Milli Şura ideyası çox parlaq ideyadır..

09.05.2013

ADP sədrinin müavini Taliyət Əliyev açıqlamasında məsələyə münasibət bildirib. Milli Şura ideyası çox parlaq ideyadır. Amma deyəsən bizə çox baha başa gələcək. Hamı istəyərdi ki, bu ideya baş tutsun. Amma neçə müddətdir ki, kimlərinsə ambisiyası, şəxsi və qrup marağı ucbatından bu ideya baş tutmur ki, tutmur. Gözləyə-gözləyə gəlib ilin yarısına çatmışıq, seçkilər qapını döyür. Hələ gözləyirik, görək nə olacaq? Vaxt isə gözləmir. Ən acınacaqlısı isə odur ki, Milli Şura ideyası verildiyinə görə demokratik düşərgənin konsolidasiyası istiqamətində digər təşəbbüs və ideyalar boğuldu, kölgədə qaldı, insanlarda və təşkilatlarda psixoloji olaraq daxili senzor yarandı, alternativ variantları irəli sürməkdən vaz keçdi ki, deyəcəklər Milli Şuranın əleyhinədir, birliyi pozur. İndi seçki ili olaraq böyük bir zamanı uduzmuşuq, Milli Şura da yaranmayıb. Hesab edirəm ki, Milli Şura ideyasının müəllifi, bu ideyanın gerçəkləşməsi istiqamətində aparılan danışıqlarda iştirak edən şəxslər cəmiyyət qarşısında məsuliyyətlərini hiss etməlidirlər. Onlar anlamalıdırlar ki, qarşıda məğlubiyyət olacaqsa bu məğlubiyyətin ən böyük məsuliyyətini onlar daşıyacaqlar. Onda istər-istəməz cəmiyyət deyəcək ki, bu ideya düşünülmüş şəkildə provokasiya idi. Ümid edək ki, Milli Şura yaranacaq və sonu yaxşı olacaq.
Nə, 1918-ci ildə yaranan Milli Şura kimi hakimiyyəti kommunist rejiminə, nə də 1991-ci ildə yaranan Milli Şura kimi hakimiyyəti Heydər Əliyev rejiminə təslim etməyəcək... Amma, onu da qeyd etməliyəm ki, bir təşkilat ki, qapalı danışıqlarla və orada təmsilçilik demokratik prinsiplərlə deyil, kimlərinsə şəxsi istəkləri ilə həll olunacaq, bu təşkilatın ictimai-siyasi legitimliyi olmayacaq.
Printer »»»