Müəyyən şübhələr və ciddi narahatçılıqlar yaradır...

30.05.2013

ADP sədrinin müavini Taliyət Əliyev ölkə başçısı İlham Əliyevin Cümhuriyyətin 95 illiyi ilə bağlı çıxışında ənənəvi olaraq Qarabağ məsələsinə də toxunaraq “ərazi bütövlüyü məsələlərində Azərbaycan tərəfindən zərrə qədər güzəşt olmayacaq və ola da bilməz” açıqlamasına münasibət bildirib. T.Əliyevin sözlərinə görə, İlham Əliyevin Dağlıq Qarabağ məsələsində dönə-dönə ancaq ərazi bütövlüyü məsələsini qabartması, lakin Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyi məsələsinə toxunmaması müəyyən şübhələr və ciddi narahatçılıqlar yaradır. Çünki, əgər Dağlıq Qarabağ məsələsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqsa, itirilmiş torpaqlar üzərində Azərbaycanın suverenliyi bərpa olunmayacaqsa bu faktiki olaraq Qarabağın itirilməsidir. Obrazlı desək, ad mənim yar özgənin olacaq. Ola bilər ki, bu açıqlama son vaxtlar Dağlıq Qarabağ ətrafında aparılan danışıqlarda əldə olunan razılaşmadan qaynaqlanır. Və ya düşünülmədən suverenlik məsələsi qeyd edilmir.
Amma, ötən həftələrdə Dağlıq Qarabağla bağlı bu il sülh sazişinin imzalana biləcəyi ilə bağlı verilən bəyanatları nəzərə alsaq, bu bəyanatın arxasında xalqdan gizli mətləblərin durduğunu iddia etmək olar.
Bütün hallarda bu açıqlama qüsurludur və Azərbaycanın maraqlarına ziddir. Dağlıq Qarabağ məsələsində bizim üçün əsas prinsipial məqamlar Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasıdır. Bu qırmızı xətdir, bu xətti keçməyə heç kimin haqqı yoxdur!
Printer »»»