Mehriban Əliyevanın prezidentliyə namizədliyi gündəmə gətirilir?

06.05.2013

2013-cü il prezident seçkilərinin mövcud hakimiyyət üçün digər seçkilərdən daha çətin və məşəqqətli olacağı birmənalıdır. Hər halda, tanınmış siyasilərin təbirincə desək, bu il hakimiyyət həm daxili, həm də xarici dəstəkdən məhrumdur və bu situasiya onun seçkilərdəki vəziyyətinin ürəkaçan olmayacağını göstərir. Bundan başqa, hakimiyyətin builki seçkilərdə İlham Əliyevin namizədliyini irəli sürüb-sürməyəcəyi də mübahisəli məqamlardan biri hesab edilir. Bəzi siyasilər iddia edir ki, Qərbin İ.Əliyevlə bağlı mövqeyinin getdikcə sərtləşdiyi, Tomas Melianın simasında ABŞ-ın namizədlik məsələsində ölkə başçısına “qırmızı cizgi”lər müəyyənləşdirdiyi bir vaxtda ölkə başçısı üçüncü dəfə öz namizədliyini irəli sürməkdən imtina edə bilər. Təbii ki, o halda da hakimiyyətin “B” planı işə düşməlidir. Belə ki, bir çox siyasi müşahidəçilərin fikrincə, İ.Əliyev seçkiyə getmədiyi təqdirdə avtomatik olaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın namizədliyi məsələsi gündəmə gələcək ki, bu da yeni situasiyanın formalaşması deməkdir.
Artıq bəzi ekspertlər hesab edir ki, M.Əliyevanın seçki ilində amnistiya təışəbbüsü ilə çıxış etməsi, ictimai-siyasi aktivliyini artırması və bu aktivliyin geniş şəkildə KİV orqanlarında öz əksini tapması Birinci xanımın namizədliyinin tamamilə mümkün ola biləcəyini göstərir. Yəni əslində bu gün baş verənlər məlum namizədliyə dolayı hazırlıq kimi də başa düşülə bilər.
Fəqət bəzi siyasi ekspertlərə görə, cari seçkilərdə iqtidar düşərgəsindən İ.Əliyevin deyil, digər hər hansı bir şəxsin öz namizədliyini irəli sürməsi hakimiyyət daxilində ciddi mübarizə və intriqalara səbəb ola bilər. Belə ki, yeni namizəd hakimiyyət daxilindəki qüvvələrin nüfuz və maraqlarının yenidən qruplaşdırılmasını aparacaq ki, bu da oturuşmuş klanların bir qisminin zəifləməsi ilə müşahidə ediləcəkdir. Bu isə, hər biri ayrı-ayrılıqda böyük güc mərkəzi olan klanların narazılığına səbəb olacaq və hakimiyyət daxilində ümumilikdə bütün rejimin zəifləməsinə gətirib çıxaran mübarizəni tətikləyəcəkdir.
Həsrət Rüstəmov: “Mehriban Əliyevanın namizədliyi fonunda hakimiyyətdən müxalifətə sızmalar ola bilər”
ADP sədrinin I müavini Həsrət Rüstəmov da hesab edir ki, YAP-ın hələ də öz namizədini elan etməməsi hakimiyyət daxilində İ.Əliyevin namizədliyi ilə bağlı ciddi tərəddüdlərin olduğunu göstərir: “Bugünə qədər YAP-ın öz namizədini elan etməməsi cari prezident seçkilərində İlham Əliyevlə yanaşı başqalarının namizəd ola bilmə ehtimalını artırır. Bu sırada isə ilk növbədə təbii ki, Mehriban Əliyeva durur. Seçkiyə az vaxt qalıb. Iqtidarın isə seçkidə kimin namizədliyinin irəli sürülməsi ilə bağlı qətiləşmiş fikri yoxdur. Bütün bunlar iqtidar daxilindəki tərəddüdlərin mövcudluğunu göstərir. Konstitusion dəyişikliklərlə bağlı xalqda və eləcə də Qərbdə yekdil bir fikir yoxdur. Əksəriyyət hesab edir ki, bu dəyişikliklər hüquqi baxımdan İlham Əliyevə şamil oluna bilməz. Demokratik görünmək isəyən ölkələrdə bir şəxs iki dəfədən artıq öz namizədliyini irəli sürmür. Bütün bunlar Mehriban Əliyevanın namizəd ola bilmə ehtimalını düşünməyə əsas verir”.
H.Rüstəmovun fikrincə, M.Əliyevanın namizədliyi hakimiyyət düşərgəsində ciddi qarşıdurma və sızmalara səbəb ola bilər: “Mehriban Əliyevanın namizədliyinin hansı proseslərə rəvac verəcəyinə gəlincə, şübhəsiz ki, bu ilk növbədə hakimiyyət daxilində ciddi çaxnaşmalara səbəb olacaq. Klanların dəyişilməsi prosesinin əsas mərhələsi başlayacaq. Kifayət qədər ciddi qüvvələrin narazılığı fonunda ola bilsin ki, müxalifətə yeni sızmalar başlasın. Baş verənlər müxalifətin güclənməsinə gətirib çıxarda bilər. Ola bilsin ki, baş verən hadisələr fonunda hakimiyyət komandasındakı bəzi şəxslərin müxalifətə açıq və ya gizli şəkildə dəstək vermək meylləri artsın. Hələlik gözləntilər bundan ibarətdir. Lakin bununla yanaşı qeyd edim ki, bu versiya az inadırıcıdır. Çünki hakimiyyət özü də yəqin ki, bütün bunları nəzərə almamış deyil. Yəqin ki, onlar bu versiyanın reallaşmasını istəməz”.
Həsən Kərimov: “Mehriban Əliyeva və Paşayevlərə qarşı Qərbi Azərbaycan və Naxçıvan qruplaşması kifayət qədər aqressiv mövqedədir”
AXCP sədrinin müavini H.Kərimov da M.Əliyevanın namizədliyinin hakimiyyət daxilində müəyyən narazılıq və qarşıdurmaya gətirib çıxardacağını vurğuladı: “Mehriban Əliyevanın İlham Əliyevdən sonra öz namizədliyini irəli sürməsi ailə klanı hakimiyyətinin davamı deməkdir. Burada bütün hallarda söhbət ailə hakimiyyətindən gedir. Hakimiyyətdən sızan məlumatlara görə, Mehriban Əliyeva və Paşayevlərə qarşı Qərbi Azərbaycan və Naxçıvan qruplaşması kifayət qədər aqressiv mövqedədir. Ona görə də Əli Əhmədov və YAP-ın digər nümayəndələri rayonlarda görüşlər keçirən zaman bildirirlər ki, YAP-ın namizədi İlham Əliyev olacaq. Yəni hadisələri qabaqlayırlar. Görünür, bununla bağlı hakimiyyət daxilində müəyyən narahatlıq mövcuddur. Bütün hallarda hesab edirəm ki, bu, hakimiyyətin daxili işidir. Mən Mehriban Əliyevanın namizədliyi ilə bağlı onu deyə bilərəm ki, bu, ailə hakimiyyətinin davamından başqa bir şey olmayacaq”.
Printer »»»