Rüstəm İbrahimbəyovun yaşı çoxdur, cəsarəti çatmır, bu səbəblər onu Bakıdan uzaq salır

29.07.2013

“Rüstəm İbrahimbəyovun Bakıya gəlməməsində qeyri-adi heç nə görmürəm. Belə də olmalı idi. Çünki Milli Şura hakimiyyətə gətiriləcək qədər ciddi real və ciddi qüvvə kimi nəzərdə tutulmayıb". Bu sözləri Azərbaycan Demokat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Şura rəhbərinin növbəti dəfə ölkəyə gəlməklə bağlı qərarını dəyişdirməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu hadisəyə Azərbaycan hökuməti ilə Rusiyanın münasibətlərinin normallaşması da öz təsirini göstərib: "Milli Şura məsələsi Azərbaycan hakimiyyətinə zərbə vurmaq üçün və onu təhdid etmək üçün Rusiya tərəfindən ortaya atılıb. İndiki şəraitdə isə Azərbaycanla şimal qonşu arasında heç bir problem yoxdur, vəziyyət normallaşıb.
Azərbaycan hökuməti ilə Rusiya önəmli məsələlərdə anlaşa bilməsəydilər, razılıq əldə olunmasaydı, Milli Şura"dan Azərbaycan hökuməti əleyhinə istifadə olunacaqdı. Ancaq indiki vəziyyətdə belə bir təhlükə yoxdur. Arada heç bir problem olmadığına görə də Milli Şura zəifləməyə doğru gedir". 
Partiya sədri deyir ki, Milli Şuradan istifadə olunmayacağı üçün onun sədrinin bura gəlməsi planı cızanlar üçün önəmli deyil: "Bu məsələni ortaya atanlar Milli Şuranın ciddi bir siyasi təşkilat kimi göstərməyə çalışırdılar. İlk başda düşünürdülər ki, vəziyyət normallaşmasa, Azərbaycan tərəfi ilə uzlaşmasalar, Milli Şuradan Azərbaycana təzyiq kimi istifadə etsinlər. Ancaq vəziyyət elə gətirdi ki, Milli Şuraya ehtiyac qalmadı. Bir tərəfdən onun gəlməməsinin səbəbləri müxtəlifdir. Şəxs olaraq siyasətə uzaq olan birisidir. Yaşı çoxdur, cəsarəti çatmır. Bütün bu səbəblər onu Bakıdan uzaq salır. Amma onun gəlməməyinin əsas səbəbi odur ki, Milli Şuranın planını cızanlar onun səfərini hələ ki, önəmli saymır".

Printer »»»