ADP İdarə Heyəti ölkə gündəmini müzakirə etdi

11.08.2014

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən məsələlər ətrafında müzakirələr aparılıb. Toplantı iştirakçıları ilk növbədə qardaş Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirib. Seçkilərin qanun çərçivəsində və sakit şəkildə keçirilməsinə diqqət çəkən partiya yetkililəri Türkiyənin gələcək həyatında böyük rol oynayan bu seçkiləri təqdirə layiq hesab edib və seçkilərdən əldə olunan nəticənin xalqın xeyrinə olacağına, Yaxın və Orta Şərqdə Türkiyənin nüfuzunun möhkəmlənməsinə, regionda sülhün və təhlükəsizliyin qarantı rolunda çıxış etməsinə, qardaş ölkədə demokratik dəyərlərin qorunmasına xidmət edəcəyinə əminliyini ifadə edib.
İdarə Heyəti Rusiya prezidenti V.Putinin patronajlığı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçirilən görüşünə münasibət bildirib və bu görüşün daha çox Rusiyanın Cənubi Qafqazda öz ambisiyalarını həyata keçirmək, bölgədə öz nüfuz dairəsini genişləndirmək, Ermənistanı onun regiondakı forpostu olmaq statusunda saxlamaq, Aqzərbaycanı Avroatlantik məkana inteqrasiya olunma cəhdlərinin qarşısını almaq istəyindən irəli gəldiyini bildirib və Rusiyanın Dağıq Qarabağ probleminin sülh yolu ilə çözülməsində Minsk qrupu üzvlərindən kənar hegemonluğa can atmasını qətiyyətlə pisləyib.
İdarə Heyəti son vaxtlar bir sıra qeyri-hökumət təşkilatlarına qarşı basqıların artmasından, onların rəhbərlərinin izlənilməsi, ofislərində axtarışlar aparılması və rəhbərlərinin həbs edilməsindən ciddi narahat olduğunu diqqətə çatdırıb və bu təzyiqləri vətəndaş cəmiyyəti institutlarına, insan hüquq və azadlıqlarına qarşı repressiv addım kimi dəyərləndirib. 
İdarə Heyəti istər hakimiyyətin, istərsə də beynəlxalq təşkilatların vətəndaş cəmiyyəti institutlarının inkişafı ilə bağlı düşüncəsinin yanlış olduğunu bildirib və bu institutların inkişafının  yalnız siyasi institutlarla, mətbatla, həmkarlar ittifaqı ilə yanaşı mümkün olacağını qeyd edib. İdarə Heyəti demokratik quruluşun əsas sütunu sayılan vətəndaş cəmiyyəti institutlarının hazırki şəraitdə qorunmasına, digər siyasi institutlarla bərabər inkişaf etdirilməsinə mühüm ehtiyac duyulduğunu qeyd edib və ölkə başçısını  siyasi mötivlərə həbs edilən bir sıra QHT rəhbərlərini - L.Yunus, R.Cəfərov, H.Hüseynov, M.Əliyev, E.Hüseynov eləcədə gənc bloqçu Müsavat Partiyasının üzvü F.Kərimlini azadlığa buraxmaq üçün addımlar atmağa və ölkəmizin beynəlxalq imicinə zərbə vuran bu cür hərəkətlərə son qoymağa çağırıb. 
Qeyd edilib ki, vətəndaş cəmiyyəti institutlarına qarşı başladılan repressiya və həbslər əslində ölkəmizin Avroatlantik məkana inteqrasiyasına qarşı sədd olmaqla bərabər, avtoritar Rusiyanın Azərbaycanda həyata keçirmək istədiyi siyasətə dolayı yolla xidmətdən başqa bir şey deyil və cəmiyyətimizin demokratik inkişafını əngəlləyən faktor rolunu oynayır.
Sonda cari məsələlərlə bağlı bir sıra qərarlar qəbul edilib.

Printer »»»