Arif Hacılı verdiyi son açıqlamasında Sərdar Cəlaloğlunu Azərbaycan siyasətinin itirilmiş şəxsi adlandırıb

13.10.2013

Həsrət Rüstəmov:"Sərdar Cəlaloğlu Arif Hacılı və onun kimilər üçün itirilmiş siyasətçi ola bilər"
S.Cəlaloğlunu Azərbaycan siyasəti üçün itirilmiş adam adlandırmaq siyasi naşılıq əlamətidir Müsavat başqan müavini Arif Hacılı “Yeni Müsavat” qəzetinə verdiyi son açıqlamasında ADP sədri sərdar Cəlaloğlunu Azərbaycan siyasətinin itirilmiş şəxsi adlandırıb.
ADP sədrinin müavini Həsrət Rüstəmovun sözlərinə görə Sərdar Cəlaloğlu Arif Hacılı və onun kimilər üçün itirilmiş siyasətçi ola bilər:

Arif Hacılı Sərdar Cəlaloğlunu siyasət üçün itirilmiş adam hesab edirsə, bu ikincinin son illər irəli sürdüyü ideyaların - bütövlükdə Azərbaycan, o cümlədən həm iqtidar, həm də müxalifət üçün yeni, alternativ ideyaların özünü təsdiq etdiyini sübut edir. Sadəcə olaraq A.Hacılının timsalında keçmişdə ilişib qalan bir qrup köhnə dostların köhnə siyasətləri üçün Sərdar Cəlaloğlu həqiqətən də itirilmiş adamdır. Amma  "hacılıların" əlindən 20 il əvvəl çıxmış hakimiyyətin geri qaytarılması kimi bir qayğısının olmamasını məncə Azərbaycanda dərk etməyən siyasətçi artıq qalmamalıdır. Əslində Sərdar bəy və ADP A.Hacılının bəhs etdiyi "siyasətdə" heç zaman olmayıb, keçmiş həbsxana yoldaşları kimi bir yerdə olduqları zaman belə hakimiyyətə yeni düşüncənin, qurucu, yaradıcı, barışçı və inkişafa meylli, müasir dünyanın nəbzini tutan düşüncənin gəlməsi uğrunda mübarizə aparıb. Heç kimə sirr deyil ki, müxalifət həmişə dalana dirənəndə məhz Sərdar Cəlaloğludan ilk olaraq ağıllı və məntiqli siyasi ideyalar, çıxış yolları eşidilib. 1998-də, 2003-də, 2005-də məhz belə olmuşdu. Bu mənada S.Cəlaloğlunu Azərbaycan siyasəti üçün itirilmiş adam adlandırmaq siyasi naşılıq əlamətidir. Əksinə Sərdar Cəlaloğlu Azərbaycan siyasəti üçün bir tapıntıdır və xalqımızın bu cür istedadlı və ləyaqətli övladlarının siyasətdə daha çox olmasına böyük ehtiyacı var”.

Printer »»»