“Freedom House” Azərbaycanda mətbuat azadlığının pozulmasına narahat olduğunu bildirib.

04.05.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ölkə rəsmilərinin Qərb institutları, o cümlədən ABŞ-a qarşı yönəlmiş ittiham dolu bəyanatlarına münasibət bildirib və hazırkı şəraitdə bu cür bəyanatların Avroatlantik alyansla münasibətlərin pozulması baxımından yolverilməz olduğunu diqqətə çatdırıb.
Qərbin son vaxtlar Azərbaycanda insan haqları və demokratiyanın pozulması ilə bağlı səsləndirdiyi bəyanatlar müqabilində Azərbaycan rəsmilərinin bu fikrləri qərəzli adlandırması və Azərbaycana təzyiq vasitəsi olmasını dilə gətirməsinə münasibət bildirən partiya yetkililəri hakimiyyətin ünvanına səsləndirilən fikirlərin obyektiv gerçəkliyi əks etdidiyini qeyd edib və ölkə rəhbərliyini deyilən iradlardan nəticə çıxarmağa, üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.

İdarə Heyəti Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi parlament seçkilərinin nəticələrinə münasibət bildirib və bu sekilərin Azərbaycanın suverenliyinə zidd bir hərəkət olması ilə yanaşı beynəlxalq hüququn əleyhinə yönəlmiş bir addım kimi dəyərləndirib və dünya ictimaiyyətini Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasına yönələn və beynəlxalq hüququn tələblərinə zidd olan bu seçkilərin nəticələrini tanımamağa çağırıb.
İdarə Heyəti Azərbaycanı mütərəqqi dünya qarşısında qınaq obyektinə çevirən, beynəlxalq hesabatların qara siyahısına salınmasına rəvac verən siyasi məhbus məsələsinə bir daha münasibət bildirib və ölkə başçısını humanizm nümayiş etdirməyə, ölkədə vətəndaş həmrəyliyini gücləndirən addımlar atmağa, siyasi motivlərlə həbs edilmiş müxalif baxışlı insanların, QHT rəhbərlərinin və jurnalistlərin azad edilməsi üçün geniş əfv fərmanı imzalamağa çağırıb.
İdarə Heyəti “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının dünya ölkələrində mətbuat azadlığının vəziyyəti ilə əlaqədar hazırladığı hesabatda ölkəmizin söz və mətbuat azadlığının pozulduğu ölkələr sırasına daxil edilməsi məsələsinə münasibət bildirib və uzun illərdən bəri hökm sürən və bu sahədə getdigcə daha geniş xarakter alan repressiya, həbs dalğalarından ciddi narahat olduğunu bildirib. Partiya rəsmiləri adı çəkilən beynəlxalq təşkilatın hazırladığı hesabatı Azərbaycan reallıqlarına uyğun olduğunu bildirməklə hakimiyyəti söz, mətbuat, fikir azadlığı sahəsinə ciddi islahatlar aparmağa, peşə fəaliyyətinə, siyasi mövqeyinə görə həbs edilən jurnalistləri azad etməyə və mətbuat üzərində olan basqıları aradan qaldırmağa çağırıb.

Printer »»»