Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

15.09.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə edilib. Toplantı iştirakçıları ilk növbədə Yunanıstan parlamentində qondarma erməni soyqırımını tanımayanlara qarşı həbs cəzasının tətbiq edilməsi ilə bağlı qərar qəbul edilməsi faktını qətiyyətlə pisləyib və bu faktın qardaş Türkiyə və Azərbaycan əleyhinə yönəlmiş hərəkət, həmçinin Yunanıstanla Azərbaycan arasında olan dostluq münasibətlərinə kölgə salan fakt kimi dəyərləndirib.
Partiya yetkililəri hakimiyyəti Türkiyə və Azərbaycan əleyhinə yönəlmiş bu qərara adekvat reaksiya verməyə, bu məsələdə Türkiyə ilə ortaq mövqedən çıxış etməyə və qəbul edilmiş qərar ləğv olunmadığı halda Yunanıstanla bağlı TANAP və digər iqtisadi layihələri dondurmağa çağırıb.

İdarə Heyəti Gürcüstanda soydaşlarımıza məxsus mədrəsənin qapısında donuz başının asılması faktının ortaya çıxmasından ciddi narahat olduğunu bildirib və bu hərəkətin arxasında Gürcüstanın Avroatlantik məkana inteqrasiasından, Gürcüstanla Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə inkişafınfından əndişə duyan erməni və ruspərəst qüvvələrin birgə təxribat fəaliyyətinin durduğunu diqqətə çatdırıb və xalqlarımızı bu cür təxribatlara uymamağa, Cənubi Qafqazın ən etibarlı dostluq nümunəsini davam etdirməyə çağırıb.
İdarə Heyəti Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə münasibət bildirib və bu təlimlərin iki qardaş ölkə arasında strateji müttəfiqliyə sadiqlik nümunəsi olmaqla bərabər digər tərəfdən Rusyanın Ermənistanla birlikdə keçirdiyi hərbi təlimlərə adekvat reaksiya olduğunu diqqətə çatdırıb. Həmçinin bu təlimlərin ordumuzun NATO standartlarına uyğunlaşdırılması, hərbi qüdrətinin artırılması baxımından vacibliyini diqqətə çəkən partiya rəsmiləri bu cür təlimlərin bütün türk dilli dövlətlər arasında keçirilməsinin əhəmiyyətini qeyd edib.

İdarə Heyəti tanınmış hüquq müdafiəçisi L.Yunusun həbsxana şəraitində həbsdə olan cinayətkar şəxslər tərəfindən döyülməsi, onunla beynəlxalq hüquq normalarına uyğun olmayan qaydalarla rəftar edilməsi faktından narahat olduğunu bildirib və iqtidarı L.Yunusa qarşı təxribatlara son qoymağa, onun həbsxana şəraitində saxlanılmasını beynəlxalq hüquq normalarına uyğun qaydada təmin etməyə, həmçinin “Qırmızı Xaç” cəmiyyətini L.Yunusla bağlı məsələni nəzarət altına almağa çağırıb.
İdarə Heyəti son günlər ölkəmizdə hər kəsin diqqətində olan dəfn və toy mərasimlərinin keçirilmə qaydaları ilə bağlı aparılan ictimai müzakirələrə münasibət bildirib və bu məsələnin sırf dini və mili adətlərimizlə bağlı olması səbəbindən məsaləyə yalnız sovet dönəminə məxsus inzibati müdaxilə yolu nüfuz edilməsinin yolverilməz olduğunu diqqətə çatdırıb və bu məsələdə xalqımızın adət və ənənələrinə hörmətlə yanaşılmasının, uzun müddətli maarifləndirmə metodundan istifadə edilməsinin tərəfdarı kimi çıxış edib və hakimiyyəti xalqın adət və ənənələrindən sui-istifadə edib onu gəlir mənbəyinə çevirən işbazlar barədə lazımı addımlar atmağa, xalqımızın milli kimliyinə qarşı yönələn hərəkətlərə son qoymağa çağırıb.

Printer »»»