Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

02.02.2015

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. 

Toplantı iştirakçıları ilk öncə erməni təxribatları nəticəsində cəbhə xəttində vəziyyətin gərginləşməsindən, bir tərəfli qaydada atəşkəs rejiminin pozulmasından narahat olduğunu bildirib və ordumuzun bu təxribatların vaxtında qarşısını almasını, düşmənin bütün hücumlarını dəf etməsini, düşmən ordusunun ağır itkilərə məruz qoymasını ordumuzun ayıq-sayıqlığı kimi dəyərləndirib.
Eyni zamanda cəbhə bölgəsində bu gərginliklərin yaranmasının arxasında Rusiya ilə Ukrayna arasında hərbi münaqişənişənin dərinləşməsi fonunda Rusiyanın münaqişə ocaqlarını genişləndirmək planlarının durduğunu diqqətə alan partiya yetkililəri hakimiyyəti Azərbaycanın hərbi-siyasi qüdrətinin artırılması istiqamətidə başlatdığı planları davam etdirməyə, beynəlxalq güclərin məsələnin sülh yolu ilə həllinə cəlb edilməsi üçün diplomatik səyləri gücləndirməyə çağırıb.


İdarə Heyəti Ukrayna və Rusiya arasında yaranan münaqişənin getdikcə müharibə müstəvisinə daxil olmasından, Rusiyanın israrla Ukrayna separatçılarını dəstəkləmək, onlara pozucu əməllərini davam etdirmək üçün hərbi və digər yardımlarını artırmaq planlarından, ABŞ və digər Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara baxmayaraq Ukraynanın ilhaq və işğal edilməsi istiqamətində təcavüzkarlıq hərəkətlərinin davam etməsindən ciddi narahat olduğunu bildirib və bu münaqişənin dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxarma ehtimalını nəzərə alaraq beynəlxalq ictimaiyyəti Putin Rusiyasının aqressiyasının qarşısını almaq üçün səylərini birləşdirməyə və adı çəkilən ölkəyə daha ağır sanksiyalar tətbiq etməyə çağırıb.

İdarə Heyəti Avropa Şurasında Rusiya ilə bağlı aparılan müzakirələrdə Azərbaycan nümayəndə heyətinin Rusiyanı müdafiə edən qərarla çıxış etməsini təqdirə layiq hesab etməyib və bu addımların sonradan Avropa dövlətlərinin Azərbaycana qarşı yönələ biləcək hərəkətlərə çevrilməsinə stimul yaradacığını diqqətə çatdırıb və hakimiyyəti beynəlxalq məsələlərə yanaşmada təcavüzkar Rusiyanın yanında deyil, Ukraynanın müstəqilliyi və suverenliyini təhlükə altına salan Rusiyanı durdurmaq istəyən demokratik Avropanın yanında olmağa səsləyib.

İdarə Heyəti dünya bazarında neftin qiymətinin aşağı düşməsi, qiymətlərin qalxması fonunda ölkədə yaranan ağır sosial-iqtisadi şəraiti, əhalinin iqtisadi güzəranının getdikə çətinləşməsi faktını, az təminatlı ailələrin vəziyyətinin daha da ağırlaşmasını diqqətə çəkərək hakimiyyəti sosial-iqtisadi yönümlü siyasət izləməyə, qeyri-neft sektorunu inkişaf etdirməyə, ölkədə işsiszliyin aradan qaldırılması üçün ciddi addımlar atmağa və aztəminatlı ailələrin hüquqlarının effektli müdafiəsini təmin etmək üçün dövlər proqramı hazırlamağa çağırıb.

Printer »»»