“Qeorqiyev lenti” Azərbaycanda Rusiya səfirliyi bu lentin paylanması kapaniyasın başladıb

02.05.2014

Son vaxtlar rus imperiyasının bərpası istiqamətində Rusiya siyasi dairələrinin hərbi, siyasi, diplomatik və təbliğati səyləri güclənib. Xüsusən keçmiş SSRİ respublikaları ərazisində rus imperiyasının bərpasına yardım edəcək qüvvələrin formalaşdırılması və ictimai rəyin hazırlanması prosesi gedir. Valideynləri keçmiş SSRİ-də yaşamış insanlara asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığının verilməsi, eləcə də çar Rusiyasında imperiyanın mənafeləri uğrunda xarici qüvvələrlə mübarizədə xüsusi xidməti olan aşağı çinli döyüşçülər üçün təsis edilmiş, SSRİ dönəmində qüvvədən salınmış və 2005-ci ildə Moskvada millətçi qüvvələr tərəfindən “ikinci dünya müharibəsi veteranlarına qayğı” adı altında yenidən gündəmə gətirilmiş “Qeorqiyev lenti”nin paylanması kampaniyası həyata keçirilir.
“Qeorqiyev lenti” artıq bu gün Rusiyanın şovinist, “velikorus” və neofaşist  gənclər təşkilatının, bir sıra siyasi partiyaların, ictimai xadimlərin, o cümlədən Ukraynada Avropaya inteqrasiyanı müdafiə edən meydan hərəkatının əleyhdarı olan “anti meydan” hərəkatının nümayəndələrinin, Avropaya inteqrasiya tərəfdarlarına divan tutan “Berkut”un və Şərqi Ukrayna seperatistlərinin simvolikası kimi istifadə olunur.
Son günlər Azərbaycanda Rusiya səfirliyi və Rusiya diasporunun fəal iştirakı ilə bu lentin paylanması kapaniyası başlanıb. “İrəli” gənclər təşkilatı 9 mayda “Qeorqiyev lenti”nin Azərbaycanda paylanması ilə bağlı kampaniyanı öz üzərinə götürməyi bəyan edib.
ADP Azərbaycan üçün xarici təhlükə risklərinin artdığı vəziyyətdə bu lentin paylanmasını Rusiyanın hakim dairələrinin işğalçı siyasətinə dəstək, Azərbaycanın suverenliyi və müstəqilliyinə hörmətsizlik kimi dəyərləndirir, hüquq mühafizə orqanlarını dövlətlətçiliklə bir araya sığmayan və milli maraqlarımıza zidd olan bu kampaniyanın qarşısını almağa və bu kampaniyanı təşkil edənlər barədə qanuni ölçü götürməyə çağırır.

“Qarabağ” blokunun həmtəsisçilərindən biri ADP sədri Sərdar Cəlaloğlu təmsil etdiyi blok adından bəyanatla çıxış edib. Bəyanatda deyilir:
Son vaxtlar keçmiş SSRİ məkanlında baş verən hadisələr Azərbaycan üçün xarici təhlükə riskinin artmasına səbəb olub. Belə bir şəraitdə Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunmasında maraqlı olan qüvvələrin milli həmrəyliyinin təmin olunması vacibdir. Bu istiqamətdə ayrı-ayrı şəxslər və təşkilatlar tərəfindən müxtəlif  təşəbbüslər irəli sürülüb. Qarabağ bloku bu cür təşəbbüsləri dəstəkləyir, belə təşəbbüslərdə aktiv iştirak edəcəyini və təşkilatçılıq missiyasını öz üzətrinə götürməyə hazır olduğunu bildirir.

Printer »»»