03.06.2013
Printer »»»
Azərbaycan hakimiyyətinin
yeritdiyi antimilli siyasət bütün sahələrdə olduğu kimi gənclərin taleyi ilə
bağlı məsələlərdə dərin mənfi izlər salır.
Hakimiyyət sözdə gənclərin problemlərinin həlli istiqamətində addımlar
atılması, onların sosial-iqtisadi həyat tərzinin yaxşılaşdırılmasını elan etsə
də, həqiqətdə Azərbaycan gəncliyinin vəziyyəti acınacaqlı olaraq qalır. Özünü
sosial varlıq kimi təsdiq edə bilməyən, cəmiyyətdə layiqli yer tutmaqdan məqsədyönlü şəkildə məhrum edilən övladlarımız,
ümidsizliyə, bədbinliyə qapılır və bəzən də intihara əl atırlar.
Heç kəsə sirr deyil ki, yüz
minlərlə gəncin xarici ölkələrə mühacirət etməsinin əsas səbəbi məhz omların
işsizlik, dövlət idarələrində rastlaşdığı bürokratik əngəllər, adi vətəndaş haqlarından
tutmuş siyasi hüquqlarının pozulması kimi ciddi faktorla bağlıdır. Hakim
partiya ətrafında birləşən bir qrup gəncdən başqa əksəriyyət gənclərimiz onun
gələcəyini bəri başdan kölgə altına salan, sıxıntı və məhrumiyyətlərə düçar
edən üzücü siyasətlə üz-üzə qalıb.
