ADP ZORAKILIQ VƏ HƏBSLƏRİ PİSLƏDİ

11.03.2012


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ötən həftə ərzində baş verən bir sıra hadisələrə partiyanın münasibəti açıqlanıb. İlk növbədə martın 10-da gənclərin keşirdiyi aksiyaya, bu aksiyanın təşkili ilə əlaqədar həyata keçirilən həbslərə münasibət bildirən İdarə Heyəti bəyanat qəbul edib. Bəyanatda deyilir: “ADP kütləvi aksiya keçirəcəklərini bəyan etmiş Nida gənclər hərəkatının fəallarının həbsini siyasi motivli həbs kimi dəyərləndirir və qanunsuz olaraq həbs edilmiş vətəndaşlara qarşı istintaq prosesində zorakılıq edilməsini qətiyyətlə pisləyir. ADP hesab edir ki, naməlum şəraitdə alınmış videogörüntü şəklindəki ifadələrin televiziyalarda yayılması və məhkəmə olmadan gənclərin cinayətkar adlandırılması konstitusiya və qanunların kobud şəkildə pozulmasıdır.
Partiyanın İdarə Heyəti həbs edilmiş gənclərin dərhal azadlığa buraxılmasını, fəal və vətənpərvər gənclərə qarşı aparılan biabırçı siyasi repressiya kompaniyasının dayandırılmasını tələb edir. Partiya həmçinin beynəlxalq təşkilatları, hüquq müdafiəçilərini həbs edilmiş gəncləri fəal müdafiə etməyə çağırıb.”


Toplantıda 10 mart aksiyası yüksək qiymətləndirilib, aktual sosial tələblərlə təşkil edilmiş dinc mitinqin zərurət olmadan aşırı güc tətbiq edilməklə, xüsusi zorakılıqla dağıdılması və çoxsaylı iştirakçıların həbs olunmasının yolverilməz olduğu qeyd edilib.
İdarə Heyətində son vaxtlar korrupsiyaya qarşı mübarizə adı altında həyata keçirilən kampaniya siyasi şou adlandırılıb, bu kampaniya ilə korrupsiyaya qarşı real mübarizə arasında heç bir əlaqənin olmaması qeyd edilib. Toplantida vurğulanıb ki, korrupsiya cinayətlərini olduqca aşağı əməkhaqqı alan müəllim və həkimlər arasında deyil, dövlət maliyyəsinin ayrılması və xərclənməsinə dair qərarları qəbul edən yuxarı dairələrdə axtarmaq lazımdır və korrupsiyaya qarşı mübarizə haqqında bir neçə il əvvəl qüvvəyə minmiş qanunun işləməsini təmin etməklə, habelə iqtisadiyyatda şəffaflığı artırmaqla korrupsiyaya qarşı effektli mübarizəni təşkil etmək mümkündür.

***ADP-Çİ GƏNCLƏR BİR SUTKALIQ HƏBSDƏN SONRA CƏRİMƏ OLUNDULAR

Xəbər verildiyi kimi dünənki aksiya zamanı həbs edilmiş ADP-nin fəal gənclərindən  Hafiz Fərhadov və Orxan Babayev axşam saatlarında azad edilsələr də, Osman Əhmədov və Azər Sadıxov həbsdə saxlanmışdı. Ötən gecəni Səbail RPİ-də keçirən gənc fəalları bu gün Səbail rayon məhkəməsində hərəyə 500 manat olmaqla inzibati qaydada cərimə ediblər. Əldə etdiyimiz məlumata görə gənclərə polisə aparılan zaman və idarədə saxlanarkən ciddi işgəncələr tətbiq olunub, onlara qarşı qapalı şəraitdə gözyaşardıcı qazdan istifadə olunub və fiziki zorakılıq edilib. Eyni zamanda saxlandıqları bir sutka ərzində tamailə yaş paltarlarının qurudulmasına və ya dəyişdirilməsinə imkan verilməyib və onlar ac susuz saxlanılıblar.

             






Printer »»»