ADP BÜTÖV AZƏRBAYCAN İSTƏYİR


15.04.2013

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə müşaviri S.Fulenin Azərbaycan rəsmiləri görüşdə səsləndirdiyi bəyanata və Artikl 19 Beynəlxalq İnsan Hüquqları təşkilatının ölkəmizdə davam edən repressiyalarla bağlı verdiyi bəyanata  münasibət bildirib. Qeyd olunub ki, onun bu görüş zamanı hakimiyyətin indiki siyasətinin Avropa İtifaqı ilə Azərbaycan arasında əlaqələrə mənfi təsir göstərməsini dilə gətirməsi və ölkədə həbslərin davam etməsi, iqtisadi azadlıqların məhdudlaşdırılması, əsaslı islahatların keçirilməməsi kimi faktları diqqətə çatdırması bu qurumun hakimiyyətin hazırkı siyasətindən narazalığın ifadəsidir. İdarə Heyəti isər Artikl-19 təşkilatının repressiyalarla bağlı bəyanatının, istərsə də S.Fulenin səsləndirdiyi bəyanatın Azərbaycan reallıqlarını düzgün əks etdirdiyini bildirib və hakimiyyəti Avropa Birliyinin tələblərinə uyğun olaraq ölkədə əsaslı islahatlar keçirməyə, siyasi həbsləri aradan qaldırmağa, repressiyalara son qoymağa və azad bazar iqtisadiyyatına stimul verən ciddi iqtisadi addımlar atmağa çağırıb.

İdarə heyəti üzvləri Rusiyada yaşayan azərbaycanlılara polis tərəfindən atəş açılması nəticəsində baş verən ölüm hadisəsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti bu cinayətin baş verməsinə görə  məsul olan Rusiya hökumətindən izahat tələb etməyə və cinayətkarları cəzalandırmağa səsləyib.
İdarə Heyəti üzvləri Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən bir taksi sürücüsünün döyülməsi faktını qətiyyətlə pisləyib və bu strukturda dəfələrlə bu cür hadisələrin təkrarlanması tendensiyasının hökm sürdüyünü, hakimiyyət orqanları tərəfindən vətəndaşlara sanksiyalaşmamış güc tətbiq etməsinin davam etdiyini diqqətə çatdırıb, hakimiyəti ölkədə vətəndaş qarşıdurmasına və ölkə daxilində sabitliyə xələl gətirən bu cür aqressiv münasibətdən geri durmağa, xalqa qarşı qoçuluq edən Nəqliyyat nazirliyinin məsullarını ciddi cəzalandırmağa çağırıb.
İdarə Heyəti üzvləri hakimiyyətin son vaxtlatr ATƏT-in Bakı ofisinin fəaliyyətinin məhdudlaşdırılması, həmçinin Azad Fikir Universiteti və bir neçə digər qht-nin qapadılması  istiqamətində, ümumiyyətlə Azərbaycanda  insan hüquq azadlıqları ilə məşqul olan beynəlxalq təşkilatların fəaliyyətinə birbaşa və ya dolayı yolla əngəllər yaratmasını pisləyib  və bu hərəkətlərin Avropaya daha sıx inteqrasiya yolunda ciddi problemlər yaradacağını diqqətə çatdırıb.
İdarə heyəti üzvləri ABŞ-ın Men ştatında seperatçı Dağlıq Qarabağ rejiminin müstəqil dölət kimi tanınması barədə qətnamə qəbul etməsindən narahat olduğunu bildirib və bu cür addımların ABŞ-ın ATƏT-in Minsk qrupundakı fəaliyyəti ilə daban-dabana zidd olduğunu, adıçəkilən qətnamənin bu ölkənin digər ştatlarının Xocalı soyqırımı haqqında qəbul etdiyi ədalətli qərarlara və ABŞ-ın beynəlxalq sülh prosesində oynadığı rola qətiyyən uyğun gəlmədiyini   diqqətə çatdırıb.
İdarə Heyəti üzvləri  respublikamızda Güney Azərbaycan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin keçirilməsindən əndişə duyan İran rəsmilərinin ölkəmizə qarşı təhdid dolu bəyanatlarından,  onların əsassız olaraq Şimali Azərbaycanı İrana birləşdirmək kimi sərsəm cəhdlərindən narahat olduğunu diqqətə çatdırıb və İran rəsmilərinin bu aqressiv hərəkətlərini iki qonşu və dost ölkə arasında qarşılıqlı münasibətlərə xələl gətirən hərəkətlər olduğunu onların diqqətinə çatdırıb. ADP İH-də həmçinin qeyd olunub ki, Azərbaycanın iki yerə parçalanmasına səbəb olan Türkmənçay müqaviləsinin tərəfi Qacarlar dövləti olub ki, bunun da indiki İranla heç bir əlaqəsi yoxdur və əgər bu müqavilə İran rəsmilərinin dediyi kimi ləğv ediləcəksə bu yalnız bütöv Azərbaycan dövlətinin yaranması ilə nəticələnməlidir.   
Printer »»»