ADP və İslam partiyası bir araya gəldi

20.12.2012

Azərbaycan Demokrat Partiyasının mərkəzi qərargahında bu qurumun rəhbərliyi ilə Azərbaycan İslam Partiyası nümayəndələri arasında görüş keçirilib. Görüşdə ölkədə ictimai siyasi vəziyyət, konstitusion azadlıqlar, 2013-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkiləri, müxalifət daxili əməkdaşlığın istiqamətləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə ADP-ni partiyanın sədri Sərdar Cəlaloğlu başda olmaqla İdarə Heyətinin üzvləri, AİP-i isə bu partiyanın rəsmiləri – Elçin Manaflı və Akif Heydərli təmsil ediblər. ADP-nin sədri Sərdar Cəlaloğlu eyni zamanda Ermənistanda keçirilən prezident seçkiləri ilə əlaqədar mövqeyini bildirib. Onun sözlərinə görə müstəqillik əldə etdikdən sonra keçmiş SSRİ Respublikalarının əksəriyyəti üçün xarakterik olan seçkilərin ədalətli, azad və bərabər keçirilməməsi təəssüf ki, artıq ənənəvi hal alıb.
Bu vəziyyət isə bir tərəfdən yeni müstəqil dövlətlərin daxili problemlərinin həll edilməsinə, sosial gərginliyin aradan qaldırılmasına, bu dövlətlərin dünya demokratiyasına, Avropaya inteqrasiyasına mane olur, digər tərəfdən aralarında münaqişə və konfliktlər olan dövlətlərin əməkdaşlığına imkan vermir və konfliktli vəziyyətin davam etməsinə gətirib çıxarır. Bu mənada Ermənistanda son prezident seçkiləri də azad, ədalətli və bərabər keçirilməmişdir. Belə ki, namizədlərdən biri - P.Ayrikyan terrora məruz qalmış, digər namizəd R.Ovanisyan isə seçkilərin elan olunmuş nəticələri ilə qəti olaraq razılaşmadığını bildirmiş, etiraz aksiyalarına başlayıb.
Bu seçkilərin bizim üçün əsas nəticəsi isə budur ki, antidemokratik seçkilərlə hakimiyyətə gələn və təkrarən bu cür seçkilərlə hakimiyyətini qoruyub saxlayan Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe tutmasına, qonşu dövlətlərlə normal əlaqələrə meyl edəcəyinə, Azərbaycanın bu ölkə tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərinin sülh yolu ilə azad olunmasına, beləliklə də bölgədə münaqişəli vəziyyətin aradan qalxmasına heç bir ümid vermir. Eyni zamanda son seçkilərin nəticəsi olaraq onu da qeyd etmək lazımdır ki, S.Sərkisyanın rəhbərliyində Ermənistan yenə də bölgədə Rusiyanın vassalı kimi çıxış etməsinə, bölgə dövlətləri ilə əməkdaşlıqdan imtina etməsinə davam edəcəkdir. Bu isə yaşadığmız bölgədə ədalətli sülhün təmin edilməsinə imkan verməyən ən vacib faktordur.

Printer »»»