ADP Ali Məclisinin sədri də istefadan danışdı

12.10.2013

Vaqif Şirinov: “Biz saxta seçkinin nəticələrinə deyil, gözümüzlə gördüyümüz reallığa inanırıq” Sərdar Cəlaloğlunun qəfil istefa qərarı demokratların düşərgəsində çaxnaşma yaradıb. Nəinki sıravi üzvlər, hətta partiyanın İdarə Heyətinin üzvləri də çaşqınlıq və qərarsızlıq içərisindədir. ADP Ali Məclisinin sədri Vaqif Şirinovsa Moderator.az-a açıqlamasında Sərdar Cəlaloğlunun istefasının elə də asan məsələ olmadığını bildirdi: “Bələkə də opponentlərimiz deyəcəklərimi başqa cür anlayacaq ki, partiyada Sərdar bəyi əvəz edəcək adam olmadığına göə Vaqif Şirinov belə danışır. Amma deməliyəm ki, ADP Sərdar bəysiz, Sərdar bəysə ADP-siz yaşaya bilməz. Onlar bir vahid canlı orqanizm kimidirlər.
Biz bazar ertəsi onu qərarından imtina etməyə cəhd edəcəyik. Bu da alınmasa Ali Məclisin növbədənkənar sessiyasını çağıraraq qurultayla bağlı qərar verməyə məcbur olacağıq. Məncə qurultay nümayəndələri də yekdilliklə Sərdar Cəlaloğlunun namizədliyini dəstəkləyəcək və o illər uzunu çiyin-çiyinə mücadilə apardığı patiyadaşlarını xəyal qırıqlığına uğratmaqdan vaz keçəcək.” Vaqif Şirinov Sərdar Cəlaloğlunun istefa verməsinə səbəb olan arqumentləri də yetərsiz sayır və ADP sədrinin saxtakarlıqlarla müşayət olunan qeyri-demokratik seçkilərin nəticəsində bilərəkdən adının ən sonuncu yerdə yazılmasının heç də ölkədəki mövcud siyasi reallığı əks etdirmədiyini bildirir: “Bütün dünya gördü və etiraf etdi ki, seçkilər hansı miqyasda qanun pozuntularıyla keçirilib. Mən tam əminəm ki, nəticələr saxtalaşdırılmasaydı Sərdar bəy  100 minlərlə səs toplayacaqdı. Biz 40 min imzanı cəmisi 5 günə toplamışdıq. Biz qısa müddətdə bütün rayonları dolaşarkən qarşımıza çıxan hər kəs  Sərdar bəyi tanıdığını və hörmət etdiyini deyirdi. Odur ki, biz seçkilərin nəticələrinə deyil, gözümüzlə gördüyümüz, qulağımızla eşitdiyimiz fikirlərə istinad edərək qətiyyətlə bildiririk ki, Sərdar bəyə verilən səslər bilərəkdən bu cür azaldılıb. Görünür, bu da Sərdar bəyə ağır gəlib və çıxış yolunu da bunda görüb. Ancaq məncə başqa çıxış yolu da var. Axı Süleyman Dəmirəlin məhşur “demokratiyada çarələr tükənməz”  fikrini  ilk dəfə biz ondan eşitmişik...” 

Printer »»»