“Vahid namizəd məsələsi alınmayacaqsa ADP seçkilərdə təkbaşına iştirak edə bilər”

16.042013

“Qarabağ” blokunda təmsil olunan Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə indidən seçki təbliğatına başlayıb. Maraqlıdır ki, “Qarabağ”ın seçkidə iştirak etməklə bağlı qərarı olmasa da, bloka daxil olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İqbal Ağazədənin gənclərlə keçirdiyi görüşdə iştirak edib. 

Bu isə ADP-nin seçkilərdə İqbal Ağazadənin namizədliyini müdafiə edəcəyini düşünməık üçün müəyyən əsaslar yaradır. Uzun illər radikal mövqeyi ilə diqqət çəkən ADP üzvlərinin müxalifət düşərgəsində qəbul olunmayan İqbal Ağazadənin namizədliyini dəstəkləyəcəyi isə şübhəlidir. Bu baxımdan ADP sədrinin birinci müavini Həsrət Rüstəmovla əlaqə saxlayıb, məsələyə aydınlıq gətirmək istədik. 
Partiya fünksioneri  açıqlamasında Sərdar Cəlaloğlunun İqbal Ağazadənin keçirdiyi görüşdə iştirak etməsinin ADP-nin seçkilərdə “Ümid”in namzədinin dəstəkləyəcəyi anlamı vermədiyini dedi:

 
“Sərdar bəy görüşə dəvət olunduğu üçün orada iştirak edib. Burada təəccüblənəsi heç nə yoxdur. “Qarabağ” siyasi blokdur, seçki blokuna çevrilməyib. Blokda prezident seçkisi ilə bağlı qərar verilməyib. ADP olaraq biz müxalifətin bir araya gəlib, vahid namizədlə seçkiyə getməsinin tərəfdarı olmuşuq. Mövqeyimizi açıq şəkildə bəyan etmişik. Əgər müxalifətin vahid namizəd məsələsi alınmayacaqsa, biz partiyanın təkbaşına seçkiyə getməsini istəyirik. Üzvlərimizin əksəriyyəti bu fikirdədir ki, vahid namizəd məsələsi alınmayacağı təqdirdə, ADP-nin təkbaşına seçkilərdə iştirak etsə, bu partiyaya daha çox dividentlər gətirə bilər”.
Printer »»»