Azərbaycan ərəb ölkələrində yaşanan dağıdıcı inqilablarla üzləşə bilər

18.03.2013

ADP İdarə  Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə hökumətin parlament qarşısında verdiyi hesabata münasibət bildirib. Qeyd olunub ki, konstitusiya ilə ali icra funksiyası prezidentə mənsub olduğuna görə parlament qarşısında prezident hesabat verməli, baş nazirlik institutu isə ləğv edilməlidir. Eyni zamanda baş nazirin hesabatını formal addım kimi qiymətləndirən  partiya rəsmiləri verilən hesabatın ölkədəki sosial-iqtisadi durumu düzgün əks etdirmədiyini, ayrı-ayrı göstəricilər üzrə səsləndirilən statistik  rəqəmlərin saxta və şişirdilmiş olduğunu bildirib, hesabatda dövlət vəsaitinin hara və necə xərclənməsinın aydın ifadə olunmamasını və şəffaflığın olmamasını diqqətə çatdırıb.
İdarə Heyəti üzvləri prezident administrasiyasının rəhbəri R.Mehdiyevin ölkə müxalifətinə və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlara qarşı  yönəlmiş ittihamlarla dolu açıqlamasına münasibət bildirib və bu ittihamların əsassız olduğu, ölkədə baş verən ictimai narazıqlıqların heç də beynəlxalq təşkilatlar və müxalifət tərəfindən deyil, yanlış daxili siyasətdən, korrupsiya və rüşvətxorluq faktlarının geniş vüsət almasından,  məmur özbaşınalığından və respublikanın qanunlarla deyil, şəxsi iradə ilə idarə olunmasından qaynaqlandığı qeyd edilib.
Toplantıda daha sonra qeyd edilib ki, ölkədə baş baş verən narazılıqlara görə beynəlxalq təşkilatlara hücum kompaniyası təşkil etməkdənsə baş verən narazılıqların əsas səbəbləri araşdırılmalı, siyasi və iqtisadi sabitliyə zəmin yaradan konstitusion islahatlar həyata keçirilməli, demokratik seçkilərə start verilməli, məmur özbaşınalığına, monopolist siyasətə son qoyulmalıdır. Əks halda Azərbaycan ərəb ölkələrində yaşanan dağıdıcı inqilablarla üzləşə bilər ki, bu da ölkəmizin gələcəyi üçün müsbət vədləri vermir.
İdarə Heyəti üzvləri ATƏT- in baş katibinin ölkəmizə səfərinə münasibət bildirib, bu səfərin nəticələrinin xalqdan gizli saxlanılması, səfər barədə əhatəli açıqlama verilməməsindən narahat olduğunu qeyd edib və beynəlxalq təşkilatların bu cür münasibət sərgiləməsini onların  Azərbaycanda demokratiya ilə bağlı siyasətinin  iflası kimi dəyərləndirib. İdarə Heyəti üzvləri Quba hadisələri ilə bağlı çıxarılan məhkəmə hökmlərini ədalətsiz qərar kimi dəyərləndirib və bu hadisələrin əsas iştirakçıları olan, xalqı sosial problemlərələ üz-üzə qoyan məmurları cəzalandırmaq əvəzinə sadə vətəndaşların azadlıqdan məhrum edilməsini ölkədə yeni narazılıqların başlanmasına stimul verəcəyini diqqətə çatdırıb və həbs olunan vətəndaşları azadlığa buraxmağa çağırıb.
İdarə Heyəti üzvləri Nida-çı gənclərlə bağlı yeni həbsləri pisləyib və hakimiyyətin gəncləri həbs etmə kompaniyasının arxasında vətəndaşların qarşıdan gələn seçkilərdə aktivliyini azaltmaq, vətəndaşların sosial, siyasi hüquqları uğrunda dinc-demokratik  mübarizəsinin qarşısını almaq faktları durduğunu diqqətə çatdırıb. Partiya yetkililəri hakimiyyətin bu repressiv siyasətinə baxmayaraq gəncləri ölkədəki demokratik dəyişiklilərdə fəal olmağa, konstitusiyanın imkan verdiyi səviyyədə demoktratiya və insan haqları uğrunda sonadək mübarizə aparmağa çağırıb.






Printer »»»