ADP İdarə Heyəti növbəti toplantısını keçirib

03.11.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi hadisələr əsas müzakirə obyekti olub.
İdarə Heyəti ilk növbədə Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə diqqət çəkib və bu görüşün nəticələri barədə xalqımıza məlumat verilməməsindən, müzakirə olunan məsələlər ətrafında şəffaflığın təmin edilməməsindən narahat olduğunu bildirib və bu cür taleyüklü problemin detallarının xalqdan gizlədildiyini məqbul hesab etməyib.
Eyni zamanda, görüş ərəfəsində Qrabağ probleminin həllində “Şotlant variantı”nın tətbiq edilməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirən partiya rəsmiləri ölkənin unitar yapısının pozulmasına, müstəqillik və suverenlik prinsiplərinin əleyhinə yönələn bu cür təkliflərin Azərbaycan üçün keçərli olmadığını qeyd edib, ayrı-ayrı siyasi dairələr tərəfindən irəli sürülən bu və buna bənzər digər təkliflərin Qarabağın Azərbaycandan alınmasına, təcavüzkar Ermənistanın bədnam niyyətlərinin reallaşmasına xidmət etdiyini diqqətə çatdırıb və hakimiyyəti problemin həllində ərazi bütövlüyümüzü təmin edən səyləri gücləndirməyə çağırıb.

İdarə Heyəti Rusiyanın patronajlığı ilə Ukraynanın ayrılmaz tərkib hissəsi olan Donbas və Luqanskda separatçı rejim tərəfindən keçirilən qondarma seçkilərə münasibət bildirib və bu seçkilərin beynəlxalq hüquq normalarına, Ukraynanın konstitusiyasına uyğun olmadığını diqqətə çatdırıb.
Bu gün Ukraynada yaşanan hadisələrin bənzər variantının illər öncəsi Cənubi Qafqazda Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya kimi qondarma rejimlərin timsalında yaşandığına və beynəlxalq güclərin bu regionda Rusiyanın ilhaq siyasətinə seyirçi qalmasına diqqət çəkən partiya yetkililəri məhz həmin hadisələrə beynəlxalq güclərin adekvat reaksiya verməsinin nəticəsi olaraq Ukraynanın ərazi bütövlüyünün təhlükə altına düşdüyünü bildirib.
İdarə Heyəti beynəlxalq ictimaiyyəti Ukraynada yaşanan hadisələrə həssas yanaşmağı, Rusiyanın himayəsinə sığınan separatçı rejimin Ukraynanın ərazi bütövlüyü, suverenliyinə qarşı yönələn hərəkətlərinin qarşısını almağa, Rusiyanın bu ölkədə təcavüzkar planlarının qarşısının alınması üçün rəsmi bəyanatlardan əl ğötürüb, daha ciddi sanksiyalarla, Rusiyanı durduracaq əməli işə keçməyə çağırıb.
İdarə Heyəti ABŞ Xarici İşlər Naziri C.Kerrinin gələcəkdə Kürdüstan dövlətinin yaradılması barədə işarətlərinə münasibət bildirib və Yaxın və Orta Şərqdə sülhün, təhlükəsizliyin pozulmasına, bölgənin oturuşmuş siyasi coğrafiyasının dəyişdirilməsinə xidmət edən bu cür bəyanatların yolverilməz olduğunu diqqətə çatdırıb, eyni zamanda ərazilərinə qatıldığı bütün dövlətləri kürdlərin mədəni muxtariyyat hüququnu tanımağa, doğal haqlar içində onların təhlükəsiz yaşamasına şərait yaratmağa çağırıb.
İdarə Heyəti dünəndən etibarən başlanan güclü yağışların qısa bir zamanda ölkə həyatında ciddi problemlər yaratdığından, kommunikasiyanın bərbad hala düşməsindən, vətəndaşların yağış axıntılarının gətirdiyi problemlərlə üz-üzə qalmasından narahat olduğunu bildirib və respublikada, xüsusilə də paytaxt Bakıda bu problemlərin yaşanmasının qış mövsümünə ciddi hazırlığın olmaması, infrastruktrun qurulması üçün ayrılan vəsaitlərin ayrı-ayrı məmurlar tərəfindən mənimsənilməsi olduğunu diqqət çatdırıb və hakimiyyəti qış mövsümü ilə bağlı ciddi hazırlıq işləri görməyə çağırıb.
İdarə Heyəti son vaxtlar ölkəmizdə böyük insan itkiləri ilə müşahidə olunan avto qəzaların artmasından, ailə-məişət zəminində qətl və intihar hallarının çoxalmasından, oğurluq, xuliqanlıq, narkomaniya kimi bəlaların baş alıb getməsindənn ciddi narahat olduğunu bildirib və sosial gərginliklərə yol açan bu hadisələrin arxasında dövlətin dayağı olan ailə institunun deformasiyaya uğraması, korrupsiya və monopoliya siyasətinin nəticəsi olaraq işsizliyin artması, təhsilin, gənclərlə aparılan tərbiyəvi işin səviyyəsinin aşağı düşməsi faktının durduğunu bildirib və hakimiyyəti cəmiyyətin sağlamlaşdırılması istiqamətində ciddi islahatlar aparmağa çağırıb.

Printer »»»