ADP Ali Məclisinin sədri qubadlılara müraciət etdi

28.04.2013

Əslən Qubadlıdan olan Vaqif Şirinov Sərdar Cəlaloğlunun açıqlamalarına görə həmyerlilərini sakitləşdirmək istəyir

ADP sədri Sərdar Cəlaloğlunun Qaçaq Nəbinin həyat yoldaşı Həcər barədə fikirləri və “qubadlılılar Həcər ruhlu olduğuna görə Qubadlını qoyub gəldilər” açıqlaması Qubadlı camaatında narazılıq yaradıb. ADP sədrinin sərt cəzalandırılacağı barədə müxtəlif şəxslər açıqlamalar verirlər.
Vəziyyət o dərəcədə ciddiləşib ki,  ADP Ali Məclisinin sədri, əslən Qubadlıdan olan Vaqif Şirinov isə  Qubadlı camaatına - müraciət etdi: “ əziz həmyerlilərimə müraciət edib demək istəyirəm ki, mən illərdir Sərdar Cəlaloğlu ilə bir yerdə olan şəxs kimi, onu yaxşı tanıyıram. Sərdar bəy Qubadlını, Qarabağı Naxçıvan qədər çox sevir. Sərdar Cəlaloğluda Azərbaycanda bölgəçilik fikri, hansısa bölgənin əhalisinin başqasından aşağı və ya üstün tutmaq mövqeyi heç vaxt olmayıb. Həmyerlilərim mənim səmimi olduğuma inansınlar.

Mən Sərdar Cəlaloğlu ilə danışdım. O, qəti şəkildə dedi ki, Qubadlı camaatını aşağılamaq zərrə qədər də ağlının ucundan keçməyib və keçə də bilməz. Qubadlı camaatı onun üçün əzizdir. Onun fikirləri düzgün şərh olunmayıb. Sərdar Cəlaloğlu artıq bəyan edib ki, onun fikirlərini Qubadlı camaatından kim heysiyyatına toxunmaq kimi qəbul edibsə, onlardan üzr istəyir. Həmyerlilərimdən xahiş edirəm ki, bunu nəzərə alsınlar. Sərdar bəy Azərbaycanın bütün bölgələrini, bütün bölgələrinin camaatını bərabər tutan, sevən siyasətçidir. Mən buna əmin olmasaydım, onun yanında olmazdım”.





Printer »»»