ADP HAKIMIYYƏTI İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ ANTİTERROR ƏMƏLİYYATLARI KEÇİRMƏYƏ ÇAĞIRDI

02.06.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər ətrafında müzakirələr aparılıb. Toplantı iştirakçıları ilk növbədə Rusiya, Qazaxıstan və Belarusiya dövlətlərinin birgə iştirakı ilə Avrasiya İqtisadi Birliytinin yaradılması məsələsinə münasibət bildirib və Rusiyanın aktiv iştirakı ilə yaradılan bu birliyin arxasında Rusiyanın imperialist iddialarının gerçəkləşdirilməsi faktının durduğunu diqqətə çatdırıb. Partiya rəsmiləri Azərbaycanın bu birliyə qoşulmaması faktını təqdir edib və ölkəmizin iqtisadi, siyasi tərəqqisinin yalnız Avroatlantik məkana inteqrasiya yolu ilə mümkün ola biləcəyini qeyd edib və hakimiyyəti dayanmadan, ardıcıl olaraq Qərbə inteqrasiya xəttini davam etdirməyə səsləyib.

İdarə Heyəti 28 May İstiqlal bayramı ilə əlaqədar ölkə başçısının növbəti əfv fərmanı ilə insanların öz ailələrinə qovuşması, onların yenidən normal həyata qayıtmasından məmnunluq ifadə edib, eyni zamanda bu əfvin məhdud dairədə həyata keçirilməsindən, beynəlxalq təşkilatların siyasi məhbus siyahısında adı keçən şəxslərə aid edilməməsindən narahat olduğunu bildirib və Azərbaycan parlamentinə daha böyük məhbus kütləsini əhatə edən, siyasi, dini, etnik baxışlarına görə həbs edilən vətəndaşların azad edilməsi üçün ümumi böyük amnistiyanın verilməsi üçün qərar qəbul etməyə çağırıb.

İdarə Heyəti Azərbaycanda vətəndaşlıq haqqında qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələyə münasibət bildirib və bu qanun dəyişikliyini dövlətçiliyin qorunması baxımından təqdir edib, eyni zamanda hakimiyyəti qanuna əlavə və dəyişiklərin tətbiqində sui-istifadə hallarının qarşısını almaq məqsədi ilə effektli tədbirlər görməyə çağırıb.
İdarə Heyəti son vaxtlar cəbhə bölgəsində yaranan gərginlikdən, atəşkəs elan olunmasına baxmayaraq ordumuzda baş verən hərbi itkilərdən narahat olduğunu bildirib, eyni zamanda ordu rəhbərliyini məkrli düşmənə qarşı  mübarizədə daha amansız olmağa, edilən hücumların qarşısını hər bir vəchlə almağa və  dövlətimizin beynəlxalq güclərlə əldə etdiyi razılaşmalar əsasında işğal olunmuş ərazilərdə antiterror əməliyyatları keçirməyə çağırıb.

Printer »»»