“Liderimizin potensialına güvənirik”

02.09.2013

Həsrət Rüstəmov: “Gözlənilir ki, bir çox ictimai-siyasi təşkilatlar, bəzi siyasi partiyalar bizim namizədi dəstəkləsinlər” “Sərdar bəyin şəxsi keyfiyyətləri, onun natiqlik qabiliyyəti, intellektual səviyyəsi, Azərbaycan xalqına olan dərin sevgisi, xalq qarşısındakı danılmaz xidmətləri və daha bir çox müsbət keyfiyyətləri bizə imkan verir ki, bizim namizədimiz seçkilərdə öndə gedən namizədlərdən biri olsun” Həsrət Rüstəmov ADP sədri Sərdar Cəlaloğlunun prezident seçkilərində iştirakı ilə bağlı qərarı demokratik düşərgə və ümumilikdə cəmiyyətdə böyük marağa səbəb olub. Müxalif siyasi liderlər arasında özünəməxsus intellekti və qeyri-adi natiqlik bacarığı ilə diqqət çəkən S.Cəlaloğlunun namizədliyi qarşıdakı seçkilərin kifayət qədər gərgin və maraqlı keçəcəyindən xəbər verir.

Artıq ADP sədrinin Seçki Qərargahı da formalaşıb ki, bu qərargaha partiya sədrinin I müavini Həsrət Rüstəmov rəhbərlik edir. H.Rüstəmovla söhbətimizdə seçki hazırlığı, planlaşdırılan işlər və digər partiyalarla münasibət məsələsinə aydınlıq gətirməyə çalışdıq.
Dünən MKS-dan imza vərəqlərini aldıqlarını və imzatoplama kampaniyasına faktiki olaraq başladıqlarını bildirən H.Rüstəmov, rayon ictimaiyyətinin bu prosesə cəlb ediləcəyini qeyd etdi: “İmza vərəqləri MSK-dan bu gün (dünən –red.) günorta saatlarında götürülüb və demək olar ki, paylanılıb. Çox məhdud sayda imza vərəqi qalıb ki, onlar da sabah rayonlara göndəriləcək. Biz rayonlardakı vətəndaşların da bu prosesdə yaxından iştirakına nail olmaq niyyətindəyik”.
H.Rüstəmov onları narahat edən əsas problem və çətinliklərə də aydınlıq gətirdi: “Faktiki olaraq ən problemli və çətin mərhələ seçkilərin birinci mərhələsidir. Çünki bu mərhələnin vaxtının üçdə biri qalıb. Bu vaxtın üçdə ikisindən isə biz istifadə edə bilməmişik. Bu haqda danışmaq istəmirəm, çünki bu sizə bəllidir. Seçkinin digər mərhələsi, yəni təbliğat-təşviqat mərhələsi, seçki günü seçkilərin müşahidə edilməsi ilə bağlı da müəyyən planlaşdırma və hazırlıq işləri aparılır. Bildiyiniz kimi, əvəllər Azərbaycanda seçki kampaniyasına 4 ay vaxt ayrılırdı. Bu, indiki şərtlərlə müqayisədə daha normal və təqdirəlayiq idi. Indi isə bu məsələdə ciddi problemlər mövcuddur”.
H.Rüstəmovun qənaətincə, Seçki Məcəlləsinə edilən son dəyişikliklər kifayət qədər mürtəcədir və bu, müxalif qüvvələrin seçkilərdə iştirakını əngəlləmək məqsədi ilə həyata keçirilib: “Hakimiyyətdə olan qüvvə öz rəqiblərini çətin vəziyyətə salmaq üçün Seçki Məcəlləsində mürtəce dəyişikliklər edib. Həqiqətən ən güclü müxalifət qurumu da bu Seçki Məcəlləsi ilə hakimiyyət qrşısında xeyli dərəcədə əlacsız vəziyyətdə qalır. Təbliğat mərhələsi üçün ayrılan vaxt kifayət qədər məhduddur. Buna baxmayaraq, bizim əsas məqsədimiz təbliğat mərhələsindən səmərəli istifadə edərək proqramımızı, platformamızı, şüarlarımızı ictimaiyyətin diqqətinə çatdırmaqdır”.
Seçki Qərargahının rəhbərinin bildirdiyinə görə, ADP seçki prosesinə öz ideya və şüarlarının xalqa çatdırmaq, xalqla daha geniş təmas vasitəsi kimi də baxır: “Həmçinin, bunu da xatırladaq ki, bizə belə bir imkan yalnız seçkidən seçkiyə ələ düşür. Çalışacayıq ki, təbliğat mərhələsində həm hakimiyyətdən, həm də müxalifətdən olan digər partiyalarla, hansı ki, onlar seçkilərdə iştirak edir, onlarla birlikdə Azərbaycanın gələcəyi, demokratiyaya keçid, Azərbaycanın demokratik dünyaya inteqrasiyası ilə bağlı fikirlərimizi xalqa çatdıraq”. H.Rüstəmov dedi ki, seçki prosesində ADP-nin namizədinin digər təşkilat və partiyalar tərəfindən dəstəklənməsi ehtimalı da mövcuddur: “Biz konkret olaraq öz liderimizin digər təşkilat və partiyalar tərəfindən dəstəklənməsi istiqamətində məxsusi bir kampaniya aparmırıq. Hansısa partiya və siyasi qrupların dəstəyini almaq istiqamətində xüsusi bir iş görmürük. Amma gözlənilir ki, bir çox ictimai-siyasi təşkilatlar, bəzi siyasi partiyalar bizim namizədi dəstəkləsinlər. Belə bir ehtimal mövcuddur”.
Daha sonra ADP və Sərdar Cəlaoğlunun uzunmüddətli siyasi fəaliyyətinə diqqət çəkən H.Rüstəmov, bu fəaliyyətin kifayət qədər sanballı keçmişə malik olduğunu vurğuladı: “Bizim namizəd ilk dəfədir ki, prezident seçkilərində öz namizədliyini irəli sürüb. ADP Azərbaycan müstəqillik əldə etdikdən sonra fəaliyyətə başlayan ilk partiyalardan biridir. Bizim partiyamız Azərbaycanın müstəqilliyi ilə yaşıddır. Bunun özü əlamətdar bir hadisədir. Sərdar bəyin özünün şəxsi keyfiyyətləri, onun natiqlik qabiliyyəti, intellektual səviyyəsi, Azərbaycan xalqına olan dərin sevgisi, xalq qarşısındakı danılmaz xidmətləri və daha bir çox müsbət keyfiyyətləri bizə imkan verir ki, bizim namizədimiz seçkilərdə öndə gedən namizədlərdən biri olsun. Biz öz liderimizin potensialına güvənirik. Eyni zamanda hesab edirik ki, bu potensial onun digər qüvvələr tərəfindən dəstəklənməsinə gətirib çıxardacaq”.

Printer »»»