarşı ünvanlı sərt sanksiyalar tətbiq edilməsi, adı çəkilən şəxslərin Avropa ölkələrinə səfərlərinə imkan verilməməsi, daşınmaz əmlakına və maliyə aktivlərinə həbs qoyulmasına dair qəbul etdiyi qətnaməni təqdir etmiş, eyni zamanda təkcə inqilabi stiuasiyalarda deyil, insan hüquq və azadlıqlarının pozulduğu, korrupsiya və rüşvətxorluğun mövcud olduğu dövlətlərlə bağlı da analoji qərarların qəbul edilməsinin vacibliyini qeyd edib.
Soçi Qış Olimpiya oyunlarının açılışı zamanı Azərbaycanın xəritəsinin təqdimatında Dağlıq Qarabağın və Gürcüstanın ərazisini əks etdirən xəritənin təqdimatında isə Cənubi Osetiya və Abxaziyanın üstündə “ağ duman”ın görünməsi məsələsinə münasibət bildirən toplantı iştirakçıları bu hərəkəti Rusiya tərəfindən Azərbaycan və Gürcüstana qarşı yönələn təxribat, hər iki dövlətin ərazi bütövlüyünə qəsd kimi dəyərləndirib, eyni zamanda qeyd edilib ki, Rusiya tərəfindən atılan bu addım bir daha sübut edir ki, Cənubi Qafqazın bu iki dövlətinin ərazisində baş verən separatist hərəkətlərinin arxasında Rusiya dayanır. İdarə Heyəti Rusiyanın bu hərəkətinə etiraz əlaməti olaraq Azərbaycan hakimiyyətini Soçi Qış Olimpiya oyunlarını baykot etməyə çağırıb.
Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsinin hazırlanması məsələsini müzakirə edən İdarə Heyəti bu addımın cəmiyyət üçün deyil, hakimiyyətdə təmsil olunan yüksək çinli dövlət məmurlarının korrupsiya yolu ilə əldə edilən vəsaitlərinin leqallaşdırılmasına xidmət edəcəyini bildirib. 
Sabiq səhiyyə naziri Əli İnsanov məhkəmə prosesində həyatına təhlükə olduğu ilə bağlı bəyanatına münasibət bildirən İdarə Heyəti bu bəyanatı nəzərə alaraq onun təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət orqanlarını müvafiq tədbirlər həyata keçirməyə çağırıb.
Son zamanlar başqa ölkələrdə, o cümlədən Suriyada vuruşan, silahlı birləşmələrdə iştirak edən radikal dini qrup üzvləri sıralarında Azərbaycan vətəndaşlarının da olmasından narahatlıq ifadə edən İdarə Heyəti insanların radikal qrupların təsiri altına düşməsinin səbəbini, ölkədə dinc demokratik mübarizənin qarşısının alınmasında, ağır sosial-iqtisadi vəziyyətdə və İslamın effektli təbliğatının aparılmamasında olduğunu bildirib.  
Toplantının sonunda bir sıra təşkilati və cari məsələlərə də baxılıb. 

Printer »»»