Taliyıət Əliyev, əvvəlcə Arif bəyə məsləhət görərdim ki, özündən çox razı və müştəbeh olmasın.

31.03.2013


Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı ilə ACP lideri Rəsul Quliyevin arasında yaşanan xoşagəlməz söz atışmalarından dolayı, Arif bəyin ADP haqqında dedikləri “Məncə, nə ADP, nə də Rəsul Quliyev (Müsavatla müttəfiqlikdən nəzərdə tutur.., müəllif) bundan ziyan görmüşdü.” fikrinə münasibət bildirmək istəyirəm.
Əvvəlcə Arif bəyə məsləhət görərdim ki, özündən çox razı və müştəbeh olmasın. Bu qədər siyasi təlatümlərdən keçən bir insanın bu qədər təkəbbürlü olması sözün həqiqi mənasında məni çox təəccübləndirir. Arif bəy yadda saxlasın ki, ADP Müsavat Partiyasına 2003-cü ildə dəstək verdiyinə görə aldığı zərbəni heç nə ilə müqayisə etmək olmaz. Partiyamızın rəhbərliyində təmsil olunan şəxslər demək olar ki, bütünlükdə amansız repressiyaya məruz qaldı. Bunun nəticəsi kimi rəhbərlikdə təmsil olunan şəxslərin bir çoxu mühacirət həyatı yaşamağa məcbur oldu.
ADP sədri Sərdar Cəlaloğlu amansız işgəncələrə məruz qalaraq azadlıqdan məhrum edildi. (Arif bəyin özü isə bu işgəncələrdən yayınmaq üçün orda-burda gizləndi) 2003-cü il 15-16 oktyabr hadisələrindən sonra ölkədə yaranmış ölü sükutunu yenə də ADP sındırdı. 2004-cü il yanvar-fevral aylarında həbsdə olan müxalifət liderlərinin o, cümlədən Arif bəyin azadlığı uğrunda ilk və hakimiyyət orqanları ilə razılaşdırılmayan aksiyaları ADP keçirdi. O vaxtı bu aksiya həbsdə olan liderlərə böyük mənəvi dəstək olmuşdu. (Yəqin ki, Arif bəy həmin dövrləri unutmayıb) Həmin aksiyaların keçirilməsində Müsavat Partiyasından dəstək istəsək də, bu dəstəyi görmədik. Baxmayaraq ki, ADP-dən təkcə Sərdar Cəlaloğlu, Müsavatdan isə Arif Hacılı, Rauf Arifoğlu, İbrahim İbrahimli, Sülhəddin Əkbər həbsdə idi. Bu aksiyalardan sonra ADP-yə qarşı yeni bir repressiya planının olduğu barədə məlumat daxil oldu. Bu repressiyalardan yaxa qurtarmaq üçün ADP Siyasi Şurasının üzvləri Namiq Əhədzadə, Natiq Cəbiyev və Ceyhun İsmayılov ölkəni tərk etmək zorunda qaldı. Bəndəniz isə, məhz sizlərin məhkəmə prosesi zamanı həbs olunaraq 2 il azadlıqdan məhrum edildi. Bütün bu hadisələr ADP-nin müttəfiqliyə necə sadiq olduğunun göstəricisidir. Çoxları kimi sizinlə yalnız yaxşı günlərinizdə səlahiyyətlərinizə şərik olmamışıq, əksinə ən çətin məqamlarınızda məsuliyyəti və sizə dəyən zərbələri bölüşmüşük. Bunları minnət üçün demirik, sadəcə sizin ədalətsiz mövqeyinizə cavab olaraq yazdım...
Arif bəy “ADP Müsavatla müttəfiqlikdən ziyan görməyib” deyəndə heç olmasa bunları unutmasın gərək. 
Arif bəy daha sonra bildirir ki, “Hər halda müxalifətdə olduqları bütün dövrlərdə (ADP-ni nəzərdə tutur, müəllif) heç vaxt bizimlə birlikdə olduqları dövrdəki kimi ciddi təsir imkanlarına malik olmayıblar.” Hörmətli Arif bəy, xahiş edirəm 2003-cü il 06 sentyabr tarixində keçirdiyiniz mitinqi və 2003-cü ilin 12 oktyabr tarixində keçirilən mitinqi (o vaxt artıq ADP Müsavata dəstəyini elan etmişdi) müqayisə edin. Onda görəcəksiniz ki, ADP-nin dəstəyi Müsavata hansı gücü vermişdi. Həmin mitinq 90-cı illərdən sonra Azərbaycanda keçirilən ən möhtəşəm mitinq idi. Bu qədər ədalətsiz mövqe olmaz axı. Bu ədalətsizliklə siz ölkədə ədalətli cəmiyyət qurmaq fikrindəsinizmi?! Təəssüflər. Rəsul Quliyevi də bu qədər aşağılamaq cəhdinizi də kəskin qınayıram. Çünki, 2003-cü il oktyabrın 6-da ADP-nin Mərkəzi Qərargahında Rəsul Quliyevin Müsavat başqanı İsa Qəmbərə dəstəyi elan olunanda müsavatçı qadınlar sevincdən göz yaşı axıdırdılar. Həmin günün səhəri “Yeni Müsavat” qəzetinin ön səhifəsində “İki nəhəng birləşdi” yazısı və bütöv səhifə boyu İsa Qəmbərin və Rəsul Quliyevin şəkli yerləşdirilmişdi. İndi necə oldu, o həhəng gözünüzdə bu qədərmi balacalaşdı?... 

Printer »»»