Sərdar Calaloğlunun ixtisarla etdiyi çıxışın geniş mətni

02.10.2013

(26 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentliyinə namizəd Sərdar Calaloğlunun ixtisarla etdiyi çıxışın geniş mətni)
Bu gün seçicilər yalnız iqtidar-müxalifət arasında yox, həm də seçkidə iştirak edən müxalifətdən olan alternativlər arasında seçim etməlidir. Ölkədə siyasi maarifləndirmə zəif olduğundan bu gün sadə vətəndaşlar üçün müxalif qüvvələr arasında seçim etmək olduqca çətindir. Ona görə də, bu gün ADP-nin Milli Şuraya daxil olan partiya və hərəkatlardan fərqini və nə üçün Milli Şura ilə birlikdə yox, ayrılıqda öz namizədi ilə seçkiyə qatılması ilə bağlı seçicilərin suallarına cavab vermək lazım gəlir.
ADP-nin Milli Şuraya daxil olan partiya və hərəkatlardan bir çox fərqli cəhətləri vardır:

1. ADP qeyri-revanşist qüvvədir: Məlumdur ki, Milli Şuranan tərkibi demokratik qaydada aşağıdan təşkilatlanmadı, əksinə yuxarıdan Rüstəm İbrahimbəyovun şəxsi seçimi əsasında formalaşdı. Buna görə də bir-birinə düşmən münasibəti bəsləyən qüvvələr eyni blokda fəaliyyət göstərməyə məcbur oldu. Bu hal Milli Şuranın geniş kütlələri öz ətrafına toplamaq və öz uzun ömürlüyünü təmin etmək və vahid namizədlə çıxış etmək imkanını sıfıra endirdi. Bu gün Cəmil Həsənli Milli Şurada təmsil olunan demokratik qüvvələrin - Müsavat və AXCP-nin namizədi kimi çıxış edir. KXCP ümumiyyətlə Milli Şuranın fəaliyyətində iştirak etmir. ACP, ALP və El Hərəkatı isə C.Həsənlini formal olaraq dəstəkləyir.

Digər tərəfdən, Milli Şura əsil həqiqətdə Rusiya proyekti kimi başlanğıcda Rusiyanın Azərbaycanla bağlı apardığı siyasətə xidmət üçün formalaşdırılmışdır. Bu siyasətin mahiyyəti ilə bağlı, Rusiya prezidenti V.Putinin müşaviri H.Sadıxov öz çıxışlarında açıq şəkildə bildirmişdir ki, “Azərbaycan hakimiyyəti Rusiyanın şərtlərinə razı olmayacağı təqdirdə Suriya və Misir hadisələri ilə üzləşəcək”. Məhz, buna görə potensial olaraq Azərbaycanı Suriya, Misir hadisələrinə sürükləyən proseslərdə iştirak edə biləcək qüvvələr Milli Şuraya seçilmişdi. Bu gün Milli Şuraya daxil olan qüvvələr bir-birindən nə qədər fərqlənsə də, onların hamısının bir eyni keyfiyyəti var. Bu qüvvələr əvvələr hakimiyyətdə təmsil olunub, sonra ya hakimiyyətdən uzaqlaşdırılıblar (AXCP, KXCP və Müsavat) ya da özləri uzaqlaşmağa məcbur olublar. (El, ACP, ALP) Əvvələr hakimiyyətdə olub sonra yenidən hakimiyyəti özlərinə qaytarmaq istəyən qüvvələr revanşist qüvvələrdir. Belə qüvvələr üçün iki keyfiyyət xarakterikdir; İntiqamçılıq və aqressivlik. Məhz Rusiya proyektində də Azərbaycanda Suriya variantı yaratmaq üçün məhz intiqamçı və aqressiv qüvvələr lazim idi. ADP heç bir hakimiyyətdə olmayıb və istər Elçibəy, istər H.Əliyev hakimiyyətinə dəvət olunsa da bundan imtina edib. Beləliklə, ADP Milli Şuradan fərqli olaraq qeyri-revanşist qüvvədir. Yəni intiqamçı və aqressiv güc deyil. Bu da ADP-nin hakimiyyətə gələcəyi təqdirdə ölkədə vətəndaş qarşıdurmasına səbəb olacaq siyasətin aparılmayacağının qarantıdır.

2. ADP ikili standartdan imtina edir: Milli Şuraya daxil olan siyasi güclərin siyasətləri ikili standarta əsaslanır: Onlar eyni hərəkətləri özləri edəndə buna xalqa qəhrəmanlıq kimi, başqaları edəndə satqınçılıq kimi təqdim edirlər. Məsələn, AXCP və Müsavat hər biri iki çağırış, hər dəfə  5-6 nəfərlə Milli Məclisə buraxılıblar. Onlar müxalifətin parçalanması müqabilində parlamentin işində iştirak ediblər, amma özləri iştirak etmədikləri son parlamentdə Ümid Partiyasından bir nəfərin parlamentdə iştirakını xalqa xəyanət kimi təqdim ediblər və Ümid Partiyası ilə olan əməkdaşlıqlarından imtina ediblər.

Milli Şuraya yaxın mətbuat orqanlarında hakimiyyət nümayəndələrinə qarşı qara piarla bağlı məhkəmələr tərəfindən cərimələnmələri onlar (o cümlədən, ADP) azad mətbuatın boğulması kimi dəyərləndirib. Amma iki həftə bundan qabaq Milli Şuranın tribunası kimi çıxış edən mətbuat vasitələrindən biri – “Yeni Müsavat” qəzetinin redaktoru onun  haqqında “Hürriyyət” qəzetində çap olunmuş bir obyektiv yazıya görə “Hürriyyət” qəzetinə qarşı iddia qaldırmış və 100 min manat həcmində təzminat ödənilməsini tələb etmişdir. Bu məsələyə Milli Şuraya daxil olan qüvvələr hələ də susqunluqla yanaşmağa üstünlük verirlər. ADP heç vaxt öz siyasətində ikili standartlara yer verməyib. Parlamentdə təmsilçilik hüququ qazandığına baxmayaraq parlamentə buraxılmamış amma parlamentə buraxılan partiyalarla əməkdaşlığını davam etdirmişdir. ADP son illər haqqında yalan, böhtan yazan heç bir müxalif qəzeti məhkəməyə verməmişdir.

3. ADP səmimi əməkdaşlıq tərəfdarıdır: Milli Şuraya daxil olan qüvvələr son 20 ildə müxalifətin heç bir birliyinin yaradılmasında təşəbbüskar olmayıblar, belə təşəbbüsləri boğmağa və ya ideyaların təhrif edilməsi ilə reallaşmasına çalışıblar. Eləcə də qeyri-səmimi müttəfiqlik ediblər. Müttəfiq ola-ola bir-birinə qarşı iqtidardan da betər qara piar aparıblar. Məsələn, Milli Şuraya daxil olduğuna görə AXCP İdarə Heyətinin sabiq üzvü Xaliq Bahadır “Əli Kərimlini mütəşəkkil cinayətkar dəstəyə (Milli Şura nəzərdə tutulur) qoşulmaqda ittiham edib. Eləcə də həm virtual şəbəkədə, həm də KİV də Milli Şuraya daxil olan partiyaların üzvləri və onları müdafiə edən KİV-lərdə qarşılıqlı piar aparılıb. Həmçinin liderlərarası qarşıdurma Rəsul Quliyev və digər liderlər - Lalə Şövkət, İsa Qəmbər, Eldar Namazav və s. konfliktlər meydana çıxıb. Sonda Milli Şuranın vahid namizədi məsələsində yekdillik nümayiş etdirilməyib. Bu da  birləşmiş müxalifətin vahid namizədi kimi C.Həsənlinin ciddi dəstəklənməməsinə səbəb olub. ADP yarandığı gündən müxalif qüvvələr arasında inteqrativ meyylərin bir partiyada birləşmək, bir blokda müttəfiqlik etmək,vahid namizədlə seçkilərdə iştirak etmək kimi təşəbbüslərdə müəlliflik etmiş, əksər təşəbbüslərin reallaşmasına nail olmuş hər zaman müttəfiqlik öhdəliklərinə  sadiq olmuşdur.

4. ADP hər kəsə və hər işə o cümlədən, hakimiyyətə ədalətli yanaşma tərəfdarıdır: Milli Şuraya daxil olan qüvvələrin digər qüvvələrə, o cümlədən iqtidara yanaşması qərəzlilikdən uzaq deyil. Bu günə kimi hakimiyyətin hətta onların qrup mənafeyinə uyğun addımlarını təqdir etməmiş yalnız pisi görmək siyasəti aparmış, bu da “hakimiyyətin effektli həyata keçirilməsi” naminə iqtdara müsbət təsir göstərilməsinə imkan verməmişdir. Məsələn, iqdidar Türk dövlətləri ilə, bəzi digər türk dövlətlərindən (məsələn, Özbəkistan) fərqli olaraq, əməkdaşlığa üstünlük verir.Rusiyanın ciddi təzyiqlərinə baxmayaraq Qərblə transmilli lahiyələr reallaşdırır, yenə də Rusiya və İranın təziqlərinə baxmayaraq Xəzər hövzəsində xalqımızın haqlı maraqlarını qoruyur. Azərbaycanı hələ ki, məhəlli münaqişələrə cəlb olunmasına (xüsusən İranla qarşı) imkan vermir, Qarabağ problemini xalqımızın maraqlarına uyğun həll edə bilməsə də problemin ermənilərin xeyrinə həll olunmasına imkan vermir, Qəbələ RLS-ni Rusiyanın şərtlərinə razı olmadığından onun fəaliyyətini dayandırır və s. Bütün bu addımlar milli mənafelərimizə az və ya çox xidmət etdiyindən ADP bu addımları həmişə verdiyi bəyanatlarla təqdir etmişdir və iqtidara bu məqsədlə hər cür dəstək verməyə hazır olduğunu bildirmişdi. Milli Şura üzvləri bir dəfə də olsun iqtidarın bu istiqamətdəki siyasətini təqdir etməyib. Əksinə, Azərbaycanın ciddi obyektiv çətinliklərlə bağlı problemlərinin həll olunmamasında və hətta iqtidardan asılı olmayan problemlərin həll olunmaması ilə bağlı iqtidarı ittiham edib.

İqtidarla normal sivil siyasi münasibətlərin yaradılmasında da ADP Milli Şura üzvlərindən fərqlənmişdir. 2005-ci ildə ADP iqtidarla siyasi dialoq təklif edərək, o dövrdə vətəndaş qarşıdurmasına qədər inkişaf etmiş qarşıdurmanı önləməyə cəhd etmişdi. ADP-nin dialoq təklifi iqtidar tərəfindən ən yüksək səviyyədə dəyərləndirilmiş İlham Əliyev Almaniyada səfərdə olarkən xarici jurnalistərin qarşısında sonra Qubada vətəndaşlarla görüşdə iqtidarın ADP ilə siyasi dialoqa başlayacağını bəyan etmişdi. Amma sonra həm ADP-dəki müəyyən qüvvələrin pozuculuq fəaliyyətindən həm də müxalifətin yekdilliklə siyasi dialoqu inkar etməsindən sonra bundan imtina etmişlər. Beş il sonra İctimai Palata ADP-nin siyasi dialoq təklifini yenidən təkrarlamış, amma bu zaman iqtidara həm də “yol xəritəsi” təklif etmişdir, hansı ki, siyasi dialoqun fəlsəfəsinə zidd olduğundan iqtidar tərəfindən rədd edilmişdi.

İqtidar bir neçə ildir ki, ardıcıl olaraq artan tendensiya ilə azad mətbuta qarşı təzyiq etməklə yanaşı bəzi müxalif qəzetlərə maliyyə dəstəyi ayırır. 2013-cü ildə bu dəstək 150 min manat və ya 200 min dollar həcmində olmuşdur. Baxmayaraq ki, ADP-nin maraqlarını müdafiə edən “Hürriyyət” qəzetinə bu günə kimi bir manat da ayrılmamışdır, biz iqtidarın bu siyasətini təqdir edən bəyanat vermişik, amma “Azadlıq” və “Müsavatın” müdafiə etdiyi qüvvələr nə “Hürriyyətə” münasibətə görə bizimlə həmrəy olmuş, nə də özlərinə göstərilən qayğıya görə iqtidarı təqdir etmişlər. Eyni hal jurnalistlərin mənzil şəraitinin yaxşılaşması ilə bağlı hakimiyyətin addımda da təkrarlanmışdır. “Hürriyyət”in yalnız bir nəfər qaçqın jurnalistə ev verilməsi təklifimiz cavabsız qalsa da, biz “Azadlığın” və “Müsavat”ın hər birinin üç jurnalistinə mənzil verilməsini təqdir etmiş və iqtidarın bu siyasətinin təkrar olunmasını istəmişik.

5. Naliyyətsizlik sindromunun yaşanması: Milli Şuraya daxil olan siyasi qüvvələr həm də naliyyətsizlik sindromu yaşamaqdadır. Bu sindrom müttəfiqlərin düşmən elan edilməsi, öz məğlubiyyətlərini rəqibin güclü olması ilə yox, başqa müxalif qüvvələrin “satqınlığı” ilə əlaqələndirməkdən və öz tərəfdarlarında başqa müxalif qüvvələrə düşmənçilik aşılamaqdan ibarətdir. Bunun nəticəsidir ki, bu günə kimi AXCP və Müsavatı tərk edən (Milli Şuranın digər üzvləri də həmçinin) ya siyasətdən getmiş ya da hakimiyyətin tərəfinə keçmişdir. ADP-də əksinə heç vaxt müxalif qüvvələrin əleyhinə sistemli iş aparılmamış nəticədə partiyadan uzaqlaşan hər kəs, ya siyasətdən getmiş ya da digər müxalif partiyalara keçmişlər. Bu günə kimi heç bir ADP-çi iqtidar tərəfinə keçməyib.

6. Hakimiyyətin dəyişilməsinə baxış: Bu məsələdə də ADP Milli Şuraya daxil olan qüvvələrdən kəskin fərqlənir. ADP hakimiyyət dəyişilmələrinin vətəndaş qarşıdurmasına, xalqın bütövlüyünün pozulmasına, ərazilərimizin itirilməsinə gətirib çıxaracaq inqilabi hakimiyyət dəyişilmələrinin qəti əleyhinədir. ADP hakimiyyət tədrici dəyişilmələrinin tərəfdarıdır. Bununla bağlı ADP koalision hökümətlər təcrübəsini müdafiə edir, həm özü iqtidara gələcəyi təqdirdə başqa qüvvələrlə koalisiya quracağını vəd edir, həm də seçkilərdə qalib gələcək tərəflə koalisiya qurmağa hazır olduğunu bildirir. Milli Şuraya daxil olan qüvvələr ölkədə baş verən istənilən sosial narazılığı xalq hərəkatı, üsyan, inqilab kimi dəyərləndirməsi və başqa ölkələrdə baş verən inqilabi hadisələrdən təsirlənib Azərbaycanda aktivləşməsi bununla bağlıdır.

7. Dəyişilmələrə münasibət: Hamıya məlumdur ki, xalq dəyişilmə istəyir. Xalqı əmin amanlıq, rifah və ədalətli idarəçilik maraqlandırır. Xalq üçün onun istədiklərinin kimin verməsinin elə bir əhəmiyəti yoxdur. Bu istiqamətdə ADP belə hesab edir ki, müxalifət hakimiyyəti dəyişdirə bilmirsə, onda hakimiyyətin siyasətini dəyişdirməsinə çalışmalıdır. Bunun üçün beynəlxalq dəstəkdən istifadə etməlidir. Lakin Milli Şuraya daxil olan qüvvələr yalnız hakimiyyətin dəyişilməsini, hakimiyətin siyasətinin dəyişilməsinin mənasızlığını iddia edir və “yuxarıdan başlayan islahatlar” ideyasını qəbul etmir.

8. Siyasi mübarizənin həıdəfləri: Azərbaycan Demokratik hərakatının məşhur liderlərindən biri Şeyx Xiyabani demişdir. “Zamanın qabaqcıl insanlarının başlıca düşməni insanlar yox, öz dövrünün ideyalarıdır”. Konfliktologiya elmi də sübut etmişdir ki, ictimai problemlərin şəxsiləndirilməsi cəmiyyətin problemlərin həllində iştirakını zəiflədir, siyasi rəqabəti şəxsi düşmənçilik müstəvisinə keçirir və problemin həllinə mane olur. ADP həmişə məmurların şəxsi qüsurlarını içtimailəşdirməsi bütünlükdə hakimiyyətdəki ayrı-ayrı adamlara yox, sistemin özünə mübarizə taktikası aparır. Milli Şuraya daxil olan güclər əksinə ümumi sosial bəlaları belə fərdiləşdirmək yolu tutur, sistemin özünə yox, onun  ayrı-ayrı təmsilçilərinə qarşı mübarizə aparır və bu zaman özü istəmədən də iqtidar daxili merkantil qüvvələrin hansınasa dəstək vermiş olur.

Məhz bütün bu səbəblərdəndir ki, Azərbaycanda son 20 ildən artıq müxalif qüvvələrinə liderlik edən güclər siyasi müstəvidə heç bir naliyyət əldə edə bilməmişlər.

ADP novator bir partiya kimi həm hakimiyyəti həm hakimiyyətin siyasətini dəyişdirmək uğrunda mübarizə aparır və bu zaman dünyada gedən prosesləri, xalqın arzu və istəklərini xüsusən ictimai həyatda iştirakçılıq dərəcəsini nəzərə alıb öz siyasətində pozitiv dəyişikliklər etməkdə davam edir.

Printer »»»