Müsavat partiyası üzvlərinin azad edilməsi istiqamətində dərhal addımlar atmağa çağırıb.

18.05.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzikirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Laçının işğal olunmasının 23-cü ildönümü ilə əlaqədar məsələyə münasibət bildirib və işğal zamanı həlak olan soydaşlarımızın xatirəsini sayqı duruşu ilə yad edib və uca Yaradandan onların ruhuna rəhmət diləyib. Eyni zamanda keçən müddət ərzində Dağlıq Qarabağ probleminin həllində ciddi dəyişiklilər əldə edilməməsindən narahat olduqlarını ifadə edən partiya yetkililəri hakimiyyəti problemin fundamental həlli istiqamətində beynəlxalq səylərini artırmağa çağırıb.

İdarə Heyəti vətəndaşların bank kreditləri ilə bağlı Konstitusiya Məhkəməsinin çıxardığı qərardan narazı olduğunu bildirib və bu qərarın Azərbaycan xalqının maraqlarını müdafiə etmədiyi, əksinə kredit ödəyicilərini ağır iqtisadi şərtlərlə üz-üzə qoyduğu diqqətə çatdırılıb və hakimiyyəti xalqın mənafeyinə zidd addımlar atmaqdan çəkinməyə çağırıb.

İdarə Heyəti Avropa Birliyinin (AB) mayın 21-22-də Latviyanın paytaxtı Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində ölkəmizin təmsilçiliyi ilə bağlı məsələyə münasibət bildirib və bu sammitdə ölkə rəhbərliyinin tutacağı mövqeyin ölkəmizin Avroatlantik məkana inteqrasiya olunmasında vəsilə olacağına və xalqımızın maraqlarına uyğun addım atacağına ümidvar olduğunu qeyd edib.

İdarə Heyəti ölkədə vətəndaş həmrəyliyinin gücləndirilməsi, bir sıra Avropa ölkələrinin keçirilməsi nəzərdə tutulan Avropa oyunlarını boykot etməklə təhdid etməsi faktlarını nəzərə alaraq ölkə başçısını 28 may Cümhuriyyət Günü münasibəti ilə geniş amnistiya fərmanı verməyə və siyasi məhbusları azad etməyə çağırıb.

İdarə Heyəti beynəlxalq bankdan küllü miqdarda götürülən kreditlərin geri qaytarılmaması, bu vəsaitlərin ayrı-ayrı məmur-oliqarxlar tərəfindən mənimsənilməsini dövlətin iqtisadi əsaslarının sarsıdılması, milli təhlükəsizliyinin pozulması faktı kimi dəyərləndirib və hakimiyyəti bu işdə günahı olan bank rəhbərləri də daxil olmaqla adları hallanan oliqarxların məsuliyyətə cəlb edilməsi üçün ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti Müsavat partiyası üzvlərinin siyasi məhbusların azadlğa buraxılması tələbləri ilə başlatdıqları aclıq aksiyasını müsbət dəyərləndirib və hakimiyyəti aclıq aksiyasına qoşulan insanların irəli sürdüyü tələblərin yerinə yetirilməsi, siyasi məhbusların azad edilməsi istiqamətində dərhal addımlar atmağa çağırıb.

İdarə Heyəti bir neçə gün əvvəl baş tutan iqtidar mənsubları ilə müxalif düşərgə arasında keçirilən dialoqa münasibət bildirib və vahid siyasi prosesin tərkib hissəsi olan dialoqun keçirilməsini, dialoqda müxalifət tərəfindən irəli sürülən tələblərin təmin edilməsini ölkədə qarşılıqlı etimadın formalaşması, ölkə daxili ziddiyyətlərin aradan qaldırılması və beynəlxalq təşkilatların ölkəmizə olan fikrinin müsbət istiqamətdə formalaşması üçün vəsilə olduğunu diqqətə çatdırıb və siyasi dialoqun demokratik cəmiyyətin əsas şərtlərindən biri olduğunu qeyd edib.

Printer »»»