Sərdar Cəlaloğlunun (Məmmədov) tarixə baxışı

21.09.2013

TARİXƏ MİLLİ BAXIŞ KONSEPSİYASI
Prezidentliyə namizəd Sərdar Cəlaloğlunun seşki platformasından

Azərbaycan dövlətinin strateji hədəfləri:
Azərbaycanda dövlətçiliyin geridönməzliyinə nail olunması;
Azərbaycan xalqının bütövlüyünün təmin edilməsi;
Azərbaycanın itirilmiş tarixi torpaqlarının qaytarılması;
Azərbaycan dövlətinin bolgəsəl gücə çevrilməsi;
Dünya Azərbaycanlılarının haqqlarının müdafiə edilməsi və Azərbaycan dövləti ətrafında birləşdirilməsi;
Azərbaycanı inkişaf etmis olkələr cərgəsinə çıxarılması;

Tarixi şüur:
Bu vəzifələrin hər biri ayrı-ayrılıqda tarixi vəzifələr olub, yalnız tarixi şüura yiyələnməklə həll edilə bilər. İctimai yaddaşımızı özündə təqdim edən tarixi şüur olmadan cəmiyyətimizi inkişaf etdirmək mümkün deyil. Tarixi şüur xalqımızın keçmişini indisi ilə, indisini gələcəyi ilə əlaqələndirən müxtəlif nəsillərin eyni bir işi davam etdirməsini təmin etməlidir. Tarixi şüurla xalqımız öz keçmiş hərəkətliliyini müasir dövrdə, yenidən yaratmağa, tarixi reallıqların zamanlanması ilə onların yeni dövrdə təkrar reallaşdırmağa cəhd etməlidir. Tarixi şüurla cəmiyyətimizin mənlik və ya kimlik şüuru formalaşdırılmalıdır. Tarixi şüur insanlarımızın ictimai özünü dərketməsinin dərinləşməsidir.
Müasir dövrdə qarşımıza qoyulmuş vəzifələri yerinə yetirmək üçün keçmişimizdən elə milli hərəkətliliyimizi yaddaşa almalıyıq ki, həmin hərəkətliliyin yeni dövrdə təkrarlanması bizə bu vəzifələrin yerinə yetirilməsinə imkan versin. Bunun üçün tariximizə milli baxış formalaşdırılmalıdır. Azərbaycanın tarixinə iki baxış mövcuddur.

Fars baxışı:
Bu baxışa görə Azərbaycan türkləri farslardan dönmə, mədəniyyət və intellektual səviyyəsinə görə, farslardan geridə qalan, öz dövlətçiliyi və müstəqil dəyərlər sistemi olmayan etnik törəmədir. Bunu təsdiq etmək üçün farslar Azərbaycan tarixini təhrif etmiş, tarixi sübutları məhv etmiş, tariximizi, mədəniyyətimizi farslaşdırmış, geopolitik və dini əlaqələrdən istifadə edərək faktiki olaraq bizim milli kimliyimizi özümüzə unutdurmağa cəhd etmişdir. Bu istiqamətdə Azərbaycan türklərinin görkəmli şəxsiyyətləri fars əsilli insanlar kimi təbliğ edilmiş, Azərbaycan türklərinin yaratdığı imperiyalar, dövlətlər farslaşdırılmış, Azərbaycan türkünün svilizasiyasının bütün nümunələrini məhv etməyə çalışmışdır.

Rus baxışı:
Bu baxışa görə azərbaycanlıların aborigenliyi inkar edilmiş, azərbaycanlılar tarixi torpaqlarından -Ermənistan, Gürcüstan ərazilərinə qatılmış ərazilərdən köçürülmüş, Azərbaycanı işğal etməkləri, Azərbaycanda yaratdıqları separatist hərəkətlər xalqımızın azadlığı kimi təbliğ edilmiş, milli mədəniyyətimiz rus mədəniyyəti ilə müqayisədə aşağılanmış, Azərbaycan siyasi tarixi saxtalaşdırılmış, Azərbaycan xalqını digər etnoslar arasında assimilyasiyaya məruz qoymuş, xalqımızda milli aşağılılıq kompleksi formalaşdırmış, xalqa yanlış milli ideallar təbliğ edilmiş, tarixi şəxsiyyətlərimizə qarşı xalqda düşmən mövqeyi formalaşdırılmış, Azərbaycanın tarixi torpaqları Ermənistan, Gürcüstan və Dağıstan sərhədlərinə daxil edilmişdir. Farslar, ingilislər və fransızlarla Azərbaycan dövlətçiliyinin bir daha baş qaldırmaması şərti ilə məhv edilməsi üçün beynəlxalq sazişə girmişlər, nəticədə Azərbaycanı parçalamış, Azərbaycan xalqının azadlıq hərəkatları, müstəqillik və birləşmə cəhdləri qan içində boğulmuş, xalqımıza qarşı sosial-iqtisadi və etnik genosid siyasəti aparılmışdır.
Hər iki baxışın tərəfdarları öz təbliğatçılarını, ideoloqlarını, nəzəriyyəçilərini Azərbaycan xalqının nümayəndələrindən seçmiş məhz onların köməyi ilə azərbaycanlıların milli kimliyi unutdurulmağa çalışılmışdır.

Milli baxış:
Xalqımızın qarşısında duran tarixi vəzifələri yerinə yetirmək üçün tələb edilən tarixi şüurun formalaşdırılması yalnız öz tariximizə müstəqil milli baxışla mümkündür. Milli baxışın istiqamətləri:
Rusların və farsların formalaşdırdığı sosial kodlardan imtina etilməklə yeni müstəqil milli kodlarla Azərbaycan xalqının sosial kodlaşdırılmasının yeniləşdirilməsi;
Azərbaycanın tarixi şəxsiyyətlərinin hərəkətliliyinin milli dövlətçilik mövqeyindən yenidən dəyərləndirilməsi;
Siyasi və dövlətçilik tarixinin bərpa olunması, xalqımızın tarixi hərəkətliliyinin öyrənilməsi və yeni dövrdə davam etdirilməsi;
Azərbaycanlılarda milli sosial kimlik şüurunun   formalaşdırılması;
Milli özünü dərkin dərinləşdirilməsi;
Xalqda dövlətçilik şüurunun formalaşdırılması, dövlətçilik hissinin gücləndirilməsi ilə tarix yaratmaq hərəkətliliyinin stimullaşdırılması;
Tarixi idealların işlərinin müasir dövrdə davam etdirilməsi;


Printer »»»