Qarabağ Bloku xalq təbrik etdi

30.12.2014

Azərbaycan Demokrat Partiyası və Ümid Partiyasının birləşdiyi Qarabağ siyasi blokunun İdarə Heyəti 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə xalqa müraciət edib. Müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Sizi bu əziz bayram - dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edirik.
Sayı əlli milyonu aşan Azərbaycanlıların yeganə dövləti olan Azərbaycan Respublikasının ikinci dəfə dövlət müstəqilliyinin elan olunmasından artıq 23 il ötür. Ötən 23 il ərzində dünyada yaşayan bütün azərbaycanlılar kimi, biz bir daha əmin olduq ki, müasir dünya ailəsində xalqımızın layiqli yerini tutması üçün müstəqil, demokratik və azad, o cümlədən harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın güvənə biləcəyi bir dövlətin varlığı əsas şərtdir. Bu gün biz bir millət olaraq fəxr etməliyik ki, müstəqil bir dövlətə sahibik. Eyni zamanda Azərbaycan Respublikasının demokratik və azad bir məkana çevrilməsi üçün mübarizəmizi daha əzmlə davam etdirməliyik.


Dövlətimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi və ölkənin bütün ərazisində suverenliyin tam bərqərar olunması isə təəssüf ki, hələ də başlıca problemimiz olaraq həll edilməmiş qalır. Bir millət kimi çoxlu sayda başqa problemlərimiz də var. Xüsusilə də ölkə içində onsuz da kövrək olan demokratiyanın son illərdə sürətlə geriləməsi, xarici siyasətdə demokratik dünyadan uzaqlaşma və ölkəmizin milli maraqlarına uyğun olmayan regional ittifaqlara meyillənmə siyasəti, habelə qanunların siyasi iradəyə tabe etdirilməsi və siyasi motivlərlə çox sayda insanın həbs edilməsi bizi siyasi təşkilat olaraq ciddi narahat etməkdədir.

Eyni zamanda İranda yaşayan çox milyonlu soydaşlarımızın milli və insan haqları problemləri bütün xalqımızı narahat edən əsas məsələlərdən biridir. Təbii ki, həmrəylik günü daha çox bu problemlərin aradan qaldırılması yolları və bu yolda bütün xalqımızın səfərbər olunması haqqında düşünməli, həm də yalnız 31 dekabrda deyil, qarşımızdakı hər gün ərzində milli həmrəyliyimizi qoruyub saxlamalı və inkişaf etdirməliyik.

Əziz soydaşlar!

Bir daha sizi dünya azərbaycanlılarının həmrəylik günü və yeni – 2015-cü ilin başlanması münasibəti ilə təbrik edir, hər birinizə xoşbəxtlik, millətimizə böyük nailiyyətlər arzu edir, sizi milli problemlərə biganə olmamağa, dövlətimizin möhkəmliyi və xalqımızın rifahı naminə daha ciddi əzm və iradə nümayiş etdirməyə çağırırıq.”

Printer »»»