Nə üçün biz şərəfli ölmək mümkün olan yerdə şərəfsiz yaşamağa üstünlük veririk?

08.05.2013

Müstəqil Azərbaycanda yeni dəyərlər sisteminin formalaşmasında kimlər ideal, hansı hadisələr örnək ola bilər? 
Bu gün bir çox suala cavab vermək lazımdır. Nə üçün müstəqillik əldə etdikdən sonra öz xalqını idarə edənlər istər Elçibəy dönəminin (cəbhəçilər tankın qabağında dayana bildilər, rüşvətin yox – Elçibəy), istər indi hakimiyyətdə olanlar korrupsuya və rüşvətlə məşgul olur (Azərbaycanda kimi hakimiyyətə gətirirsən gətir, dönüb rüşvətxor olacaq – keçmiş millət vəkili Gülər Əhmədova)? Nə üçün bizim dövlətin nüfuzu dünya dövlətləri sırasında axırıncı yerlərdədir və bu, bizdə utanc hissi yaratmır? Nə üçün biz ərazilərimizi işgal olunmaqdan qoruya bilmədik və indi də azad etməyə cəhd etmirik, hətta bu haqda düşünmürük? Nə üçün Azərbaycanda heç kəs özünü həqiqətən xoşbəxt hesab eləmir və ya həqiqi xoşbəxtlik haqqında aydın təsəvvürə malik deyil?
Nə üçün milli gəlir artdıqca, inkişaf sürətləndikcə, sosial-iqtisadi vəziyyət günbəgün ağırlaşır? Nə üçün dünyanın ən zəngin ölkəsi kimi cah-cəlal içində yaşayan Azərbaycanı millyonlarla vətəndaş tərk edir? Nə üçün insanlarımızda humanistlik yoxdur? Nə üçün kriminallaşma öz həcminə və xarakterinə görə ürgütücü boyutlardadır? Nə üçün xalqda birlik, həmrəylik hissi və meylləri yoxdur? Nə üçün xalq ümumi şəkildə dostu düşmənindən, xeyri şərdən ayıra bilmir? Nə üçün xalq halalla harama fərq qoymur? Nə üçün biz keçmiş köləliyimizin xiffətini çəkirik? Nə üçün bütöv bir millət kimi özümüzü dərk edə bilmirik, cənublu şimallı kimi ikili düşünürük? Nə üçün bizdə azadlıq, ədalət, bərəbərlik hissi yoxdur? Nə üçün biz haqq ugrunda fədakarlığa hazır deyilik? Nə üçün biz şərəfli ölmək mümkün olan yerdə şərəfsiz yaşamağa üstünlük veririk? Nə üçün gələcəyə ümid azdır? Nə üçün biz kütləvi inamsızlığa düçar olmuşuq, heç kimə və heç nəyə möhkəm inamımız yoxdur? Nə üçün milli bütünlüyümüzü və dövlətimizin vahidliyini təmin edə bilmirik? Nə üçün…Nə üçün… 

Bu sualların siyahısını bir qədər də uzatmaq olar. Amma əsas məsələ bu suallara cavab tapmaq və bu sualları yaradan vəziyyətdən çıxmaqdır. 

Ən ümumi şəkildə bütün bu suallardakı probmlərin bir ümumi səbəbi vardır: Azərbaycanda Nihilizm. 

Məlumdur ki, hər bir xalqın bir tarixi dövrdəki, sistemdəki və formasiyadakı mənəvi və milli mövcudluğu müəyyən dəyərlər sistemi ilə bağlıdır və xalq bir dövrdən başqa dövrə, bir formasiyadan başqa formasiya, bir sistemdən digərinə keçdikdə hər şeydən əvvəl onun keçmiş dəyərlər sistemi dağılır və xalq yeni dəyərlər sistemi yaratmaqla yeni dövrə, yeni sitsemə, yeni formasiyaya qədəm qoyur. Biz bunu kiçik ölçüdə nəsil problemində də görüruk. Eyni bir xalqın tarixində elə iki nəsil tapmaq mümkün deyil ki, onlar ortaq dəyərləri bölüşdürsün. Nəsilllər tədrici dəyişdiyindən nəsil problemi cəmiyyəti böhrana salmır, bundan fərqli olaraq tarixi dövrlər, ictimai-siyasi formasiyalar, siyasi sistemlər inqilabi dəyişikliyə məruz qalanda xalq bütünlükdə böhrana düşür. Böhran dəyərlər sisteminin dağılmasını özündə ifadə edir. Bu gün Azərbaycandakı ictimai-siyasi vəziyyəti və xalqın psixoloji durumunu təhlil etdikdə aydın olur ki, biz nihilizmə düşmüşük və onda qalmaqda davam edirik. Nihilizm köhnə dəyərlər sisteminin dağılmasından və ya ətalət üzrə yaşamasından ibarətdir. Bu cür dəyərlərin insanlara təsiri nəinki yoxdur, hətta olan təsir də mənfi təsirdir. Yəni insanlar özlərinin əvvəlki dəyərlərinə üz çevirdikcə böhran dərinləşir, proseslər daha da ağırlaşır, indi Azərbaycanda olduğu kimi. 

Hər bir sosial dəyişilmə ilk növbədə yeni dəyərlər sisteminin yaradılmasından başlamalıdır. “Yeni dəyər” təzə dəyər mənasını vermir. Xalqın elə dəyərləri var ki, onlar min illər öz dəyər gücünü qoruyub saxlayır. Yeni dəyərlər həm də tarixin dərinliklərində qalmış dəyərlər də ola bilər, hansi ki, müasir dövrün hərəkətlərinin ruhunu özündə yaşadır. Heç bir xalq uzun müddət nihilizmdə yaşaya bilməz. Cəmiyyətin önündə gedənlərin vəzifəsi xalqı nihilizmdən çıxarmaqdır. Nihilizm canverən insanın vəziyyətidir. Xalqlar nihilizmə düşdükdə sanki kliniki ölümə düşürlər, onları yenidən həyata qaytarmaq mümkündür, əgər vaxtında və düzgün yardım edilsə. 

Mənim son vaxtlar cəmiyyətdə geniş müzakirə olunan fikirlərim də əslində Azərbaycanda nihilizm probleminin mövcudluğunu və bundan çıxmaq yollarını göstərməyə xidmət edir. Sadə xalq kütlələrinin anlaya biləcəyi dildə kütlələrə çatdırmaq məqsədi güdmüşəm və düşünürəm ki, az da olsa buna nail olmuşam. Bundan qabaq isə sosial kodlaşdırma ilə bağlı bir neçə elmi məqalə çap etdirmişəm. 

Haşiyə: Xalqımın qeyri-təvazökarlığıma görə məni bağışlayacağına sığınaraq, bu sözləri yazmağa məcburam. Mənim fikirlərimə əks çıxan adamlarin əksəriyyəti “sən kimsən ki, bizim keçmiş dəyərlərimizi müzakirəyə çıxarırsan” arqumenti ilə etiraz edir. 

Mən, Sərdar Cəlaloglu kiməm?! Mən Azərbacan Xalq Hərəkatının fəallarından və onun təşkilatı kimi AXC-nin rəhbərlərindən biriyəm. Mən Azərbaycanda 20 ildən artıq xalq və demokratiya uğrunda mübarizə aparan bir partiyanın təşəbbüsçüsü, təsiscisi və uzun illər rəhbəriyəm. Mən 20 ildən artıqdır ki, fasiləsiz işıq üzü görən, demokratiya, xalqın maarifləndirilməsi, haqsızlıq əleyhinə mübarizə aparan bir qəzetin – “Hürriyyət” qəzetinin təsisçisi, sahibi və onun yazarlarından biriyəm. Mən öz sahəsində dünyada avtoritet hesab edilən rus alimlərinin də təqdir etdiyi bir tibbi-elmi nəzəriyyənin müəllifiyəm. Mən mərhum akademik, VAKK-ın sədri Azad Mirzəcanzadənin birbaşa elmlər doktoru elmi adina layiq gördüyü, amma siyasi sifarişlə reallaşmayan bir fəlsəfi monoqrafiyanın müəllifiyəm. Şərqdə ilk orjinal fəlsəfi təlim yaratmış biriyəm. Azərbaycanda müasir fəlsəfi dilin yaradıcısıyam( fikir akademik Cəmil Əhmədliyə aiddir). Mütləq haqqinda yeni bir elmin – Condisiologiyanın yaradıcısı, üc cildlik “Tərəqqinin metafizikası”nın müəllifiyəm, hansı ki, dünya tarixinin və insanlığın fəlsəfəsinə həsr olunub. Elmlər Akademiyasinin elmi məcmuələrində çap olunmuş onlarla elmi məqalənin, dövrü mətbuatda qəzet və jurnallarda çap olunmuş yüzlərlə elmi-siyasi-publistik məqalələrin və 5 cap olunmuş kitabın müəllifiyəm. Xalq uğurunda mübarizədə həyatına qəsd olunmuş, dəfələrlə həbs olunmuş, işgəncələrə məruz qalmış beynəlxalq səviyyədə öz millətinin hüquqlarını qoruyan bir Azərbaycan oğluyam. Daha kim olmalıyam ki, hamının gizlində etiraf etdiyi və ya demyə qorxduğu və ya da düşünməkdən belə çəkindiyi problemləri ictimai müzakirəyə çıxarım. 

Mən millətin dəyərləri haqqında fikir demək səlahiyyətini millətimə göstərdiyim xidmət müqabilində almışam və mənim əleyhimə çıxan elə bir adam tanımıram ki, mənim xidmətlərimin yüzdə biri qədər xalq qarşısında xidməti olsun. Nə saxta alimlik diplomu, nə saxta deputatlıq mandatı, nə xalqın əleyhinə cild- cild “əsər” yazmaq, nə də atasına divident gətirən yatırım kimi baxmaq, kiməsə belə haqq vermir. Milli yarımçıqlıq kompleksində olanların, psixoloji problemlərə düçar olanların və ya “özgə bardağın suyunu sərin bilələnlərin” mənim haqqımda nə deməsindən asılı olmayaraq, bundan sonra da ən ümummilli problemləri qaldıracam və gücüm çatdığı qədər millətimə düzgün yol göstərməyə çalışacam. 

Milli ideallar necə seçilməlidir? Hər şeydən əvvəl bilmək lazimdir ki, cəsarətli olmaq, igid olmaq və qəhrəman olmaq eyni keyfiyyət deyil. İdeal yalnız qəhrəmanlar ola bilər. Fəlsəfədə, eləcə də psixologiyada qəhrəmanlığın mahiyyəti və qəhrəmanın sosial funksiyasi ilə bağlı xeyli əsərlər vardır. Qəhrəman xalqın içindən çıxmış, bütün xalqın hamisi və qoruyucusu funksiyasını daşımış və ya xalqın dünyagörüşünü bütünlüklə dəyişmiş, həyatının sonu əfsanəyə çevrilmiş, sirrə bürünmüş və ona tapınan hər bir şəxsdə kerativlik yaradan şəxs ola bilər. Bu mənada guya varlılara qarşı vuruşmuş Qaçaq Nəbi, sonda əkinçilik etmiş və qocalıb ölmüş Koroğlu, ”sevənlərində” heç bir keyfiyyət yaratmayan kimsə, xalq qəhrəmanı funksiyasını yerinə yetirə bilməz. 

İkincisi, bizim milli ideallarımız cənublu-şimallı bütöv Azərbaycan xalqının ictimai-siyasi həyatından çıxmalıdır və özlərində milli bütövlüyümüzün ruhunu daşımalıdırlar. Bu mənada Azərbaycanın bütünlüyünü təmin etmiş və ya onun parçalanmasının qarşısını almağa cəhd etmiş tarixi şəxsiyyətlər ideal seçilməlidir. 

Üçüncüsü, özündə milli əxlaqi, insani dəyərləri ən qabarıq və ən yüksək səviyyədə təcəssüm etdirən şəxs milli ideal ola bilər. Qəhrəman hesab edilən – əri öldükdən sonra ərə gedən Həcər, durna teli naminə igidləri ölümə göndərən – Nigar milli idal funksiyasını yerinə yetirə bilməz. 

Dördüncüsü, əməlləri və hərəkətləri bugünkü problemlərlə səsləşən şəxslər ideal seçilə bilər. Bu gün bizim ərazilərimizi ermənilər işğal edib, ərəblər yox. Bu mənada Babək milli ideal ola bilməz. 

Bəs müstəqil Azərbaycanda yeni dəyərlər sisteminin formalaşmasında kimlər ideal, hansı hadisələr örnək ola bilər? 

Mənim fikirlərimin əleyhinə gedənlər məni “xalqı idealsız qoymaqda” suçlayır. Halbuki, mən – yeni dövrün dəyərlər sisteminin formalaşdırılmasında məhz hansı ideallardan istifadə olunmalıdır – məsələsinə elmi səpkili məqalələrimdə aydınlıq gətirmişəm. Bizm Xalq Qəhrəmanımız Kitabi Dədə Qorquddan məlum olan Qaraca Çobandır, bizim siyasi idealımız Azərbaycan türklərinin imperiyasının əsasını qoymuş, Azərbaycan türk svilizasiyasına keçidi təmin etmiş, “rüşvətxoru yox, həm də rüşvəti edam etmək lazımdır ki, xalq rüşvətdən çəkinsin” deyən Şah İsmayıl, Böyük İsgəndərin və Çingizin sərkərdəlik və hökmdarlıq təcrübəsini təkrarlamış imperiyamızın sərhədlərini cənubda Hindistana, şimalda Şimali Qafqaza, şərqdə Çinə, qərbdə Ərəbistana qədər genişləndirmiş Nadir Şahımız, “Azərbaycan türkləri elə birləşməlidir ki, bir daha başqa millətlər (farslar) ona agalıq etməsin” deyən Azərbaycanın Bismarki Şah Qacar, avropalıların Hannibal, Harribaldi və rusların Puqaçovla müqayisə etdiyi, mənim “Şərqin Kromveli” adlandırdığım məşrutə hərakatını (parlamentli monarxiya ugrunda hərakat) qələbə ilə başa çatdıran Səttarxan, rus-erməni işğalına qarşı mübarzədə bütün ailəsini qurban vermiş, döyüş meydanında şəhid olmuş Cavadxan, Çar Rusiyasının üsul-idarəsinə qarşı mübarizə aparan Qaçaq Kərəm, ermənilərin soyqırımına qarşı mübarizə aparmış, Andronikin qulağını kəsmiş Sultan bəy, qadınlarımız üçün ideal – Cavadxanın meyitinin düşmən əlinə düşməməsi üçün düşmənlə vuruşub şəhid olan Cavadxanın həyat yoldaşı Bəyim xanım və kişi paltarında rus işğalçılarına qarşı vuruşmuş, əsir düşəcəyini gördükdə özünü dənizə atib intihar etmiş Bikə xanım. 

Bu ideallar nə üçün müstəqil Azərbaycanın yeni dəyərlər sistemini təşkil etməməlidir? 

Xalqar o ideallarla tərbiyyə olunur ki, həmin idealların missiyaları yeni dövrdə təkrarlanır. Beləliklə: 
1. Biz bu gün rus-erməni işğalı qarşısındayıq və tariximizdə bu işğala qarşı mübarizə aparmış Şah Qacar, Cavadxan, Bikə xanım ideal seçilməlidir. 

2. Biz milli hakimiyyət qurmuşuq və milli dövlətdə milli həmrəylik ideali təbliğ olunmalıdır. Hər cür etnik, dini və sinfi ideallar milli birliyə ziddir. Qaraca Çoban milli həmrəylik idealı kimi çox mühüm mifik funksiya daşıyır. 

3. Biz yalnız Bütöv Azərbaycan tarixindən və bütün azərbaycanlıların taleyində rol almış idealları seçməliyik. Bu idealara Şah İsmayil, Nadir Şah, Şah Qacar aiddir 

4. Biz demokratikləşmə istiqamətində inkişaf edirik və tariximizdə demokratiya uğrunda idealı örnək seçməliyik. Belə bir örnək rolunda yalnız Səttarxan çıxış edə bilər. 

5. Azərbaycan qadınına sədaqət və şücaət əzmi aşılamaq üçün elə qadın idealı seçilməlidir ki, o, nəinki həyat yoldaşının dirisinə, hətta ölüsünə belə sahib çıxsın. Belə bir qadın nümunəsi Cavadxanın həyat yoldaşı Bəyim xanımdır. Kişi kimi düşmənlə vuruşub, ölümü təslim olmaqdan üstün tutmaq şücaəti göstərmiş ideal Tuti Bikədir 

P.S. Kim özünü haqlı, məni haqsız hesab edirsə, xalqın gözü qarşısında onunla hər cür elmi diskussiyaya hazıram.
Printer »»»