“QARABAĞ” BLOKUNUN TOPLANTISI KEÇİRİLİB

07.01.2015

Bu gün Qarabağ blokunun növbəti iclası keçirilib. İclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Blok üzvləri ilk növbədə ötən il ərzində neftin qiymətinin ucuzlaşması, qiymətlərin bahalaşması fonunda ölkədə yaranan sosial-iqtisai gərginliklərdən narahat olduğunu bildirib və bu gərginliklərin 2015-ci ildə də davam etməsini göz önünə gətirərək xalqımızı iqtisadi çətinliklərə hazır olmağa, hakimiyyəti isə yanlış sosial-iqtisadi siyasətin gətirdiyi bəlalardan nəticə çıxarmağa və əhalinin sosial-iqtisadi vəziyyətinin stabilləşdirilməsi istiqamətində təcili tədbirlər görməyə çağırıb.

Blok üzvləri “Azadlıq” radiosunun Bakı ofisinin bağlanması, əməkdaşların istintaqa cəlb edilməsi faktından sonra ABŞ və Azərbaycan arasında münasibətlərin gərginləşməsinə diqqət çəkərək bu cür insidentlərin hər iki ölkə arasında olan strateji əlaqələrə ziyan vuracağından narahat olduğunu bildirib və hakimiyyəti ABŞ və digər Avropa dövlətləri tərəfindən insan haqları, demokratiya, söz və mətbat azadlığının qorunması, siyasi məhbus probleminin həlli və vətəndaş cəmiyyəti institutlarına qarşı başladılan repressiya və həbslərə son qoymaqla bağlı irəli sürülən təklifləri nəzərə almağa, beynəlxalq qınaqlardan nəticə çıxarmağa çağırıb.

Blok üzvləri ayrı-ayrı Avropa yetkililərinin Azərbaycan iqtidarının insan haqları, demokratiya barədə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməsini əsas gətirərək ölkəmizə sanksiyalar tətbiq edilməsi, Avropa liderlərinin keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina etməsi barədə verdiyi bəyanatlardan ciddi narahat olduğunu qeyd edib və hakimiyyət Olimpiya Oyunlarının Azərbaycanın dünyada tanınmasında bir vəsilə olması səbəbindən bu məsələyə xüsusi diqqət etməsinin vacibliyini diqqətə çatdırıb və və ölkəmizi beynəlxalq sanksiyalarla üz-üzə qoyan hərəkətlərdən çəkinməyə, demokratiya və insan haqları sahəsində ciddi islahatlar aparmağa çağırıb.

Blok üzvləri ötən ildə dövlət başçısının bir qrup məhbusun azad edilməsi ilə bağlı imzaladığı əvf fərmanını humanizm baxımından müsbət dəyərləndirib, eyni zamanda bu fərmanın daha geniş siyasi məhbusu əhatə etmədiyindən narahat olduğunu diqqətə çatdırıb və dövlət başçısını ölkədə sabitliyin və vətəndaş həmrəyliyinin təmin edilməsinə, beynəlxalq təzyiqlərin azaldılmasına stimul verən yeni əvf fərmanı imzalamağa çağırıb.

Qarabağ bloku son vaxtlar avtoqəzaların sayının durmadan artması, qəzalar nəticəsində çoxsaylı insanın həlak olması faktından bir daha narahatlığını ifadə edib və avtoqəzaların baş vermə səbəbinin sürücülərin əksəriyyətinin qeyri-peşəkar olması, gənclərin narkotika və spirtli içkilərə daha çox meyllənməsi, istismara yararsız maşınların standartlara uyğun yol və surətə cavab verməməsi, böyük tutumlu maşınların yol hərəkət qaydalarını bilməməsi ilə bağlı olduğunu diqqətə çatdırıb və müvafiq orqanları avtoqəzaların qarşısının alınması üçün ciddi tədbirlər görməyə çağırıb.

Printer »»»