Qərbin son vaxtlar Azərbaycanda insan hüquqları və demokratiyanın pozulması...

06.05.2015

Bu gün ADP Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti toplantısı keçirilib. 

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ölkə rəsmilərinin Qərb institutları, o cümlədən ABŞ-ın rəsmi şəxslərinə qarşı yönəlmiş ittiham bəyanatlarına münasibət bildirib və bu cür bəyanatların diplomatik etiketi aşdığını, həmçinin Avroatlantik məkana inteqrasiya prosesinə neqativ təsir edə biləcəyini nəzərə alaraq yolverilməz olduğunu diqqətə çatdırıb.
Qərbin son vaxtlar Azərbaycanda insan hüquqları və demokratiyanın pozulması ilə bağlı səsləndirdiyi bəyanatlar müqabilində Azərbaycan rəsmilərinin bu fikrləri qərəzli adlandırması və Azərbaycana təzyiq vasitəsi olmasını dilə gətirməsinə münasibət bildirən Blok yetkililəri ölkədə insan hüquq və azadlıqların vəziyyətinə dair səslənən fikirlərin obyektiv gerçəkliyi əks etdirdiyini qeyd edib və ölkə rəhbərliyini deyilən iradlardan nəticə çıxarmağa, Azərbaycana qarşı qərəzli münasibəti olan dairələrə bəhanə verməməyə, üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.


Qarabağ Bloku qondarma rejimin Dağlıq Qarabağda keçirdiyi parlament seçkilərinin nəticələrinə də münasibət bildirib, bu oyuncaq seçkiləri beynəlxalq hüququn əleyhinə yönəlmiş bir addım, o cümlədən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində ilhaq prosesinin davamı kimi dəyərləndirib və dünya ictimaiyyətini erməni separatist hərakatına beynəlxalq hüquqla yanaşmağa çağırıb. Rusiyadan olan müşahidəçilərin bu seçkilərin nəticəsinin tanınması ilə bağlı çağrışlarını adı çəkilən dövlətin Ermənistanın işğalçı hərəkətlərinə bəraət qazandırmaq kimi dəyərləndirən iclas iştirakçıları hakimiyyəti həmin şəxslərin arzuolunmaz şəxs elan etməyə, onların təmsil olunduğu dövlətə diplomatik etirazlar bildirməyə çağırıb. Həmçinin ATƏT-in Minsk qrupunun seçkilərin nəticəsini tanımaması ilə bağlı verdiyi bəyanata baxmayaraq bu qurumun qondarma DQ rejimini dəstəkləyən işğalçı Ermənistan dövlətinə yetərincə basqı göstərməməsinə diqqət çəkən toplantı iştirakçıları beynəlxalq təşkilatları, özəlliklə də barışdırıcılıq missiyasını üzərinə götürən ATƏT-i Dağlıq Qarabağ məsələsinə yanaşmada ikili standartlara yol verməməyə, Ermənistanın təcavüzkar və işğalçı hərəkətlərinə qarşı təzyiqlər göstərməyə çağırıb.

Qarabağ bloku Azərbaycanı mütərəqqi dünya qarşısında qınaq obyektinə çevirən, beynəlxalq hesabatların qara siyahısına salınmasına rəvac verən siyasi məhbus məsələsinə bir daha münasibət bildirib və ölkə başçısını humanizm nümayiş etdirməyə, ölkədə vətəndaş həmrəyliyini gücləndirən addımlar atmağa, siyasi motivlərlə həbs edilmiş müxalif baxışlı insanların, QHT rəhbərlərinin və yurnalistlərin azad edilməsi üçün geniş əfv fərmanı imzalamağa çağırıb.

Qarabağ Bloku ölkədə keçirilməsi nəzərdə tutulan ilk Avropa Oyunları ilə bağlı bir sıra dövlət və qeyri dövlət rəsmilərinin bu tədbirin layiqincə keçirilməsinə kölgə salan bəyanatlarla çıxış etməsini, ölkə daxilində bəzi qüvvələrin demokratiyanın müdafiəsi adı altında bu cür xarici təzyiqlərdən iç savaş üçün yararlanmasını məqbul hesab etmədiklərini və belə böyük tədbirlərin Avropaya inteqrasiya, ölkəmizin beynəlxalq aləmdə tanınması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Printer »»»