Sərdar bəyin Milli Şura ilə bağlı məlum açıqlaması həqiqəti əks etdirir

05.04.2014

“Bu partiyanın hakimiyyətə jest etmək və reverans verməkdə zəngin təcrübəsi var" ADP sədri Sərdar Cəlaloğlunun Milli Şuranı fəaliyyətsiz qurum kimi dəyərləndirməsi AXCP sədrinin müavini Fuad Qəhrəmanlı tərəfindən ciddi tənqidə məruz qalıb. AXCP yetkilisi S.Cəlaloğlunun məlum açıqlamasını hakimiyyətə jest kimi dəyərləndirib. Bununla bağlı açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev hakimiyyətə yarınmaq məsələsində AXCP-nin hər kəsə örnək olduğunu bildirib: “Sərdar bəyin Milli Şura ilə bağlı məlum açıqlaması həqiqəti əks etdirir. Bu qurum ötən il yarananda belə Milli Şura anlamını özündə tam ehtiva etdirmirdi, o ki, qaldı indi. Hər bir qurum gərək mahiyyətinə uyğun olaraq özünə ad seçə.
Populizm naminə böyük adlar seçmək, həmin adların cəmiyyətdə gözdən salınmasına xidmət edir, necə ki, biz bunu 2013-cü il prezident seçkiləri ərəfəsində yaranan Milli Şuranın timsalında gördük. Bu necə Milli Şura idi ki, cəmiyyətin bütün milli qüvvələrini özündə birləşdirə bilmədi, birləşən qüvvələrin də qrup və şəxsi maraqları milli maraqlardan önə çıxdı, bir-birlərini yarı yolda tərk etdilər. Bir-birlərinə olmazın tənqid, təhqir, böhtan, şantaj və s. dedilər. Orda təmsil olunan partiya və qrupların əksəriyyəti dağılışıb getdilər, indi də bir partiyanın patronajlığı altında olan quruma Milli Şura deyirlər. Belə bir quruma Milli Şura demək qeyri-ciddi, məntiqsiz və Milli Şura adını hörmətdən salmaqdır. O ki qaldı Fuad bəyin Sərdar bəyin Milli Şura ilə bağlı açıqlamasını hakimiyyətə jest, xoş görünmək və reverans vermək kimi dəyərləndirməsinə, bunu da təbii qarşılayıram. Hesab edirəm ki, Fuad bəy, özünün və təmsil etdiyi partiyanın hakimiyyətə jest, xoş görünmək və reverans verməkdə zəngin təcrübəsi olduğundan belə münasibət sərgiləməlidir. Belə bir deyim də var, hər kəs hər hansı bir məsələyə öz əxlaqına uyğun olaraq yanaşar...”
Printer »»»